Avtobuslar üçün məhdudiyyətin götürülməsi təklif edilir

Day.Az представляет новость на азербайджанском языке.

Təhlükəsizlik tədbirləri ilə bağlı yollarda məhdudiyyət tətbiq edilən zaman avtobusların hərəkətinə icazə verilməsi təklif edilir.

Milli.Az-a müraciət edən oxucular Bakıda müxtəlif tədbirlər zamanı yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularkən bunun sərnişin avtobuslarına da şamil edilməsinə etirazını ifadə ediblər. Onların sözlərinə görə, belə hallarda avtobuslar marşrutdan kənara çıxmaq məcburiyyətində qalırlar. Nəticədə həm sərnişinlər mənzil başına çata bilmir, həm də belə hallarda bütün avtobuslar eyni yolla hərəkət etməli olur ki, bu da nəqliyyatın sıxlığı və tıxacın yaranmasına gətirib çıxarır. Bəzən belə hallarda sürücülər öz marşrutuna qoşulmaq üçün avtobusları dar, ara küçələrlə sürürlər ki, bu zaman həmin küçələrlə hərəkət edə bilməyən minik avtomobillərinin böyük tıxacı yaranır. Nəticədə bir yolda tətbiq olunan məhdudiyyət paytaxtın ümumi nəqliyyat sistemini az qala iflic edir.

Bununla bağlı Milli.Az-a münasibətini bildirən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Yol hərəkəti haqqında" Qanun imkan verir ki, müyyən ölkə miqyaslı xüsusi tədbirlər həyata keçiriləndə, eləcə də yüksək səviyyəli qonaqların qarşılanma mərasimləri və s. hallar olanda ayrı-ayrı küçə və prospektlərdə məhdudiyyət tətbiq olunsun. Bu məhdudiyyət də iki cür tətbiq oluna bilər: "Birincisi odur ki, tam məhdudiyyət qoyula bilər, yəni yollar 1-2 saatlıq tam bağlana bilər. İkincisi, məhdudiyyət nəqliyyat növlərinə görə ola bilər. Məsələn, deyilə bilər ki, bu yollara yük avtomobillərinin girişi qadağandır, amma digər nəqliyyat növlərinin, o cümlədən ictimai nəqliyatın hərəkətinə icazə verilir. Amma Azərbaycan təcrübəsində bunu etmirlər. Məhdudiyyət ucdantutma hamıya tətbiq olunur".

Ə.Hüseynovun sözlərinə görə, məhdudiyyətin hamıya tətbiq olunmasının bir səbəbi də budur ki, bəzi sürücülərin buna yanaşması doğru olmur: "Əgər ictimai nəqliyyata icazə versələr, digərləri deyəcək ki, niyə avtobusu buraxdız, bizi buraxmadız? Ona görə də məhdudiyyət tətbiq olunanda yolu hamı üçün bağlayırlar. Amma müəyyən tədbirlərlə, maarifləndirmə işi aparmaqla avtobuslara icazə verilməsinə etiraz edən sürücüləri də qısa müddətə başa salmaq, onları da bu qaydaya öyrətmək olar. O zaman cəmiyyətdə ümumi bir rəy yaranacaq ki, belə hallarda ictimai nəqliyyata məhdudiyyət qoyulmaya bilər. Lakin eyni zamanda, elə məqamlar da ola bilər ki, məhdudiyyətin qoyulduğu yollarda ictimai nəqliyyatın da hərəkətinə icazə verilməsin".

Ekspertin fikrincə, əsas məsələ odur ki, belə hallarda təhlükəsizlik, zərurətin dərəcəsi, məhdudiyyətin müddəti, alternativ yollarda hərəkətin normal təşkili ilə bağlı optimallıq olsun: "Əvvəla, təhlükəsizlik tədbirlərinin özünün zəruriliyi, gələn rəsmi qonaqların mötəbərliyi nəzərə alınmalıdır. Yəni, düşünmək lazımdır ki, həmin vaxt doğrudanmı yollar bağlanmalıdır? Əgər qanunvericilik buna imkan verirsə, bu, o demək deyil ki, elə şəhərə kimsə ikinci dərəcəli şəxs gəlirsə, buna görə yollar tam bağlanmalıdır.

Digər tərəfdən, məhdudlaşdırma minimum müddətə olmalıdır. Yəni zərurət varsa, yollarda məhdudiyyət 10, 20, 30 dəqiqəlik olmalıdır, daha saatlarla yox.

Bundan əlavə, məhdudlaşdırma tətbiq olunanda, alternativ yollar hansılardırsa, orada hərəkət ideal formada təşkil olunmalıdır ki, süni nəqliyyat sıxlığı və tıxac yaranmasın, eyni zamanda mənzil başına çatmaq üçün avtobus gözləyən heç kim də yollarda qalmasın. Əgər sadalanan bu amillər nəzərə alınsa, yollarda məhdudlaşdırma insanlara problem yaratmaz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.