Xanımlar "Qarabağ"dan qələbə gözləyir

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan futbol tarixində bir çox ilklərə imza atan "Qarabağ" futbol klubunun idmanımıza verdiyi töhfələrdən biri də xanım azarkeşləri tribunalara gətirmək oldu. 

Artıq "Qarabağ"ın matçlarında yüzlərlə qadın azarkeş öz sevimlilərini qələbəyə səsləyir. "Qarabağ"ın ən aktiv qadın fan-klublarından olan "İmarət Xan qızı"nın rəhbəri İnarə İbrahimova ağdamlıların ən çılğın fanatlarındandır. O Qurban Qurbanovun yetirmələrinin oyunlarını qaçırmır: "Mən "Qarabağ" klubunun fanatıyam və çalışıram ki, ağdamlıların bütün oyunlarını canlı izləyim. Fan-klubumuzun da sıraları günü-gündən genişlənir, xanımlar "Qarabağ"a dəstək üçün stadiona axışır. Bu bir xanım kimi məni çox sevindirir. Əvvəllər xanımların stadionlara gəlməsi qeyri-adi qarşılanırdısa, bu gün artıq bu ənənəyə çevrilib".

İnarə İbrahimova həmçinin onu da qeyd edib ki, bugünkü "Qarabağ" - "Anderlext" matçını da canlı izləyəcəklər: "İmarət Xan Qızı" fan-klubu olaraq bu gün də klubumuzun yanında olacağıq. İnanıram ki, "Qarabağ"ımız bu gün də bizi sevindirəcək. Əgər bu gün qalib olsaq, bunu şəhərdə fan-klub üzvlərimizlə qeyd edəcəyik. Hər kəsi bu gün stadiona dəvət edirəm, gəlin "Qarabağ"ımıza dəstək olaq".

Qeyd edək ki. Avroliqanın qrup mərhələsi çərçivəsində  "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

azxeber.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.