Gəncəyə 14 medal getdi Day.Az представляет новость на азербайджанском языке.

Bakıda sambo üzrə yeniyetmə, gənc və kişilər arasında keçirilən ölkə kubokunda Gəncə yığma komandası uğurla çıxış edib. Təmsilçilərimiz Nizami yurduna müxtəlif əyarlı medallarla dönüblər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, baş məşqçi Ceyhun Bayramovun rəhbərliyi altında 2 günlük yarışa 35 gəncəli idmançı qatılıb. Samboçular ölkə kubokunu 14 medalla başa vurub ki, onlardan 8-i yeniyetmə, 2-si gənclərin, 4-ü isə kişilərin payına düşüb. Ümumilikdə əldə olunan mükafatlardan 6-sı qızıl, 1-i gümüş, 3-ü isə bürünc olub.

Yeniyetmələrin birinciliyində fəxri kürsünün ən yüksək pilləsində 60 kq çəki dərəcəsində İlkin Babazadə, 70 kq-da Ramin Məsməliyev, 81-də Röyal Zeynalov, 87-də Dərya Quliyev və 87+ kq-da Etibar Zeynalov qərarlaşıb. Muraz Əkbərovla, Murad Hacıyev yalnız həlledici görüşdə büdrəyərək gümüş medalla kifayətlənib.

74 kq çəkidə çıxış edən Bayram Əliyev gənclərin mübarizəsində baş mükafata layiq görülüb. Bu yaş qrupunda Səbuhi Bağırov yarımfinalda məğlub olaraq yarışı 3-cü yerdə başa vurub.

Kişilərin yarışında Nizami yurdunun təmsilçiləri qızıl medal əldə edə bilməyiblər. 62 kq çəki dərəcəsində Fərid Mikayılov və 74 kq-da Əli Bayramovun qazancı gümüş medal olub. Daha ağır çəkilərdə döşək üzərində çıxan Elmar Qasımovla Orxan Məmmədov isə bürünc mükafata sahib çıxıblar.

Yarış həm də gənclər arasında Yaponiyada və kişilər arasında Koreyada təşkil oluanacaq sambo üzrə dünya çempionatlarına lisenziya xarakteri daşıyıb. Qarşıdakı mötəbər yarışa ölkə kubokunun nəticələrinə əsasən Gəncə sambo məktəbinin 6 yetirməsi vəsiqə qazanıb. Hazırda şəhər yığması 3 saylı peşə litseyində məşqlərini davam etdirir. Litseydəki idman zalı komandanın bazası hesab olunur.