Nardaran hadisələri terrorçuların Azərbaycanda sabitliyi pozmaq cəhdidir

Day.Az представляет статью на азербайджанском языке.

Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Xalqın iradəsi ilə Konstitusiyamızda təsbit olunmuş bu prinsiplər respublikamızın demokratik və sivil dünyanın tərkib hissəsi kimi inkişafının və dünyaya inteqrasiyasının əsas şərtlərindən biridir. Bundan irəli gələrək ölkəmizdə hər bir məsələ məhz qanunçuluq prinsiplərinə əsaslanır. Cəmiyyətdəki bütün münasibətlər və davranışlar qanunlar əsasında tənzimlənir.

Hüquqi, demokratik və dünyəvi inkişaf yolu seçən Azərbaycan xalqı həm də tarixin ənginliklərindən süzülüb gələn bir mənəvi xəzinəyə malikdir. Bu xəzinədə öz yeri olan islami dəyərlər tarixin müxtəlif mərhələlərində cəmiyyətimizin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün müsbət mənəvi keyfiyyətlər formalaşdırmışdır. Düzdür, biz islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özümüzə məxsus adət-ənənələrə malik olmuşuq. İslam dini isə öz milli dəyərlərimizlə uzlaşaraq xalqımızın milli-mənəvi cəhətlərini təşkil edib.

Təəssüflə qeyd etməliyik ki, müasir dövrdə İslam dininə sitayiş edənlər arasında sürətli parçalanma baş verməkdədir. Məzhəb ayrı-seçkiliyi bu gün də islamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. İslam orta əsrlərdə, həqiqətən, sivilizasiyanın inkişafına böyük töhfələr verib. Elə xalqımızın da bir çox görkəmli mütəfəkkirləri islam mədəniyyətini və fəlsəfəsini öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Lakin bu gün dünyada məzhəblər, cərəyanlar arasındakı çəkişmələrin, dartışmaların nəticəsidir ki, islam dini bəşəriyyətin inkişafına əvvəlki tək dəyərli töhfələr verə bilmir.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı islamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlamışdır. Birmənalı şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Qeyd etdiyimiz kimi, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda müqəddəs dinimiz xalqımızı sıx birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə, yüksəlməsinə çalışır. Bu cür sağlam dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Dövlət-din münasibətlərində Heydər Əliyev yolu prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyevin dini bayramlar münasibətilə xalqımızı təbrik etməsi, dini mərasimlərdə iştirakı, məscidlərin bərpa olunmasına vəsait ayrılması dövlətimizin mənəvi dəyərlərimizin saflığının qorunmasına qayğısının təcəssümüdür.

Xaricdən idarə olunan terrorçular Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq istəyirlər
 
Amma təəssüflə qeyd etməliyik ki, bəzən din amilindən istifadə olunmaqla Azərbaycan vətəndaşlarının maraqları, arzuları və dünyagörüşü ilə bağlı olmayan fəaliyyətə rəvac verənlər də tapılır. Noyabrın 26-da Nardaranda baş verənlər bunu təsdiq edir. Daxili işlər orqanları müəyyən etmişlər ki, bir qrup cinayətkar şəxs dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı qondarma hərəkat yaratmışlar.

Həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.

Bakının Nardaran kəndində baş verən bu hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdi idi. Bu kənddə bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalmışlar. Cinayətkar dəstəyə rəhbərlik edən Taleh Bağırov və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırmış, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələmiş, onlara qarşı ölüm çağırışları etmişlər. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlamış, sadə insanları yoldan çıxarmış, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışmışdır. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək olmuşdur. Lakin Azərbaycan polisinin sayıqlığı və peşəkarlığı ilə terrorçu dəstənin bütün riyakar planlarının qarşısı qətiyyətlə alınmışdır.
 
Bakının bir neçə kilometrliyində "orta əsr anklavı"
 
Qeyd etdiyimiz kimi, Azərbaycanda milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yüksək dövlət qayğısı var. Digər tərəfdən, Azərbaycan inkişaf edən, sivil dünyaya açıq, bütün dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı tolerant ölkədir. Lakin Nardaran müasir Azərbaycanda, milli-mənəvi və mütərəqqi ümumbəşəri dəyərlərin vəhdətini təşkil edən, dünya mədəni irsinin ayrılmaz parçasına çevrilən Bakının bir neçə kilometrliyində yerləşmiş "orta əsr anklavı" təəssüratı bağışlayır. Bu kənd hüquqi dövlət anlayışını, tolerantlığın, konfessiyalar, dinlər, xalqlar və mədəniyyətlərarası harmoniyanın, multikultural dəyərlərin hökm sürdüyü Azərbaycanın sivil ictimai birgəyaşayış normalarını tamamilə inkar edir. Ona görə Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma almışdır. Küçələri İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunur. Onlar Nardaranı dövlət içində dövlət hesab edir, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırlar. Bu orta əsr "anklavı" özünü Azərbaycandan daha çox dini-teokratik cəmiyyətlərə aid edir ki, bu da tam şəkildə Azərbaycan reallığına uyğun gəlmir.

Digər tərəfdən, Nardaran gerilik, eybəcər dini sektantlıq rəmzinə çevrilərək müasirliyi, elmi-texniki tərəqqi əsrini də inkar edir. Sual olunur: inkişafı, elmi-texniki tərəqqini, müasirliyi inkar edənlərlə necə birgə yaşamaq olar? Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirənlər, ancaq Dağlıq Qarabağ kimi ümummilli problemi yada belə salmayanlar Azərbaycan cəmiyyətinə nə verə bilərlər, onlarla bir yerdə necə yaşamaq olar?!
 
Beyni doldurulmuş insanlar terrorçuların əlində silahdır
 
Bir məsələni də xüsusilə vurğulamalıyıq ki, bu gün Nardaranda oturuşmuş terrorçular, radikal ekstremistlər "Tarix naminə ölüm" şüarını irəli sürür, kənd əhalisinin təfəkkürünü orta əsrlərin sxolastik dəyərləri, insanların həyatını xaricdən gələn və milli ideyamızı inkar edən yad ideologiya üzərində kökləməyə çalışırlar. Xarici dini mərkəzlərdən qidalanan bu miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırlar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır. Onlar təhsilin, maarifçiliyin, müasirliyin zəif olduğu yerlərdə öz niyyətlərini reallaşdırmağa çalışırlar. Buna görə də Nardaranda qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Buna görə də Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb. Beyni ifrat dini doqmalarla doldurulmuş, narkotik maddələrin təsiri altına salınmış insanlar terrorçuların və onların havadarlarının əlində ən yaxşı silahdır. Təsadüfi deyil ki, orta əsrlərdə Həsən Səbbah adlı şiə lideri öz müridlərinə narkotik verdikdən sonra onlara cənnət vəd edir və ölümə göndərirmiş. 
Məhz orta əsr sxolastikasının hökm sürdüyü Nardaran kimi yerlərdə xarici dini mərkəzlərin ideoloji təsiri özünü açıq büruzə verir, fanatik dini cərəyanlar güclənir, onlara qoşulanların sayı artır. Məhz Nardaran kimi orta əsr "anklavlarında" Hacı Mövsüm Səmədov, Taleh Bağırov kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlaya bilirlər. Təsadüfi deyil ki, Azərbaycanda İslam partiyasının sosial bazası yalnız Nardarandan ibarətdir, bu partiyanın rəhbərləri və funksionerləri həmin kəndin sakinləridir. Terrorçular beyni dumanlanmış insanlar arasında öz təbliğatını Yezidlə İmam Hüseynin vuruşması tarixi epizodu üzərində qurur, qulluq etdikləri dairələri İmam Hüseyn, hakimiyyəti isə Yezid kimi qələmə verirlər. İdarə etdikləri internet saytlarında, sosial şəbəkələrdə də təbliğatın başlıca tezisini məhz bu mövhumat təşkil edir. Bu ünsürlər onların sırasına qoşulmayan, fikirlərini bölüşməyən və cəmiyyətin siyasi həyatında iştirak etməyən dindarları isə münafiqlər (dönüklər) kimi qələmə verirlər.
 
Nardaranı terror yuvasına döndərənlər barədə sərt ölçü götürülməlidir
 
Əgər Nardaranda baş verən hadisələr, hansısa terrorçu sektanın qiyamı, hüquq-mühafizə orqanları əməkdaşlarının güllələnməsi Fransada və ya ABŞ-da baş versəydi, bu ölkələrin hakimiyyətləri hansı tədbirlər görərdi? Fransızlar "Şarli Ebdo" satirik jurnalının redaksiyasına olan hücumun, yaxud noyabrın ortalarında 129 nəfərin ölümünə səbəb olan terror aktının icraçıları və təşkilatçılarını məhv etdilər. ABŞ-da terrorçulara münasibət bəllidir, hətta Ferqyusonda dinc aksiyaçılarla qəddar davranış Vaşinqtonun hakimiyyətə qarşı çağırışlara və hərəkətlərə barışmaz olduğunu təsdiq edir. Şiələrin etirazları zamanı Bəhreynə, şiələrin hakimiyyətə gəldiyi Yəmənə qarşı Səudiyyə Ərəbistanının müdaxiləsi belə hallara qarşı necə davranıldığını açıq göstərir.

Bəs Nardaranda polisləri güllələyən, vəzifəli şəxsləri, vətəndaşları ölümlə hədələyən terrorçulara qarşı Azərbaycan hüquq-mühafizə orqanları necə davranmalıdır? İŞİD bayrağına oxşayan şüarların küçələri bəzədiyi, geyimi və davranışı orta əsr dövrünü xatırladan insanların yaşadığı, terrorçuların at oynatdığı, dövlətdən kommunal xidmət görüb pulunu verməyən, dövlət orqanlarının həyata keçirdiyi tədbirləri sabotaj edən bir kəndə qarşı necə davranmaq lazımdır? Dövlət nəyə görə onu tanımaq istəməyən, ümumi normalara uyğun yaşamayan, bütün ictimai birgəyaşayış qaydalarını inkar edən və terrora qucaq açan bu "anklava" qarşı tədbir görməməlidir? Terrorçularla danışıq masası arxasına oturmaq olarmı?

Nardaran müalicəsinə ciddi ehtiyac duyulan bir xəstəlik mənbəyidir və lazım gələrsə, ən radikal metodlardan istifadə etməklə bu problemin ən qısa zamanda həllinə nail olmağın zamanıdır. Bu, ictimai sifarişdir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, bu kənd azğınlaşmış dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas olunmalıdır. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, kənddə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidirlər.

"Azərbaycan" qəzeti

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.