Eduard Məmmədov ağır ittihamlara cavab verdi Day.Az представляет новость на азербайджанском языке:

Tanınmış Azərbaycan kikboks ustası, özünü 21 dəfə dünya çempionu kimi təqdim edən Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinin ittihamlarına cavab verib.

ATV.az-a açıqlama verən Eduard deyib ki, onun 37 yaşı var və indiyədək vuruşur: "Çünki idmansız dayana bilmirəm. Mənim üçün böyük şərəfdir ki, WAKO üzrə 3 dəfə dünya və 2 dəfə Avropa çempionu titulunu qazanmışam. Sonuncu dəfə 2009-cu ildə dünya çempionu olsam da, indiyə qədər də bu versiya üzrə vuruşuram. Amma digər versiyalar üzrə də kikboksinq yarışlarına gedirəm və orada da qalib gəlirəm. IAKSA WPKA WCA və ümumi olaraq bu versiyalar üzrə 18 dəfə çempion olmuşam. Düzdü, etiraf edirəm ki, bu versiyalar üzrə kikboksinq yarışları həm təşkilatçılıq səviyyəsi, həm idmançıların səviyəsi WAKO yarışlarından qat-qat aşağıdır".

İdmançı deyir ki, o yarışlarda heç kəs medal bağışlamır, o medalı qazanmaq üçün döyüşlər keçirir, zədələr alır: "Və o zədələr heç də WAKO yarışlarında aldığım zədələrdən az ağrıtmır. Yarışlara gedəndə də Federasiya rəhbərliyindən icazə alıb gedirəm, özbaşına yox".

Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Edurd Məmmədovun yalnız üç dəfə dünya çempionu olduğunu demiş (WAKO versiyası üzrə), onun digər titullarını dırnaqarası adlandıraraq heç bir rəsmi idman strukturu tərəfindən tanınmadığını açıqlamışdı.