Zaqatalada dəhşət: pula görə gəncin hər iki əlini kəsdilər

Day.Az представляет новость на азербайджанском языке.

30.11.2015

08:15

Noyabrın 28-də Zaqatalada törədilən cinayətin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Vüsal Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Vüsal Bəşirovun üzərində təcili əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya edilib.
Cinayət 1350 manat borca görə baş verib. Zərərçəkən Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 30 yaşlı Araz Abdullayevə pul borclu olub. Həmin şəxs B.Vüsalın ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayaraq Tala çayın üzərindən keçən asma körpünün altında qollarını kəsib. Cinayəti törədən A.Araz sonradan polisə gedərək təslim olub.

Zərərçəkmişin atası Vahid Bəşirovun dediyinə görə oğlunun borcu olub. Oğlu Bakıdan qayıdan vaxt onu qarşılamağa gedib. Borclu olduğu şəxslər isə Vüsalı söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan zəng gəlib, danışan şəxs onun əllərini kəsdiyini və xəstəxanaya aparıldığını deyib.

Polis şöbəsindən isə istintaq getdiyinə görə, hadisənin təfərrüatları barəsində məlumat verilməyib.
Zərərçəkənin yaxınlarının bildirdiklərinə görə, cinayəti törədənlər İslamın qeyri-ənənəvi təriqətinin nümayəndələri olublar.

Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

---------
18:19

Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib. 

anspress bildirir ki, noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsib.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun anspress-ə verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib. 

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sonra Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa, indi xəstəxanaya aparılır, gedib orada görə bilərsən. 

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır. 

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsindən anspress-ə bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb. Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir. 

---------
07:44

Zaqatalada 26 yaşlı gəncin müəmmalı şəkildə qolları kəsilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, noyabrın 28-i saat 23:45 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti bina 39-da yaşayan 1989-cu il təvəllüdlü Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən əllərinin tamamilə kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Hazırda 26 yaşlı Vüsal Bəşirov əməliyyata qaldırılıb. Onun qollarının uclarında əməliyyat aparılır.

Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

----------
16:05