Uşaqlardan bezmişik, yoxsa bilmədən edirik?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda avtomobildə gedərkən çoxlarının azyaşlı uşaqların daşınması qaydalarını bilərəkdən və ya bilməyərəkdən pozduğunun şahidi oluruq. Bu məsələdə istər sürücülər, istərsə də valideynlər az qala kütləvi səhlənkarlıq nümayiş etdirirlər. Amma çoxları anlamır ki, bununla körpələrin həyatını təhlükə altına atmış olurlar.

Məsələ ilə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında deyib ki, "Yol hərəkəti haqqında" Qanunun 56-cı (Adamların daşınması) maddəsində göstərilir ki, 12 yaşadək kiçik uşaqlar yalnız xüsusi oturacaqlar olduqda avtomobilin ön oturacağında otura bilərlər. Həmin maddədə deyilir: "12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır".

Şöbə rəisinin sözlərinə görə, körpə uşaqları avtomobildə mütləq el arasında beşik deyilən xüsusi oturacaqlarda daşımaq lazımdır: "Onlar çox zaman qəza vaxtı uşaqları qoruyurlar. Amma çox təəəssüf ki, Azərbaycanda bu cür beşiklərdən nadir hallarda istifadə olunur. Ona görə də körpə uşaqların olduğu avtomobillər qəzaya uğrayanda həmin körpələrin həyatını xilas etmək mümkün olmur. İstər sərbəst, istərsə də böyüklərin qucağında olsun, 12 yaşadək uşaqların avtomobillərin qabaq oturacğında daşınması, təhlükəlidir. Amma bu barədə nə qədər deyilsə də, xeyri yoxdur ki, yoxdur. Sürücülər, valideynlər tərəfindən yenə də eyni qayda pozuntularına yol verilir. Hadisələr olduqdan sonra isə artıq peşmançılıq fayda vermir..."

Xəbərə görə, yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Milli.Az-a bildirib ki, 12 yaşadək uşaqlarla bağlı sərnişindaşıma qaydalarının pozulması faktı varsa, yəni 12 yaşadək uşaqlar ön oturacaqda xüsusi oturacaqlara otuzdurulmursa, İnzibati Xətalar Məcəlləsinin 151.2-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinə əsasən, həmin sürücülər 60 manat miqdarında və 3 cərimə balı ilə cəzalanırlar. Amma buna baxmayaraq, bu qaydalar yenə də az qala kütləvi şəkildə pozulur: "Çox zaman şahidi oluruq ki, kimsə qabaqda oturub, uşağı da qucağında otuzdurub. Bu, yolverilməz haldır. Xüsusi oturacaqların bir neçə növü var. Onlar elə bir qurğudur ki, təhlükəsizlik kəməri ilə avtomobilin oturacağına bərkidilə bilir, uşaq da onun içində oturanda təhlükəsizliyi daha çox qorunur, onun fiziki xəsarət almaq ehtimalı minimuma enir".

12 yaşadək uşaqların arxa oturacaqlarda daşınması məsələsinə gəlincə, A.Allahverənov qeyd edib ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya qadağa yoxdur. Amma ekspertin fikrincə, bunun özü də normal hal deyil: "Təcrübədə belə bir qayda var ki, arxada oturan şəxs uşağı qucağında otuzdurmalıdır. Belə olan halda həmin şəxsin özü təhlükəsizlik kəmərini mütləq bağlamalıdır. Amma Azərbaycan reallığında 12 yaşınadək uşaqlar arxa oturacaqlarda çox vaxt özbaşına otururlar. Təbii ki, bunlar yolverilməzdir. Sürücülər belə məsələlərə maksimum diqqətlə yanaşmalıdırlar. Tövsiyə olunur ki, 12 yaşadək uşaqlar da xüsusi oturacaqlara yerləşdirilsin. Bununla bağlı qadağanın olmaması, məncə, normal hal deyil. Əgər 12 yaşadək uşaq avtomobildə təhlükəsizlik kəmərini bağlaya bilmirsə, onda onun daşınması xüsusi qurğular vasitəsilə həyata keçirilsə, daha məqsədəuyğun olar və uşaqların həyatı da daha effektiv şəkildə qorunar".