Gəncədə məktəbli qız döyüldü

Day.Az представляет новость на азербайджанском языке

---------
18:52

Bu gün səhər saatlarında Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən orta məktəblərin birində qanlı olay baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə zamanı məktəbin şagirdlərindən biri xəsarət alıb. Müəllimlər şagirdin iki nəfər naməlum şəxs tərəfindən döyüldüyünü desələr də, məktəbin direktoru bununla razılaşmır.

Gəncədə Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Fidan Məmmədova dərs vaxtı təhsil aldığı məktəbdə naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı məktəbin daxili qapılarından birinin şüşəsi sınıb. Fidan Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər məktəblinin vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Telman Feyzullayev - həkim: "Məmmədova Fidan Abbas qızı məktəbdə naməlum şəxslər tərəfindən döyülüb. Xəstəyə başın yumşaq toxamalarının əzniyi diaqnozu qoyulub. Hal-hazırda müalicəsi davam etdirilir. Həyati təhlükəsi yoxdur".

Hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi məlum deyil. Müəllimlər Fidan Məmmədovanın iki nəfər naməlum şəxs tərəfindən döyüldüyünü iddia edirlər.

Müəllim: "İki nəfər gəlib ayaqyoluna girib. Sonra uşaqlardan biri oraya gedəndə vurub qaçıblar".

Ancaq Kəlbəcər rayon 9 saylı tam orta məktəbin direktoru Məmməd Məmmədov şagirdin iki nəfər şəxs tərəfindən döyülməsi iddiası ilə razılaşmır. Direktor yalnız hadisədən sonra məktəbin daxili qapılarından birinin şüşə pəncərəsinin sındığından şagirdin xəsarət aldığını deyir.

Məmməd Məmmədov - Kəlbəcər rayon 9 saylı tam orta məktəbin direktoru: "Şagird müəllimindən icazə alıb ki, ayaqyoluna gedirəm. Müəllimə də ona icazə verib. Bundan 3 dəqiqə sonra ayna qırılıb. Yaxınlıqdakı sinifdən şagirdlər çıxıblar, görüblər ki, qız yıxılıb. Bir qədər sonra şagird ayılandan sonra deyib ki, məni vurdular".

Hər halda baş vermiş hadisəyə hüquqi qiymət Kəlbəcər Rayon Polis Şöbəsində aparılan araşdırmadan sonra veriləcək.

----------
15:16

Gəncə şəhərində 14 yaşlı məktəbli döyülüb.

APA-nın məlumatına görə, hadisə şəhərin yaxınlığında salınan Kəlbəcər Yeni yaşayış massivində qeydə alınıb.

Kəlbəcər rayon 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Fidan Məmmədovakəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Anasının dediyinə görə, qızı bir neçə nəfər naməlum şəxs tərəfindən məktəbin qarşısında dəmir parçası ilə döyülüb. Məktəblinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.