Valideynlərə bağlılıq, yoxsa asılılıq?

Day.Az представляет новость на азербайджанском языке:

Uşaqlar valideynlərə - xüsusən də anaya gözəgörünməz iplərlə bağlı olur. Sağlam münasibətlərdə uşaq böyüdükcə ana yavaş-yavaş bu ipləri buraxmağa çalışır. Ananın bu ipləri yavaş-yavaş buraxması nəticəsində öz qərarlarını verə bilən bir fərd meydana gəlir. Əksinə də olanda isə şəxs müstəqil ola bilmir.
 

Çox zaman insanlar bağlı əlaqə ilə asılı əlaqəni qarışdırırlar. Bağlı əlaqə sağlam münasibətdirsə, asılı əlaqə sağlam olmayan münasibətdir.
 

Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, valideyn zamanında bu bağları buraxmasa, övladın romantik hərəkət etmə qabiliyyətini məhdudlaşdırar, müstəqilliyinə mane olar: "Halbuki fiziki inkişafında körpə ana rəhmindən çıxdıqdan sonra, zamanla müstəqilləşir. Yetkin olan adam bədəncə böyüyür, amma anasından asılı olduğu müddətcə daxilən özünə inamı inkişaf etmir və özünün etibarda olduğunu düşünür. Halbuki o, artıq uşaq deyil və yeniyetmələrin dünyasında rolları, vəzifələri var. Buna görə bir ziddiyyət başlayır. Öz həyatını idarə edə bilmək və öz qərarlarını ala bilmək üçün bu bağdan xilas olması lazımdır. İçində hər zaman başqa şeylər etmək istəyən bir tərəf var və o səsi susdurmaq üçün çox səy göstərir".
 

Həmsöhbətmizə görə, yeniyetmə çox zaman öz düşüncələri ilə razılaşa bilmir və çox zaman da ananı günahlandırır. Buna səbəb isə ananı dəstəkləməməsi, bəyənməməsi, təsdiqləməməsidir.
 

Öz evi, işi olan azad bir gənc ciddi qərarlar vermək üçün hər zaman anası ilə məsləhətləşir. Gecələr evə gec gəlməsindən anası narahat olduğundan tez gəlir. Anası istəmədiyi üçün tətilə getmir və anası təsdiqləmədiyi üçün sevgilisindən ayrılır. Fərd olaraq bağlı əlaqə içində olmaq, anaya və ya ataya hörmətsiz olmaq demək deyil. Özbaşına qərar verə bilmə bacarığı və onları tətbiq edə bilmə gücüdür. "Fərd ailəsinə bağlıdır, amma asılı deyil. Ananın tövsiyələrini dinləyə bilər, amma bu tövsiyələri əmr olaraq qəbul etməməlidir. Verdiyi qərarları yalnız öz ağılı ilə verməli və mühakimə etməlidir".

Bağlılıq əlaqəsi sağlamdır və adamı inkişaf etdirir, asılılıq əlaqəsi isə insanın öz həyatını yaşamasına mane olur. "Əgər siz nə etsəniz də ailəniz üçün kafi olmadığına inanırsınızsa, öz həyatınızdan əvvəl ananızın həyatını yaşayırsınızsa, davam edən bir xəstəlikləri olmadığı halda, davamlı onlardan birini itirmə qorxusu yaşayır və bu qorxu üzündən həyatınızı axsadırsınızsa, ailənizə qarşı vicdan əzabından xilas ola bilmirsinizsə, asılılıq əlaqəsindəsiniz. Bununla yanaşı fədakar, özündən əvvəl başqalarını düşünən, "yox" deyə bilməyən, özünə inam problemi olan, özünə dəyər vermədiyi üçün özünü də sevməyən bir insana çevrilmisiniz. Bunun məsuliyyəti valideynlərdə olduğu qədər insanların özündə də var".

Psixoloq bildirir ki, valideynlər uşaqlarına kömək etmək üçün onların işlərinə müdaxilə edir və əslində uşaqlarının sərbəst yaşamasına mane olurlar. Buna görə də ana kiçik yaşlarından yavaş-yavaş ipləri boşaltmağa çalışmalıdır ki, uşaq sərbəstliyə öyrənsin. "Kiçik yaşlarında özü yemək yeyə bilən, yatağını yığa bilən, istədiyi oyunları oynamağa özü qərar verən uşaqlar böyüdükcə sərbəst qərar verən fərdlərə çevrilirlər. Uşağa "onu olmaz", "bunu olmaz" demək olmaz. Uşağa istədiyi hər şeyi hərtəfli anlatmaq lazımdır ki, son qərarı özü versin. Bu gün valideyn istəyi ilə ailə quranlar, boşananlar, ixtisas seçənlərin 90 faizi həyatından narazıdır. Buna görə də, valideyni dinləyib, görəcəyi işə özün qərar verməlisən. Belə insanlar sərbəst yaşaya bilirlər. Sabah asılı olduğunuz vaideyn həyatda olmasa, nə edəcəksiniz? Odur ki, ağılla hərəkət edin və uşaqlarınızı da azad ruhda tərbiyələndirin".
 

Ekspress.az