Azərbaycanın ən gözəl buruqsaçlıları

Day.Az представляет новость на азербайджанском языке

"Problemləri savaşmadan, əslində sülh yolu ilə həll etmək lazımdır. Sıxıntıların ən gözəl həlli sülh zamanı olur".

Bildiyimiz kimi, son günlər həm ölkəmizdə, həm də dünyada çətin anlar yaşanır. Dünya hər dəfə müxtəlif ölkələrdə məsum insanların ölümünə ağlamaq məcburiyyətində qalır. Hadisələrə münasibətlər vərqli olsa da dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər kəsin istədiyi tək bir şey var: sülh.

"Qafqazinfo" xəbər verir ki, fotoqraf Məhəmməd Ağa bir çox aktual məsələrlə bağlı layihələr hazırlayıb. Onun sözlərinə görə, bu kimi hallarda insanlar əlindən gələni etməyə çalışmalıdır: "Mənim əlimdən gələn foto və video layihələr hazırlayıb cəmiyyətə problemi çatdırmaqdır. Müxtəlif problemli mövzularla bağlı işləmişəm, qadın zorakılığı, heyvanların qorunması və s. Son iki layihəm "CURLIES" və "PEACE" sırf insanların bir-birlərinə olan sevgini, hörməti artırmaq üçün nəzərdə tutulub".

Məhəmməd həyatı sevən və ətrafındakı insanları da müsbət düşünməyə vadar edən gənclərdəndir. Fotoqraf "CURLIES" layihəsinə də elə bu səbəbdən başladığını, ancaq şəklini çəkdiyi insanlarla söhbətləşdiyi zaman onların kənar fikirlərə görə cəmiyyətdə özlərini sıxmaq məcburiyyətində qaldıqlarının şahidi olduğunu deyib: "Qıvrım, buruqsaçı çox sevirəm və uzun müddətdir ki, çəkmək istəyirdim. Nəhayət bu il yayda layihəmə başladım və əksəriyyəti gənclər olmaqla 150 buruqsaç insan layihəmdə iştirak edib. İstəyirdim ki, uşaq, qoca, məşhur fərq etmədən hamını çəkim. Çəkmək üçün müraciət etdiyim yaşlılar utandığı və mentalitet məsələsinə görə razılıq vermədi. Məşhurlardan da ağlımda olan adlar Elza Seyidcahan və Röya Ayxan idi. Röyanı eşitdim ki, artıq qıvrımsaç deyil, Elza da nəsə yadımdan çıxıb. Yəqin başı siyasətə qarışdığı üçün unutmuşam, indi sizlə danışanda yadıma düşdü. Ancaq Dilara Kazımova, Turanə Hüseynli, Seyran Babayev kimi məşhurların layihəmdə iştirakı çox xoş oldu.

Əvvəldə də dediyim kimi layihəni sevdiyim üçün başladım, ancaq çəkiliş zamanı söhbətləşdiyim insanlar cəmiyyət içərisində utandıqlarını, ətrafdakı insanların saçlarına görə onlara qeyri-adekvat münasibətindən kompleksləri olduğunu, hətta bir neçəsinin artıq saçına nifrət etdiyini gördüm. Bu layihəmin sosial gücünü artırdı və mən layihəmlə onların düşündüklərindən qat-qat gözəl olduqlarını vurğulamağa çalışmışam".

Fotoqrafın sözlərinə görə, əslində ön planda olan buruqsaç layihəsi idi, ancaq son hadisələrdən sonra insanlarda yaşanan fikir ayrılıqları və bunun aqressiv nəticələri, ölkələrdə məsum insanların qanının tökülməsi onu sülh layihəsini işləməyə sövq edib: "İnformasiya əsri olduğu üçün bu mübarizələr həm real həm də onlayn həyatda özünü göstərir. İnsanlar bir-birllərinin fikrinə hörmət etmədiyi üçün əlavə münaqişələr yaranır. Hadisələrə fikir bildirmək çox gözəldir, ancaq bu müzakirə şəklində olsa daha gözəl olar, nəinki münaqişə, təhqir və təhdid. Bu rolikdə buruqsaçlıları seçmək məqsədyönlü olmayıb, sadəcə əvvəlki layihədə iştirak edən bir neçə nəfərdən xahiş etdim, kamera qarşısında öz fikirlərini dedilər. Bu beynəlxalq bir layihədir və ümid edirəm ki, bu yolla fikirlərimizi cəmiyyətə çatdıra bilərik".

İstedadlı fotoqraf Məhəmməd Ağa layihələri öz hesabına etdiyini deyir. "Sənətimi sevdiyim üçün heç bir maddi marağım olmadan layihələrimi öz hesabıma edirəm. Ancaq çox istəyərdim ki, "CURLIES" layihəmdəki fotolardan bir sərgi açaq, buna isə dəstək lazımdır. Hazırda sponsor axtarırıq". 

Son olaraq fotoqrafın layihəsindən seçdiyimiz buruqsaçlıları sizə təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.