Gənclərə XOŞ XƏBƏR:

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda gənc ailələrə sosial yönümlü evlərin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin yeni yaradılan Gənclər və idman komitəsinə sədr seçilmiş Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, çoxdan bəri hazırlanan qanun layihəsinin bundan sonra qəbul olunmaq üçün parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur: "Bizim hələ çoxdan bəri hazırladığımız və bu barədə təkliflərlə çıxış etdiyimiz bir qanun layihəmiz var. Layihə gənc ailələrə sosial yönümlü evlərin verilməsi ilə bağlıdır. Bununla bağlı qanun layihəsi məndə uzun müddətdir ki, artıq hazırdır. İndi biz bu layihənin həyata keçməsinin mümkünlüyü məsələsini müzakirə etməliyik. Çünki onun həyata keçməsi üçün büdcədən vəsaitin ayrılması məsələsi var".

F.Muradov bildirib ki, əgər layihə qəbul edilsə, gənclərin, demək olar ki, artıq mənzil problemi olmayacaq: "Biz orada, əsasən, Skandinaviya modelinə daha çox üstünlük vermişik. Yəni dövlət tərəfindən gənc ailəyə ev verilir. Ailəyə müəyyən müddət verilir ki, gənc işlə təmin olunsun, sonra həmin gənc illər ərzində işləyərək evin pulunu dövlətə hər ay cüzi miqdarda olmaqla qaytarır. Bununla iki məsələ həll olunur: həm gənc stimullaşır ki, özünə iş tapsın. Eyni zamanda gənc ailə qurmaq üçün dövlət tərəfindən təminat alır. Yəni o, artıq əvvəlcədən bilir ki, dövlət onun mənzil problemini həll edəcək".

Lakin komitə sədri qanun layihəsinin Milli Məclisdə konkret nə vaxt müzakirəyə çıxarılacağı barədə məlumat vermək istəməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.