Azərbaycanın ən güclü xanımı: "Burada yaşamağa məcburam" Day.Az представляет новость на азербайджанском языке.

Zərif və qəhrəman olmaq hər adamın hünəri deyil. Amma söhbət Azərbaycan xanımlarından gedirsə bütün inanılmazlara inanmaq olar. Güclü, fədakar, mübariz, əzmkar. Razılaşarsız ki, minlərlə misal göstərmək olar, lakin mən bu gün belə xanımlardan sadəcə birindən bəhs edəcəm. Azərbaycan bayrağına sevdalı, Azərbaycan idmanının dünyada qazandığı qələbələrdə özünəməxsus payı olan Günelimizdən....

Bəli, müsahibim qadınlar arasında pauerliftinq idman növü üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan yığma komandasının favoriti, dəfələrlə Respublika çempionu və rekordçusu, üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionatının, eyni zamanda da bir çox idman turnirlərinin qalibi, Heydər Əliyev kubokunun sahibi Günel Talıbovadır. Həmçinin o, pauerliftinq idman növünün tarixində və bütün federasiyaları üzrə ən yüksək rekordlarının sahibidir.

- Günel Talıbova kimdir, özünü necə təqdim edər? Bu sualı verməyim səbəbsiz deyil, çünki siz bizim həmyerlimiz ola-ola dünya mətbuatına çox tanışsız, amma təəssüf ki, bizim mətbuat sizdən müəyyən qədər də olsa xəbərsizdir...

- Düşünürəm ki, özümü hal-hazırda hiss etdiyim kimi təqdim etsəm, daha doğru olar. Bir də bəzilərindən fərqli olaraq uzun-uzadı təqdimatları heç sevmirəm. İndi təvazökarlıqdan uzaq olsa da özümü qarşısına müəyyən məqsədlər qoyan və onların da öhdəsindən çox böyük müvəffəqiyyətlə, məharətlə gələ bilən bir insan, Günel Talıbova kimi təqdim edə bilərəm. Təqdimatım bir az ağır səslənə bilər, amma hansı tərəfdən baxsan aid olduğum pauerliftinq idman növü öz ağırlığını adı ilə belə izah edə bilir.

Mən mətbuatda tez-tez də olmasa ara verməklə görünməyə çalışıram. Amma bir məqamı da etiraf edim ki, xarici ölkələrdə olan kimi mənə jurnalistlər daha çox yaxınlaşır, müsahibə istəyir. Azərbaycan və ordan gələn idmançı kimi diqqət-nəzərlərini çox çəkirəm. Həmçinin də qaldırdığım çəki hər zaman onları təəccübləndirir. Amma bizdə isə bu proses bir az fərqlidir.

- Yeri gəlmişkən qeyd edim ki, sizin Amerikanın idman üzrə ən tanınmış saytında, eyni zamanda Rusiyanın, digər ölkələrin saytlarında müsabiləriniz dərc olunub. Həmçinin, sizin haqqınızda yazılar yazılıb. Bir xanım üçün bu çox böyük uğurdur. Belə bir uğuru əldə etmək üçün neçə ilinizi və səyinizi idmanın bu sahəsinə qoya bilmisiz?

- Düzdür, bir çox beynəlxalq saytlarda mənim haqqımda yazılar dərc olunub. Məndən müsahibələr götürüblər. Bu da yuxarıda qeyd etdiyim kimi əbəs yerə deyil. Çünki mən öz çəki dərəcəmdə dünyada heç kimin qaldıra bilmədiyi çəkiləri qaldırıram.
Qayıdaq digər məsələyə. Səhv etmirəmsə, ilk dəfə bu idman növündə 2008-ci ildə çıxış etmişəm. Amma 2012-ci ildən başlayaraq yüksək nəticələr göstərirəm.

- Və niyə idman? Təhsiliniz haqqında az da olsa məlumat verərdiniz.

- İdmanı uşaq yaşlarından sevirəm. Hər zaman da tanınmış idmançı olmaq arzusunda olmuşam. İndi müəyyən qədər də olsa bu arzuma çatmışam, amma dayanmıram. Başladığım yola davam edirəm.

Təhsilimə gəlincə isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişəm. Sonra isə Asəf Zeynallı adına musiqi kollecinin vokal fakültəsinin "opera-kamera" şöbəsində təhsilimi davam etdirmişəm.

Pauerliftinq idman növündə özümü kəşf edəndən sonra anladım ki, Azərbaycan xanımları hər zaman çox güclü olub, bunu da bütün dünyaya sübut etmək, göstərmək lazımdı. İnanın ki, dünyanın hansı ölkəsində oluramsa olum, qalibiyyət əldə edəndə ilk növbədə o an bayrağımızın yüksəlməsini, uca tutulmasını gözlərimin önünə gətirirəm. Bu da mənə güc verir. O an da bayrağımızın yüksəklərdə dalğalanması üçün əlimdən gələni edirəm.

- Hədəfləriniz nələrdir? Bu hədəflərə Azərbaycanda çatmaq mümkündürmü?

- Mənim əsas hədəfim dünyada heç kimin qaldıra bilmədiyi çəkiləri qaldırmaq, mənə aid olan bütün dünya rekordlarını təzələmək və tarixə düşməkdir. Bu hədəflərə çatmaq üçün dünyada və Avropa ölkələrində keçirilən bütün yarışlarda iştirak etmək və qalib olmaq lazımdır.

- Bağlı olduğunuz Federasiya, idman qurumu haqqında nə deyə bilərsiniz?

- Bağlı olduğum federasiya Azərbaycan Pauerliftinq Federasiyasıdır. Qeyd edim ki, mən yığma komandanın favorit idmançılarından biriyəm.
Federasiyanın prezidenti Ələddin Əliyevdir. Onun bu federasiya üçün, idmanın bu növünün geniş şəkildə tanınması üçün kifayət qədər zəhməti olub. Bir neçə gün öncə də Avropa çempionatının ölkəmizdə çox yüksək şəkildə keçirilməsini öz öhdəsinə götürmüşdü.

- Siz də bu yarışda 3- cü dəfə mütləq Avropa çempionu oldunuz. Bu necə bir duyğudur? Bu günə kimi daha hansı nailiyyətləriniz olub?

- Təbii ki, qürurverici bir hissdir. Mən üç il ardıcıl olaraq mütləq Avropa çempionu adına layiq görülmüşəm (2012, 2013, 2014) və iki il ardıcıl olaraq mütləq dünya çempionu olmuşam (2012, 2013). Bu il payızda dünya çempionatı Amerikada keçiriləcək. Orada da iştirak etmək fikrim var. Mənim çıxış etdiyim komandada hələ heç kim ardıcıl olaraq üçqat mütləq Avropa çempionu və ikiqat mütləq dünya çempionu olmayıb.

- Bir xanım üçün ağırlıq qaldırma maddi və mənəvi anlamda nələr alır və ya əksinə nələr qazandırır?

- Hələ ki, qazandığım qələbələrimdir, yəni maddi baxımdan heç bir qazancım yoxdur. Əksinə, yuxarıda da qeyd etdiyim kimi mən özüm çalışıb yarışlarda yol xərclərimi, digər məsrəflərimi ödəyirəm.

- İdmana ilk qədəmlərini qoyan xanımlara bu qədər uğur qazanmış bir xanım kimi nələri tövsiyyə edə bilərsiz?

- Hesab edirəm ki, qadın, ya kişi fərq etməz - əgər idmana gəlmisənsə, bu yola çıxmısansa, uğur, nailiyyət qazanmaq üçün dayanmadan öz üzərində çalışmalısan. Yalnız o zaman qələbə sənin ola bilər. Yoxsa heç bir uğur qazanmaqdan söhbər belə gedə bilməz.

- İdmana gələn xanım kimi, idmançılarla ünsiyyət qurmağnız necədir? Çünki idmançıların çoxu kobudluqları ilə yadda qalırlar.

- Şəxsən mən tanış olduğum bütün idmançılarla tez bir zamanda ünsiyyət qurmağı bacarıram. Kobudluq əslinə qalsa istənilən bir insana xas olan xüsusiyyətdir. Bunun üçün idmançı olmaq şərt və kriteriya deyil. Əsas odur ki, bu cəhəti özündə, daxilində tərbiyə etməyi bacara biləsən.

- Şəxsi həyatınızdan bəhs edək... hal-hazırda idman karyeranızdan əlavə hansı işlə məşğulsuz?

- Mən Moskva şəhərində yaşamaq və fəaliyyət göstərmək məcbriyyətindəyəm. Məşqlərimi də orada edirəm. Amma bütün bu çətinliklərə baxmayaraq doğma Azərbaycanın adından çıxış edirəm. Dünyanın harasında olursansa-ol, ürəyin Azərbaycanla döyünürsə qələbə səninlədir.

- Niyə Moskva şəhəri?

- Moskva şəhərində yarışa getmişdim. Birinci yerin qalibi olduqdan sonra mənə orada qalıb çalışmaq təklifi gəldi. Bir müddət düşündükdən sonra getməyi qərara aldım. Moskvada yaşayıb-çalışsam da, bütün iştirak etdiyim yarışlarda Azərbaycanı, doğma vətənimizi təmsil edir, bayrağımızın ön sırada dalğalanmasına çalışıram.

- Nə vaxtsa karyeranızı Bakıda davam etdirməyi heç düşünürsüzmü?

- Hələ ki, bu haqda düşünməmişəm. Qismətdə nə yazlıbsa o da olacaq.

kaspi.az