İlk dəfə olaraq 3D IMAX formatında film izləyən uşaqların sevinc dolu təəssüratı

"PAŞA Həyat"ın əməkdaşları "Cəngəlliklər Kitabı" filmini qayğıya ehtiyacı olan uşaqlarla birlikdə izləyib...

"PAŞA Həyat" qayğı missiyasına uyğun olaraq, son günlərdə bütün uşaqların ən sevimli filmi olan "Cəngəlliklər kitabı" adlı filmə valideyn himayəsindən məhrum olan uşaqları dəvət edərək onlarla birlikdə izləyib.

Şirkətdən verilən məlumata görə, bu program çərçivəsində valideyn himayəsindən məhrum olan 60 uşaq ilk dəfə IMAX formatında film izləyib və bu da uşaqların xüsusi marağına səbəb olub.

"Ümumiyyətlə, bizim missiyasımız insanlara qayğı göstərməkdir. Əlbəttə ki, qayğıya ən çox ehtiyacı olan bu körpələrimizlə birlikdə bu filmi izləmək, onların inkişafına kömək edə bilmək, onların asudə vaxtlarının daha xoş keçməsinə şərait yaratmaq, onlarla az da olsa birgə pozitiv vaxt keçirmək bu missiyanın bir parçası hesab olunur. Biz, "PAŞA Həyat" olaraq, gələcəkdə də daim uşaq evlərini ziyarət edəcəyik, onlardan diqqət və qayğımızı əsigəməyəcəyik", - deyə şirkətin mətbuat katibi Elnur Hüseynquluyev bildirib.

E.Hüseynquluyevin sözlərinə görə, "PAŞA Həyat" şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün müxtəlif xeyriyyə tədbirlərinin təşkili və dəstəyi işlərini davam etdirəcək.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.