Yavaş ürək: uzun ömür

Day.Az представляет новость на азербайджанском языке

Məməli heyvanlar aləmində çox adama tanış olan bir gerçək var: kiçik heyvanların ürəyi böyük olanlara nəzərən sürətli döyünür, ömrü isə qısa olur. 1980-ci illərdən bəri insanlar üzərində aparılan təcrübələr  yuxarıdakı gerçəyin insanlar üçün də keçərli olduğunu ortaya qoymuşdur.

Ürək vurğularının 1 dəqiqədəki sayı (bundan sonra ürəyin sürəti) ilə ömür uzunluğu arasındakı əlaqə 1980-ci ildə ABŞ-da Çikaqo şəhərində aparılan tədqiqatdan sonra aşkar edilmişdir. İstirahət vaxtı sağlam insanlarda ürəyin sürəti 60-100 vurğu/dəqiqədir (Bu yazıdakılar sakit vaxtda, yəni normada ürəyi 60-100 vurğu/dəqiqə arasında döyünənlər  üçün keçərlidir). Ana bətnində olan uşaqda 110-160 vurğu/dəqiqə, yeni doğulanlarda 100-160 vurğu/dəqiqə, peşəkar idmançılarda 40-50 vurğu/dəqiqədir. Məməli heyvanlar arasında müqayisə aparanda görürük ki, böyük heyvanın ürəyi yavaş döyünür, amma uzun yaşayır, kiçik heyvanlarda isə tərsi doğrudur. Siçanın ürəyinin sürəti 450-750 vurğu/dəqiqədir, ömrü isə 2 il. Mavi balinanın ürəyinin sürəti 8-10 vurğu/dəqiqə, ömrü 70-90 ildir. Fil üçün eyni parametrlər 25-35 vurğu/dəqiqə və 70 ildir.  Ürəyin sürəti ilə ömrün uzunluğu arasındakı əlaqə metabolizmanın sürətindən asılıdır; kiçik heyvanlarda metabolizma sürətli, bilavasitə ürək də sürətli,  iri heyvanlarda tərsinədir. İri heyvanlarda kütlənin bədən səthinin sahəsinə nisbəti kiçik heyvanlarınkından çox, istilik itkisi isə azdır. Bu nəzəriyyənin ideyasını alman fiziyoloq Maks Rubner 1908-ci ildə irəli sürmüşdür. O yazırdı ki, biyolojik enerjinin miqdarı məhdudur və ömrün uzunluğu bu enerjinin necə xərclənməyindən asılıdır.  
 
Son 30-40 ildə insanlar üzərində ürəyin sürəti ilə ömrün uzunluğu arasında onlarla tədqiqat aparılmışdır. Tədqiqatlarda gəlinən ümumi nəticəyə görə ürəyin sürətli döyünməyi xeyrə əlamət deyil. Tayvan adasında təqribən yarım milyon insan üzərində aparılan və nəticələri 2011-ci ildə "The Lancet" jurnalında yayımlanan bir tədqiqata görə 70 vurğu/dəqiqədən sonrakı hər 1 vurğu artım ömürdən 4 ay qısaldır. Ürək vurğularının sayı 60-70 arasında olanlar, 80-90  vurğu/dəqiqə olanlara nəzərən 4-5 il uzun yaşayır.

Ürəyin sürətli döyünməsinin ürək üzərində təsiri çoxşaxəlidir; 1)ürək hüceyrələrinin qan axımını azaldır, 2) tac damarlarının içini tıxanıqlığa meyilli edir, 3) arteriya damarlarında sərtlik yaradır, 4) ürəyin iş yükünü artıraraq ürəyi yorur, 5) ürəyin enerji depolarını boşaldır, 6) ürəyin oksigen istehlakını artırır, 7) şişmanlıq və şəkər xəstəliyi yaradaraq ürəyə mənfi təsir edir və s. Tədqiqatlarda göstərilmişdir ki, ürəyin sürətli döyünməsi qəfləti ürək ölümünə, miyokard infarktına, arterial hipertenziya xəstəliyinə, ürək çatışmazlığına səbəb ola bilir.
Sürətli döyünən ürəyi yavaşlatmaq üçün çarələr var. Əvvəlcə səbəb axtarmaq, varsa aradan qaldırmaq lazımdır. Məsələn, qanazlığı varsa ürək sürətli döyünəcək, qanazlığı müalicə edilsə, ürək də düzələcək. Ürək xəstəsi olanlarda ürəyi yavaşlatmaq üçün sübuta yetirilmiş və ömrü uzadan dərmanlar mövcuddur. Heç bir xəstəliyi olmayan, amma ürək döyüntüsü 80-100 vurğu/dəqiqə arasında olanlara isə veriləcək ən vacib məsləhət çox hərəkət etmək və çəkini normada saxlamaqdır.
 
 
Vüsal Vəliyev, kardioloq
[email protected]

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.