Rəşad Əhmədov: Virusun ağır fəsadlar verməməsini istəyiriksə, mütləq şəkildə evdə qalmalıyıq

Bütün dünyada bəlaya çevrilən koronavirusdan qorunmaq üçün bütün tövsiyələrə əməl etməliyik.

Bunu Trend-ə açıqlamasında dünya çempionu Rəşad Əhmədov deyib:

R.Əhmədov qeyd edib ki, bu virus bizdən də yan keçməyib:

"Biz də bu bəlanın içindəyik. Bu bəlanın qarşısının alınması üçün dövlətimiz bütün lazımi qabaqlayıcı tədbirlər görüb və görür. Virusun ölkəmizdə artmaması üçün mütləq şəkildə evdə qalmalıyıq. Bilirsiniz ki, bu virusun dərmanı yoxdur. Sadəcə olaraq, yoluxmamaq üçün təmasdan çəkinməliyik. İnsanlarla nə qədər təmas qurmasaq, o qədər sağlam qalarıq. Bu virusun bizdən yan keçməsini, ağır fəsadlar verməməsini istəyiriksə, mütləq şəkildə evdə qalmalıyıq, özümüzü və ailəmizi qorumalıyıq. Biz bu işə məsuliyyətlə yanaşmalıyıq. Bəzən insanlar məsuliyyətsiz davranır, hansısa bir iş dalınca gedirlər. Onların arasında gündəlik qazanc üçün işləyənlər də var. Amma bilin ki, dövlətimiz tərəfindən həmin insanlara yardımlar olunacaq. Digər tərəfdən, ətrafımızda, qonşuluğumuzda olan imkansız insanlara yardım etməliyik. Yardım edək ki, onlar da evdə qalsınlar. Bir daha bütün vətəndaşlarımızdan xahiş edirəm ki, evdən çıxmayın, evdə qalın, bu bəladan qurtulaq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.