Məşhur diktor: "Oranın rəhbərliyi hətta lent yazılarımı da məhv edib"

Day.Az представляет интервью на азербайджанском языке.

Bu, məsuliyyət yükü çox qəribə olan peşədir - səni "mavi" ekran arxasındakı olduqca geniş auditoriyanın varlığına nümayiş etdirən kameradan çəkinməməli, sıxılmamalısan, amma bu, o demək deyil ki, etik-estetik normaları unutmalısan - davranışın, səsin, danışıq tərzin, nitqin, intellektin nümunəvi olmalıdır, lakin bu, o anlama gəlmir ki, şablon, trafaret çərçivəsinə girib cansız marionetkaya çevrilməlisən, ünsiyyətə açıq, dinləməyi bacaran, hətta səmimi insan təsəvvürü yaratmalısan, ancaq bu təsəvvür heç bir vəchlə "məhəllə adamı" təsəvvürünə gedib-çıxmamalıdır. Bax onda olursan əsl efir adamı. Bəxtimiz gətirib ki, bizdə də belə efir adamları olub və var. Bu iki hal isə "olacaq" halını əlçatmaz edə bilməz. Əlbəttə, bütün dəyərlər kimi teledəyərlər də dəyişib - efir adamı olmağı ağına-bozuna baxmadan danışmaqdan çəkinməməkdə görənlər ordusu peyda olub. Və nə yaxşı ki, əsl efir adamlarımız ustad keyfiyyətindən də xali deyillər. Sadəcə bu keyfiyyətdən bəhrələnməyin vacibliyini anlamaq gərəkir.

Həmsöhbətimiz hər kəsin tanıdığı və sevdiyi diktor, aparıcı, İctimai Yayım Şurasının eksperti, xalq artisti, əsl efir adamı Sabir Ələsgərovdur. Ad və soyadın səslənməsi, yaxud həmin ad və soyadı daşıyan şəxsin görünməsi ilə dolğun mənzərə yaranırsa, əlavə tanıtım-təqdimat təyinlərinə heç bir ehtiyac olmadığı tam yəqindir.

Sabir Ələsgərovdan efir adamı dərsləri

- Sabir müəllim, televiziya sizin üçün nədir?

- Televiziya televiziya işçiləri üçün həyatdır, ailədir. Adam o qədər adət edir ki, özünü oradan ayrı təsəvvür edə bilmir. Mən ikinci dəfə həyata gəlsəydim, yenə də televiziyanı seçərdim. Çünki bu sahə məni özünə çox cəlb eləyib. Həyatımda çox önəmli yer tutub.

- Televiziyada çalışmaq, efir adamı olmaq nə deməkdir?

- Televiziyada çalışmaq böyük peşəkarlıq tələb edir. İndi bu sahədə elə adamlar peyda olublar ki, mən onları telekanalın həndəvərinə belə buraxmazdım. Əvvəla, aparıcının səsi mütləq mikrofona "düşməlidir". Bu olmasa, həmin aparıcının səsi tamaşaçını yoracaq. İkincisi, aparıcının danışıq tərzi qaydasında olmalıdır, nitqində qüsur olmamalıdır, bütün sözləri aydın tələffüz eləməlidir. Üçüncü, sözlərdəki vurğuların düzgünlüyünə riayət etməlidir. Bir də görürsən, məsələn, "iyun" sözündə vurğunu "i" hərfinə vururlar, ya da Azərbaycan dilinin düzgün tələffüz qaydalarına əməl etmirlər, məsələn, "konfrans", "komitə" sözlərindəki "o" hərflərini "a" şəklində tələffüz edirlər, unudurlar ki, bizim dildə "o"nun "a"ya keçməsi qaydası yoxdur. "Və" bağlayıcısını heç vaxt cümlənin birinci hissəsinə aid etmək olmaz, onda cümlə qırılır. Bundan başqa, teleefirə çıxan adam intellektli, məlumatlı, hər bir sahəyə bələd olmalıdır, aparıcısı olduğu verilişin mövzusunu isə beş barmağı kimi bilməlidir ki, verilişin qonaqları, müsahiblər aparıcının məlumatsızlığı ilə üzləşməsinlər.

Televiziya işçisi hərtərəfli inkişaf etmiş insan olmalıdır. Bu sahədəki bacarıq həm içindən gəlməlidir, həm də hər gün öyrənməlidir. Aparıcı televiziyanın "güzgüsüdür". Əvvəllər yalnız diktor anlayışı var idi, aparıcı qismində isə efirə alimlər, digər mütəxəssislər çıxırdılar. Biz diktorlar o vaxt 5-6 nəfər idik, həm xəbərləri aparırdıq, həm proqramı oxuyurduq. AzTV əsl məktəb idi. Orada püxtələşənlərin əksəriyyəti indi başqa kanallarda çalışırlar. Biz ikinci nəsil sayılırdıq. Bizdən əvvəl bu sahədə və televiziya meydana gələndən əvvəl radioda çalışan Aydın Qaradağlıdan, Ramiz Mustafayevdən, Sabutay Quliyevdən, Fatma Cabbarovadan, Züleyxa Hacıyevadan çox şey öyrəndik. Sonra özümüzdən sonra gələn nəslə ötürdük. Mən özüm 5 il ANS-də cavan aparıcılarla məşğul oldum. Yelena Sidorenko, Xose Bernardo kimi əcnəbi ola-ola Azərbaycan dilində gözəl nitqlə danışan aparıcılar həmin dövrdə yetişdilər. Onların azərbaycanca səlis danışığını görmək çox xoş idi.

- Teleməkanın yeni dövrünü necə qəbul etdiniz? İndiki televiziya ilə, belə demək mümkünsə, münasibətləriniz necədir?

- Televiziya kanallarının sayının artması aparıcı anlayışını yaratdı. Hətta aktrisa və müğənnilər də aparıcılıq edirlər. Televiziyada mətbəx verilişlərinin çoxluğu heç xoşuma gəlmir - televiziyada yemək bişirərlər? Televiziyaya yaraşmayan bu cür cəhətlərin çoxalması, rus demişkən, "ottalkivayuşşi" təsir bağışlayır, kanalı dəyişməyə vadar edir. Amma əlbəttə, yaxşı, bacarıqlı, hərtərəfli inkişaf etmiş, efirdə özünü ağır aparan aparıcılar da var. Aparıcı verilişin "ağasıdır". Onun müğənninin fonunda, ya da onunla birgə ortaya düşüb oynaması düzgün deyil. Bu, yüngüllük təsiri bağışlayır. Yaxud da "Xəbərlər" proqramının aparıcısı unutmamalıdır ki, bu proqramın adında cəm şəkilçisi var və deməli, proqram bir xəbərdən yox, bir neçə xəbərdən ibarətdir. Bu isə o deməkdir ki, hər xəbərin özünəxas çatdırılma intonasiyası olmalıdır, müxtəlif xarakterli xəbərləri eyni tonda, eyni mimika ilə oxumaq olmaz. Ən çox bəyənmədiyim cəhətlərdən biri də budur. Ona görə də xəbərləri axıra qədər dinləmək olmur.

"Telekuryozlar"

- Bizim kollektiv çox yaxşı, şirin kollektiv idi. Hamımız elə bil bir ailənin üzvləri idik. Yaxşı günümüzü də bölüşürdük, pis günümüzü də. Yadıma gəlmir ki, kimsə kiminsə qeybətini eləsin, ayağının altını qazsın, özünü üzdə bir cür, arxada başqa cür aparsın. Mən bir müddət baş diktor vəzifəsində çalışdığıma görə müşahidələrim daha dəqiqdir. Gec-gec olsa da, mehriban ünsiyyətimiz indi də davam edir, görüşəndə doğma adamlar kimi görüşürük. Hərdən zəngləşirik.

"Mavi işıq" tipli və digər verilişləri çox vaxt Rafiq Hüseynovla Ofelya Sənani və Roza Tağıyeva ilə mən aparırdıq. Bir dəfə Roza xanımla Məşədi Əzizbəyov haqqında veriliş hazırlayırdıq. Rejissoru da Barat xanım Şəkinskayanın qızı Solmaz Həmzəyeva idi. Hələ məşq prosesi idi. Mətni rəhmətlik Davud Əhmədov oxuyurdu. Mətndə belə bir ifadə var idi: "O, bir Səməndər quşu idi". Bu cümlə elə tonda səsləndi ki, mənimlə Roza Tağıyevanı gülmək tutdu. Hətta Səməndər Rzayev yadıma düşdüyü üçün mən dedim ki, yox bir, Hamlet Xanızadə idi. Bunu eşidəndə Solmaz xanım yuxarıdan dedi ki, hə, axşam da efirdə belə gülsəniz, necə olar, bilmirəm... Bu nədir, nəyə gülürsünüz?... Doğrudan da elə oldu - axşam birbaşa efirdə həmin məqamda bizi yenə gülmək tutdu. Çox pis, efirə, verilişə uyğun gəlməyən vəziyyət yarandı. Sonra Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova telestudiyaya zəng edib məni çağırtdırdı, dedi ki, "veriliş efirə gedən vaxt "İzvestiya" qəzetinin müxbiri mənim yanımda idi, verilişin efirə o şəkildə getməyi çox pis reaksiya doğurdu, sədrinizlə danışmaq istəyirəm". Dedim, narahat olmayın, sədr artıq məni cəzalandırıb, dedi, hə, lap yaxşı...

Davudun dünyasını dəyişməyi çox qəfil, gözlənilməz oldu bizimçün. Səhhətində heç bir problem yox idi. Davud çox yaxşı dost, yoldaş, sənətkar, bacarıqlı diktor, aparıcı olmaqdan başqa, şairliyi də var idi, aktyorluğu da.

Bir dəfə də Şərqiyyə Hüseynova ilə xəbərləri oxuyanda işıqlar artdı, işıqlar artanda lampalar başladı partlayıb üstümüzə tökülməyə... Şərqiyyə xanım bərkdən səsləndi ki, söndürün işıqları... Bir dəfə də Roza Tağıyeva ilə bir veriliş aparırdıq, veriliş yenicə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüş şəxslərə həsr olunmuşdu və onlardan 4-5 nəfəri studiyaya dəvət edilmişdi. Yadımdadır ki, biri erməni idi, biri də Sumqayıt alüminium zavodunun işçisi idi. Elə ondan başladıq söhbətə. Bu danışıb qurtardı, o birilərinin növbəsi çatdı. O danışıb qurtaranda ehtiyatsızlıq edib dedi ki, necə danışdım, Roza xanım? Xəbəri yox idi ki, onun bu sözünü tamaşaçılar da eşitdilər. Mən də ona işarə ilə başa salmağa çalışdım ki, danışmasın və artıq hərəkətlər etməsin. O isə hələ üstəlik məndən də soruşdu ki, necə oldu, Sabir müəllim, yaxşı danışdımmı? Dedim, çox yaxşı danışdınız, indi də sözü digər qonaqlarımıza verək. Həmin adam hələ də şəraitə uyğunlaşmadan götürüb deyəsən ki, onda mən gedə bilərəmmi? Dedim, yox, verilişimiz hələ başa çatmayıb. O vaxt adamlar televiziya, kütləvi yayım anlayışını hələ qavrama mərhələsində idilər, eyforiya hissi üstün gəlirdi, televiziyaya çəkilişə gələnlər dost-tanışa, qohum-əqrəbaya xəbər edirdilər ki, filan saatda televizora baxsınlar. Bu vərdişsizlik müəyyən mənada əsəbilik, çaşqınlıq yaradırdı.

Müsabiqənin qalibi işə niyə qəbul edilməyib?

- Neçə yaşında beyninizə yerləşdi ki, efir adamı olasınız?

- Mənim heç ağlıma da gəlmirdi ki, efir adamı olum. Təsadüfən belə oldu. İxtisasım rus dili və ədəbiyyatı müəllimidir. O vaxt isə rus dili müəllimlərinə böyük tələbat var idi, hətta rus dilini bilən başqa fənn müəllimlərini də rus dili müəllimliyinə təyin edirdilər. Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə təhsilini başa vuranlara isə rayonların birində təcrübə keçməyincə diplom vermirdilər. Məni də elə öz rayonumuza, Qazağa, kənd məktəbində rus dili müəllimi vəzifəsinə göndərmişdilər. Çox əziyyət çəkirdim, çünki rayondan on kilometr aralıda yerləşən o kəndə hər gün piyada gedib-qayıdırdım. Nə isə, tələb olunan müddəti işləyib-qurtardım, institut rəhbərliyinə arayış gətirdim. Dayım AzTV-də işləyirdi. Familiyalarımız eyni olduğuna görə hamı elə bilirdi ki, biz qardaşıq. 62-ci ilin yanvarında Bakıya gələndə ona dedim ki, mənə burada bir iş tap, mən daha o yolu gedib-gələ bilmərəm. Getdik kadrlar şöbəsinə, kadrlar şöbəsinin müdiri dedi ki, lap yerinə düşüb, elə indi diktor müsabiqəsi keçirilir. Müsabiqəyə 30-dan çox adam qatılmışdı, mən onların arasında qalib seçildim - səsimin yerində olması, tələsmədən, çaşmadan, savadlı, səlis danışığım müsiflər heyətinin tələblərinə cavab verirdi. Telestudiyanın sədri o vaxt Teymur Əliyev idi, Teymur Elçin. Məni yanına çağırdı, uğurlar arzuladı... Sənədimə imza qoymaq istəyəndə axırıncı iş yerimin kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi olduğunu görüb əl saxladı, dedi ki, yox, biz səni işə götürə bilmərik, Mərkəzi Komitənin qərarına görə, rus dili müəllimlərini başqa işə qəbul etmək olmaz, mən partbiletimi sənə görə qurban verə bilmərəm. Tanınmış jurnalist Hacı Hacıyev o vaxt radioda xəbərlər redaksiyasının rəhbəri idi. O, dayıma dedi ki, qoy bizdə ştatdankənar işləsin. Bir müddət bu cür işlədim. 66-cı ildə daha bir müsabiqə oldu, orada da qalib oldum, bu dəfə nəhayət məni radio diktoru kimi işə qəbul etdilər.

Heydər Əliyevin bəyəndiyi diktorun lent yazıları niyə məhv edilib?

- Radiodan televiziyaya keçməyiniz öz təşəbbüsünüzlə baş verib?

- 72-ci ildə sədrin qərarı ilə televiziyaya keçməyim haqqında əmr verildi. Açığı, mən televiziyaya keçmək istəmirdim. Düşünürdüm ki, görünüşüm televiziya diktorluğuna uyğun deyil. Hətta əmrimi verəndən sonra da 12 gün televiziyaya getmədim, radioda çalışmaqda davam etdim. Bir gün Aydın Qaradağlı dedi ki, sədr hirslənib ki, 12 gün əvvəl əmrinin verilməyinə baxmayaraq, hələ də radiodasan, bu saat televiziyaya getməlisən. Nə isə, getdim televiziyaya, gələn kimi də məni baş diktor təyin elədilər. İlk teleefirimdən xəbərləri oxuyan diktor kimi fəaliyyətə başladım. Bir gün də rəhbərlik bildirdi ki, mərhum prezidentimiz Heydər Əliyev telestudiyaya zəng edib razılığını, məmnunluğunu bildirib, rəhbərliyə deyib ki, "nəhayət xəbərlərin təqdimatı üçün ən uyğun diktor seçimi etmisiniz, bu dəfə xəbərləri oxuyan diktorun səsi, avazı çox xoşuma gəldi". Bundan sonra bütün rəsmi xəbərləri, Heydər Əliyevin fəaliyyəti ilə bağlı məlumatların hamısını ancaq mən oxuyurdum. Beləliklə, 2006-cı ilə qədər televiziyada işlədim. Həmin il AzTV-yə yeni sədr təyin edildi, bütün təqaüdçüləri ştatdan çıxardı, amma dedi ki, bura sizin evinizdir, gəlin, gedin, verilişlər hazırlayıb qonorar alın. Səkkiz ay evdə oturdum. Heç bir verilişə dəvət edən olmadı. İşdən çıxan günü üstəlik həyat yoldaşım da rəhmət getdi. Çox stress keçirdim... Bir gün rəhmətlik Mailə Muradxanlı zəng elədi, dedi ki, Vahid Mustafayev səni axtarır, sabah imkan olsa, ANS-ə get. Fikirləşdim ki, yəqin, hansısa filmin mətnini oxumağı tapşıracaq. Gəldim ANS-ə, Vahid Mustafayev dedi ki, istəyirəm, cavanlarla məşğul olasan. Beş il orada işlədim. Amma AzTV-nin rəhbərliyi bunu biləndə məndən əməlli-başlı incidi. İndiyə qədər bu inciklik davam edir, mən də o vaxtdan AzTV-yə getmirəm. Oranın rəhbərliyi mənimlə düşmənçilik aparır, hətta lent yazılarımı da məhv edib, mənim səsimi pozdurub yenidən başqasına oxutdurub yazdırıb. Bircə Nəsibə Zeynalova haqqında olan filmdəki səsimi saxlayıblar.
ANS kanalı haqqımda veriliş hazırlayanda 50 il çalışdığım AzTV-nin interyerində dolğun çəkilişlər aparmağa da imkan yaratmadı, çəkiliş elə dəhlizlərdə, bir də keçmiş iş otağımda aparıldı, studiyaların heç birinə buraxmadılar, dedilər, guya təmirdədir. Hətta Mirşahin zəng edib çəkiliş üçün gələcəyimiz barədə xəbərdar edib icazə alanda deyibmişlər ki, onun nə işi var burada? Bunu sonradan bildim, əvvəldən bilsəydim, heç getməzdim.

Baba ilə nənənin oğlu

- Dayınız AzTV-də nə vəzifəsində işləyirdi?

- Xarici xəbərlər şöbəsinin müdiri idi. Rəhmətə gedib.

- Adı nə idi?

- Yaqub Ələsgərov.

- Soyadlarınızın eyni olmağı təsadüfdür, yoxsa ailə tarixçəsidir?

- Mən anamı altı aylığımda itirmişəm. Atam ikinci dəfə evlənəndən sonra ana nənəmgil mənimlə məndən üç yaş böyük bacımı övladlığa götürdülər. Bacım müharibə vaxtı, 42-ci ildə malyariyadan öldü. Atamgili Tiflisdən Qazaxıstana sürgün elədilər. Altı il orada qaldılar. Elə o vaxt babamgil məni öz familiyalarına keçirdilər ki, "xalq düşməni" damğası ilə sürgün olunmuş adamın oğlu kimi problemim yaranmasın. "Metrikamı" da bir gürcü yazıb: Ələsgərov Sabir Qara oğlu. Babamın adı Qara idi.

- Bəs atanızın adı nədir?

- Məmməd. Attestat alanda atamın adını yazdırmışdım. Amma familiyam Ələsgərov qaldı. Atamın familiyası Səmədzadə idi. 55-ci ildə onlar sürgündən qayıdanda mən artıq birinci kursda idim. Getdim, atamla görüşdüm, familiyamın "Ələsgərov" olduğunu da elə onda bildi, dedi ki, təhlükəsizliyin baxımından babangil düz eləyiblər. İndiyə qədər də rayonda hamı elə bilir ki, mən babamla nənəmin nəvəsi yox, oğluyam. Dayımı da qardaşım bilirlər.

Əgər soruşsanız, dövlətim, varım, bir Mehribanım var, bir də İlqarım

- Övladlarınız balaca olanda sizin məşhurluğunuzu necə qəbul edirdilər? Məktəbdən dərsdən qayıdanda, həyətdən oynamaqdan gələndə başqa uşaqların reaksiyasından nə danışırdılar?

- Çox sözlər danışırdılar. Qızım Mehriban elə uşaqlıqdan çox təvazökardır. Balaca vaxtı onunla gəzməyə çıxanda yolda hamının məni tanıyıb salamlaşmağından sıxılırdı, deyirdi ki, bu nədir, ay papa, hamı səni tanıyır, mən səninlə gəzməyə çıxmağa utanıram. Oğlum İlqar isə əksinə, bundan çox qürrələnirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.