Azərbaycanda işçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

Bu gündən Azərbaycanda xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az" portalında yerləşdirilməsinə başlanılıb.

Day.Az xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşüb.

Xatırladaq ki, aprelin 5-n gecə saat 00:00-dan etibarən Azərbaycanda koronavirusun sürətlə yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər sərtləşdirilir. Belə ki, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır.

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

• dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

• fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

3. "ASAN Könüllüləri" İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri" Hərəkatı, "Bir" tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, "icaze.e-gov.az" portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.