Telman İsmayılovun Moskvadakı son obyektinə də həbs qoyulub

Day.Az представляет новость на азербайджанском языке

Moskva Arbitraj məhkəməsi AST Telmanın şadlıq sarayına həbs qoydu.

Müflisləşən Azərbaycan əsilli rusiyalı işadamı Telman İsmayılov əlindəki son obyektlərini də itirməkdədir. 

ANS TV-nin məlumatına görə, Moskvanın ən dəbdəbəli şadlıq saraylarından sayılan "Safisa"da indi səssizlik hökm sürür. Telman İsmayılova aid 30 milyon dollarlıq bu restorana da Moskva Arbitraj məhkəməsi həbs qoyub.

Qızıl və müxtəlif zinət əşyaları, mərmər və büllurlarla bəzədilən ən təmtəraqlı mərasimlərə ev sahibliyi edən "Safisa"nın indi qapıları bağlıdır. Azərbaycan əsilli rusiyalı işadamı Telman İsmayılov əgər rus banklarına olan borclarını ödəməsə, Moskvadakı son əmlaklarından biri olan bu şadlıq sarayı da əlindən çıxacaq. 


"Safisa" şadlıq sarayı 

İndiyə qədər Moskvanın məhşur Arbat küçəsində yerləşən Telman İsmayılova aid "Praqa" restoranı, bir neçə biznes mərkəzi və torpaq sahəsi də elə "Safisa"nın aqibətini yaşamışdı. Rusiyanın "Bank Moskva" və VTB bankları Moskva məhkəməsinə müraciət edərək Telman İsmayılovun iflasa uğradığını elan etməsini tələb edir. 

VTB bankı rəsmisinin verdiyi xəbərə görə, hazırda Telman İsmayılovun və zamin durduğu şəxslərin banka 230 milyon dollar borcu var. Ancaq Moskva Arbitraj Məhkəməsinin qərarı ilə həbs qoyulan bu əmlakların ümumi dəyəri belə bu borcu ödəməyə kifayət etməyəcək. Elə bu səbəbdən də indi harda olduğu bilinməyən Telman İsmayılovun həbsi ehtimalı da istisna edilmir. 


"Safisa"dan görüntü 


Telman İsmayılov isə mətbuata son açığlamasında əmlaklarına həbs qoyulmasının qanunsuz olduğunu demişdi. 

Xatırladaq ki, Telman İsmayılovun imperiyası 2009-cu ildə Çerkezov bazarının bağlanmasından sonra dağılmağa başlamışdı. Onun Antalyada tikdirdiyi və dünyanaın ən lüks oteli olan "Mardan Palace" də ötən ay maliyyə problemlərinə görə satılıb. 1,4 milyarda tikilən 7 ulduzlu oteli 133 milyon dollara Türkiyənin "Halk Bank"ı satın alıb. Telman İsmayılov "Mardan Palace" otelinin geri qaytarılması üçün məhkəməyə müraciət edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Telman İsmayılovun Moskvadakı son obyektinə də həbs qoyulub