Qəlbimizdə yaşayan insan

Azərbaycanda ixtisaslı musiqiçi kadrların hazırlanmasında misilsiz xidmətləri olan, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı kafedrası"nın müdiri olmuş, yüksək peşəkarlığı ilə seçilən pedaqoq, gözəl alim professor, mərhum Nailə xanım İbrahimova artıq bir ilə yaxındır ki, yoxluğu ilə onu sevənlərin qəlblərində niskinlik izləri buraxıb. Həyatı boyu vətəni, xalqı, onun gələcəyi olan gənc nəsillər üçün çalışmış, onların bilik və bacarıqlarının yüksək səviyyəyə qalxması yolunda bir musiqiçi və əsl pedaqoq kimi əlindən gələni əsirgəməmişdir. Müdriklərin çox gözəl bir "Əgər valideynlər bizi göydən yerə endiriblərsə, müəllim bizi yerdən göyə qaldırır" kəlamı Nailə xanımın vahid obrazının cızılmasında əvəzolunmaz vasitədir desək, heç də yanılmarıq. Nailə xanım tələbə şəxsiyyətinin formalaşmasında, onun hərtərəfli dünyagörüşə malik bir musiqiçi kimi yetişməsində, tədris etdiyi konsertmeyster ustalığı fənni üzrə zəngin bilik və bacarıqlara malik pianoçu-müşayiətçilərin püxtələşməsində öz səylərini əsirgəməyən, bu yolda lazımi pedaqoji metod və prinsipləri təyin edən bir müəllim idi. Nailə xanım məktəbinin yetirməsi, daha sonra onun  asistenti və kafedranın müəllimi vəzifəsində çalışdığım müddətdə əziz müəllimimin mənim, eləcə də neçə-neçə gənc pianoçunun sənət sirlərinə yiyələnməsindəki ustadlıq sehrinin şahidi oldum. Biz öz müəllimimizin şəxsiyyətinə, sənətinə böyük vurğunluqla, qibtə ilə onun məsləhət gördüyü hər bir məqamı diqqətlə təfəkkür sücgəcimizdən keçirir, özümüzküləşdirir yeni və fərqli formada öz təfsir üslubumuza şamil edirdik.  Biz onu doğma anamız qədər sevirdik... çünki, ondan məhz analıq istisini, sevgisini, mehribanlığını, nəvazişini duyurduq. Bir anlığa belə sərt davranış, tələbə şəxsiyyətini təhqir edəcək kiçicik bir hərəkət, söz bu böyük qəlbli insana xas deyildi. O, hər bir insana qarşı təmiz, pak sevgi ilə döyünən qəlbin sahibi idi... kindən, küdurətdən uzaq, səmimi, böyük bir qəlbin... Əlbəttə burada gendən gələn kübarlıq, zadəganlıq, görkəmli bir azərbaycanlı ailəsinin övladı olmaq,  eyni zamanda da yüksək əxlaqi və etik xüsusiyyətlərin harmoniyasının vəhdətini də vurğulamaq yerinə düşərdi. Bu keyfiyyətlər onun ömür-gün yoldaşı, həyat dostu olmuş Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli ilə birgə paylaşdıqları uzun illərdə də öz təzahürünü göstərmişdir.

Hər bir qəhrəman kişinin arxasında cəfakeş xanım vardır, deyimi nahaq yerə söylənilməyib. Fərhad Bədəlbəylinin ilk tənqidçisi də, uğurlarına ilk sevinən də Nailə xanım olmuşdur. Peşəkar musiqiçi olan Nailə xanım bütün məsələlərdə onun məsləhət yeri, lazımi anlarda, ən prinsipial məqamlarda ilk həmmühasibi idi.

Nailə xanım mənsub olduğu nüfuzundan heç bir zaman sui istifadə etməyən, sadə, təvazökar hislərlə yaşayan bir insan idi.

Məhz bu cür yüksək insani keyfiyyətlərin toplusunu özündə cəmləşdirən Nailə xanımın unudulmaz xatirəsi onu sevənləri yaxın günlərdə keçirilmiş möhtəşəm, eyni zamanda da səmimyyətlə, sevgi ilə dolu "Qəlb yaddaşı" adlı konsertdə bir araya topladı. Nailə xanımın yaxın dostu, rəfiqəsi olmuş, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Gülnarə xanım Acalovanın, həmçinin Dmitriy Babayevin rəhbərliyi ilə ərsəyə gələn bu layihə izləyicilərin yaddaşlarında unudulmaz izlər buraxdı. Gülnarə xanım Nailə xanıma qarşı olan isti, mehriban münasibətini, məhəbbətini yüksək peşəkarlıqla və böyük ruh yüksəkliyi ilə hazırladığı bu konsertdə təqdim etmiş oldu. Ecazkar şeir və maraqlı kompüter effektləri ilə zənginləşdirilən rəngarəng musiqi nömrələri, istedadlı musiqiçilərin uğurlu çıxışları gecənin möhtəşəmliyini şərtləndirən amilllərdən idi.

İlk olaraq "Lumineux" ansamblının (bədii rəhbər, baş müəllim Barateliya Naala) çıxışı tamaşaçıların böyük marağına səbəb oldu.

Xalq artistləri, professorlar Zöhrə Quliyevanın skripkada ürəkləri riqqətə gətirən, unudulmaz təsirli ifası, Murad Adıgözəlzadənin həssaslıqla, incə, kövrək musiqi duyumu və yüksək peşəkarlıqla təqdim edilmiş çıxışı konsert gecəsinin unudulmaz məqamlarından idi.

Əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova ecazkar səsləri, gözəl oxu tərzləri ilə rus klassik romans nümunələrinin bütün məziyyətlərini, üslub xüsusiyyətlərini özündə ehtiva edən təfsirlərini  təqdim etdilər.

Klarnet ifaçısı, dosent Anar Məmmədovun yaddaqalan, ifadəli çıxışı tamaşaçıları dərin düşüncələrə qərq edərək, qəlblərinin ən zərif tellərinə toxunmuş, zalda xüsusi, yüksək təsir qüvvəsinə malik bir aura yatarmışdır.

Beynəlxalq müsabiqələr laureatı Anar Seyidovun skripkada parlaq, dinamik çıxışları onun yüksək ifaçılıq qabiliyyətini, musiqi zövqünü bütün çalarları ilə vurğuladı. Anar Seyidovun çıxışının Beynəlxalq müsabiqə qalibi, balet rəqqasəsi Cəmilə Kərimovanın ecazkar rəqsi ilə müşayiət olunması izləyicilərin böyük marağına səbəb oldu.

Vokalçılardan - Ərəstun Quliyev, Namiq Əhmədov, Aytən Orucəliyevanın  gözəl, yaddaqalan oxu tərzlərini, eyni zamanda  simli və nəfəs alətindən təşkil olunmuş ansamblın maraqlı ifalarını da vurğulamaq yerinə düşərdi.

Konsertdə Gülnarə xanım Acalova məktəbinin  tələbə və məzunları, respublika və beynəlxalq müsabiqə laureatları - Fatimə Əliyeva, Atabala Manafzadə, Aslan Aslanov və Lalə Hüseynzadə böyük məharət və peşəkarlıqla çıxış edərək, müəllimlərinin onlara aşıladıqları konsertmeyster ustalıqlarını yüksək səviyyədə nümayiş etdirmiş oldular.  

Uğurlu, orijinal seçilmiş repertuar və ilk dəfə Bakıda səslənən beş yeni əsərlərin təqdimatı konsertin daha maraqla qarşılanmasına təkan verən amillər sırasında idi.

Düşüncələrimin sonunda demək istəyirəm ki, Nailə xanım İbrahimovanın əziz, unudulmaz,  parlaq xatirəsi yaddaşımızda əbədi olaraq yaşayacaqdır! Biz də, öz növbəmizdə, bu cür, Azərbaycanını sevən insanları örnək tutaraq onların şərəfli həyat yollarının izləri ilə addımlamalıyıq. 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti,

fəlsəfə doktoru    KÖNÜL HÜSEYNOVA