"Evlənmirəm, əl çəkin!?"

Day.Az представляет новость на азербайджанском языке

Ölkədə evlənənlərin sayının azalması tendensiya halını alarsa və uzun müddətli, davamlı prosesə çevrilərsə, onda bunun ölkədə demoqrafiyaya, əhalinin sayına və artımına mənfi təsiri ola bilər. Ona görə də bu sahə Azərbaycan hökumətinin ciddi nəzarətindədir.

Bunu Milli.Az-a Azərbaycanda son bir ildə evlənənlərin sayının azalmasının mümkün nəticələrini şərh edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86852, 2014-cü ildə 84912 və bu ilin 9 ayı ərzində 51069 nikah bağlanıb. Ona görə də hələlik ölkədə bağlanan nikahların sayının kəskin azaldığını söyləmək olmaz. Lakin bununla yanaşı, əgər evlənənlərin sayının azalması mütəmadi hal alarsa, bu çox ciddi mənfi nəticələrə gətirib çıxara bilər:

"Hazırda Azərbaycanda demoqrafik vəziyyət pis deyil. Əhali artımı kifayət qədər var. Bu isə onu göstərir ki, qurulan nikahların və doğulan uşaqların sayı kifayət qədərdir. Hələlik bu sahədə Azərbaycanda problem yoxdur. Amma əgər tendensiya halını alarsa və uzun müddətli, davamlı prosesə çevrilərsə, onda bunun ölkədə demoqrafiyaya, əhalinin sayına və artımına mənfi təsiri ola bilər. Lakin indi də hələ deyə bilmərik ki, heç bir problem yoxdur və bunun qarşısını almaq üçün heç nə etməsək də olar. Bu sahə Azərbaycan hökumətinin ciddi nəzarətindədir. Ümumiyyətlə, Azərbaycanda demoqrafik inkişafın nəzərə alınması, demoqrafiya institutunun inkişafı, eyni zamanda demoqrafik balansın qorunması baxımından "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində bir neçə vacib sənədlərin qəbulu nəzərdə tutulur ki, bu, "Azərbaycan ailəsi Strategiyası"dır. Həmin strategiyanın içində demoqrafiya ilə bağlı çox vacib məsələ, əhalinin nəsilvermə əmsalı, doğum prosesi, əhalinin artımı, ailələrin sayının çoxalması, ailə institutunun möhkəmləndirilməsi məsələləri əksini tapacaq. Amma hələlik indiki vəziyyət demoqrafik baxımdan o qədər problemli deyil. Amma bu davamlı olarsa, bu problemlə rastlaşa bilərik. Bunun qarşısını almaq üçün həm dövlət başçısı, həm hökumət, eləcə də bizim Komitə tərəfindən önləyici tədbirlər görülür".

Dövlət Komitəsinin baş məsləhətçisinin fikrincə, ailə quranların sayının azalmasına təsir edən səbəblərdən biri mənfi ailə təcrübəsi faktlarının gənclərin gözünü qorxutmasıdır: "KİV-lərdə məişət zorakılığı, ailələrin acı taleyi ilə bağlı neqativ yüklü materaillara rast gəlirik.  Bu, ilk növbədə ailədə tərbiyə, insanın əxlaqı, tərbiyəsi, mənəviyyatı ilə bağlı məsələlərdir ki, bunda çox diqqətli olmalıyıq. Xüsusilə də ailədə böyüyən oğlan və qız uşaqlarına xüsusi həssaslıqla yanaşılmalıdır. Uşaqlar arasında ayrı-seçkilik edilməməlidir. Valideynlər uşağı qız və ya oğlan olduğuna görə üstün tutmamalı, hər birinə eyni qayğı və diqqəti göstərməlidirlər. Onlar başa düşməlidirlər ki, istər oğlan olsun, istərsə də qız olsun, cinsindən asılı olmayaraq ailənin övladlarıdır. Onların da üzərinə düşən vəzifələr var. Əgər ailədə ayrı-seçkilik olmursa, belə ailələrdə böyüyən uşaqlar da böyüyəndə öz ailələrinə qarşı həssaslıq və məsuliyyətlə yanaşırlar. Əks halda isə həmin uşaqların ailələri də xoşagəlməz hallarla qarşılaşırlar".

A.Veysəlova hesab edir ki, problemin qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işi aparılmalıdır: "Bu iş bizim Komitənin də üzərinə düşür. Komitə təkcə böyük layihələri ilə deyil, "Sağlam ailə sağlam cəmiyyətin təməlidir", "Yaşlı nəslin təcrübəsindən faydalanaq", "Gücümüz birliyimizdədir", "Sağlam həyat naminə", "Erkən nikahlara yox deyək!" və s. kimi layihələr də həyata keçirir. Məqsəd gözəl, nümunəvi ailə modellərini gənclərə, yeni ailə quranlara təqdim və təbliğ etməkdir. Qoy onlar bilsinlər ki, ailə qurulan zaman və daha sonra nələrə diqqət edilməlidir. Əlbəttə ki, heç kim istəməz ki, qurulan ailələr dağılsın və ya uğursuz sonlansın. Çünki dağılan ailələrdə ən çox əziyyət çəkən qadınlar və uşaqlar olur".

Qeyd edək ki, Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən (VVAQ) Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin 9 ayı ilə müqayisədə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 18 faiz azalıb. Belə ki, 2014-cü ilin ilk 9 ayı ərzində 62509 nikah bağlanmışdısa, 2015-ci ilin müvafiq dövründə cəmi 51069 nikah aktı qeydə alınıb.

İlkin İzzət
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.