"Məndə də vəziyyət pis idi, kasıblıq idi, getmişəm, eləmişəm"

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayon polisi Xırdalan şəhərində yerləşən mebel salonundan mebel oğurlamaqda şübhəli bilinən iki nəfəri yaxalayıb.

Xırdalan şəhərində yerləşən ticarət mərkəzlərindən birində mebel satışı ilə məşğul olan Qəlbinur Səfərov Abşeron Rayon Polis Şöbəsinə müraciət edərək, mağazasından 8 min manat dəyərində mebel oğurlanması barədə məlumat verib. Aparılan araşdırma zamanı cinayəti törədən şəxslər saxlanılıblar.

Saxlanılan Rəşad Məmmədov eyni əmələ görə Rusiya Federasiyasında da məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, onu ikinci dəfə bu əmələ tanışı Tural sövq edib.

"İşdən çıxmışdım, pulsuz qalmışdım. Tural mənə zəng edib dedi ki, bir divan var, gəl kömək elə, bunu bibimgilə aparaq. Bunu aparandan sonra mən bildim ki, bu divan oğurluqdur. Aparmışıq divanı, bibisigilə qoymuşuq. Mənə oradan 30 manat çatıb. İkinci dəfə Tural mənə zəng etdi ki, yenə divan var, gəl bunları aparaq. Oğurluq olduğunu da dedi. Məndə də vəziyyət pis idi, kasıblıq idi, getmişəm, eləmişəm".

Tural Ağarzayevi əməliyyatçılar Qazax rayonunda yaxalayıblar. Gürcüstana qaçmaqla məsuliyyətdən boyun qaçırmaq istəyən Tural dindirilərkən mebel dükanından oğurluq etməsini etiraf edib. Tural Ağarzayev oğurluq malların satışından əldə etdiyi 5 min manatı Rəşadla birgə xərclədiyini desə də Rəşad bununla razılaşmır.

Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Region TV

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Mebel oğrusu: