ABŞ-da bir gündə koronavirusdan mindən artıq insan ölüb

ABŞ-da son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 1169 nəfər dünyasını dəyişib.

Day.Az-ın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Bildirilir ki, bu, bir ölkədə sutka ərzində koronavirusdan qeydə alınmış ən böyük ölüm sayıdır.

Məlumata əsasən, ABŞ-da 244 mindən artıq yoluxma halı təsdiqlənib, 6 minə yaxın insan isə dünyasını dəyişib.

Koronavirusdan ən çox zərərçəkən Nyu-York şəhəri sayılır. Burada 1,5 mindən artıq insan ölüb.