Rüstəmin daha bir xəyanəti: daha çirkin, daha iyrənc

Day.Az представляет новость на азербайджанском языке

Onun xəyanəti məni əsla təəccübləndirmədi. Heyrətlənməyin, belə də olmalıydı. Bizdən olub bizə nifrət edənlərin sonu ölümdür: onlar diri ikən ölüdürlər.

Məvarünnəhr hökmdarının oğlu şahzadə Cəlaləddin xarəzmli alim Əhməd Ünsinin monqolları vəsf edən əşar yazması barədə xəbəri eşidəndə belə demişdi.

Həmin əşarında, yəni şerində xarəzmli Əhməd Ünsi monqolları cəsur, igid, qorxmaz insanlar kimi vəsf etmiş, doğulduğu Xarəzmi və şəhərin əhalisini isə qorxaq, yaramaz insanlar kimi pisləmişdi.

... Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filminə baxdım. Filmin 5 yerində İbrahimbəyov özü barədə bəhs edir, etdirir və etdirməyə çalışır.

Di gəl, İbrahimbəyov Menşov deyil və o, "Məhəbbət və göyərçinlər" filmində rejissorun kəndin ortasındakı rəqs meydançasında peyda olması təki təbii kadrlar yarada bilmir.

Yaxud Eldar Ryazanov da deyil ki, filmlərinin istisnasız olaraq hamısında kadrda ani peyda olsun.

Yaramazlığın lenti

2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunurlar.

Filmin ssenari müəllifi isə Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur. 

Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.  

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların" "dinc ermənilərə" qarşı qəddarlığını göstərməkdir. 

Filmdə erməninin "cəzalandırılması" aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəxlaq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir. 

Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur. 

Əkrəm Əylislinin "Daş yuxular" cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən "etiraf" olunan bu "həqiqətlər" dünya erməniliyi üçün əsl hədiyyədir. 

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. 

Bu film sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki, hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır. 

"Qəddar" Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. 

Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir. 

Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.  

Müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. 

Bu film Rüstəm İbrahimbəyovun öz xalqının "vəhşi" obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük "humanist" kimi qələmə vermək cəhdidir. 

Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.

Səhranın qara Günəşi

İlahi mizan sənət insanlarına nisbətdə və münasibətdə amansız olur. Nəyisə verəndə mütləq nəyisə alasıdır. Rüstəm İbrahimbəyov əvvəllər istedadlı insandı.

"Səhranın bəyaz günəşi"indən sonra ulduzu parlayan adam sonrakı Günəşədək, daha doğrusu, "Günəşdən usanmışlar"adək uzun, maraqlı həyat yaşadı.

"Oskar" mükafatının təqdimat mərasimində adı çəkiləndə isə çarx döndü və İbrahimbəyov artıq özünü adi yox, fövqəlinsan hesab etməyə başladı.

Düşündü ki, ondan istedadlı, ağıllı, bacarıqlı adam yoxdur, olmayıb və olması da mümkün deyil.

Bir zamanlar yaltaqları çox böyük bacarıqla ələ salan adam özü yaltaq oldu və ətrafını da ona yaltaqlananlarla doldurdu.

Rüstəm İbrahimbəyov adlı sənətçi, istedadlı insan beləcə, mənəvi ölüm yaşadı və əvəzində onun vücudunda yeni, məkrli, yalançı, xain, xoflu və kinli insan doğuldu.

İş o yerə çatdı ki, köhnə vücuddakı yeni İbrahimbəyov yaratdığı obrazların məcmusuna çevrilməklə yanaşı, kinematoqrafiyadakı bəlli obrazların eybəcər formatına tənəzzül etdi.

Cekil və Hayd təki ikiləşən, Bencamin Batton kimi qocalıqdan uşaqlığa doğru yaşayan Rüstəm İbrahimbəyov indi doğulduğu Azərbaycana, mənsub olduğu azərbaycanlılara nifrət edən məxluqa çevrilib.

O, Günəşi qaralmış məkanda özünə yer arayan, xain olduğunu dərk edən, xəyanətindən bəhrələnməyə çalışan cılız bir varlıqdır artıq.

Üçü çıxmış nifrət

2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü" filminin rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Lentin ssenari müallifi və prodüseri Rüstəm İbrahimbəyovun özüdür.

Premyerası 2016-cı ilin dekabrın 8-də Moskvadakı "Lyuksor" kinoteatrında olmuş filmdə azərbaycanlılar qəddar, vəhşi, yaramaz, mədəniyyətsiz, milli kökləri olmayan adamlar, ermənilərsə alicənab, sülhsevər, intellektual, "vəhşi türklərin qurbanları" kimi göstərilirlər.

Əslində, təəccübə heç bir əsas yoxdur.

Rüstəm İbrahimbəyov doğulduğu Azərbaycana həmişə yuxarıdan aşağı baxmağa çalışıb, azərbaycanlıları isə az qala neandertallar sayıb.

O, müsahibələrində və açıqlamalarında "mən azərbaycanlı olduğumla fəxr edirəm" desə də, Bakıda "Şərq-Qərb" kinofestivalı təşkil edərək necə də "yaxşı azərbaycanlı" (ifadə ona məxsusdur) göstərməyə çalışsa da, yalan danışır, saxtakarlıq edirdi.

Çünki R.İbrahimbəyov Rusiya mediasında yer alan çıxışlarında, yazılarında və şərhlərində həmişə bizi üçüncü dərəcəli insanlar, untermenşlər kimi qələmə verib.

Ermənilərlə şərikli işləməyi, filmlər çəkməyi, hətta "ermənilik" idefiksinin daşıyıcılarından biri olması Rüstəm İbrahimbəyovu hətta 6 il əvvəl "Böyük Ermənistan" xəritəsinin qarşısında duraraq kameralar qarşısında qürurla pozlar verməyə də aparıb çıxarmışdı.

O, Rusiyada yaşayan milyonçu ermənilərlə dostluq etdiyini, bir sıra filmlərinin maliyyələşdirilməsində məhz ermənilərin "fəal rol" oynadıqlarını şəstlə vurğulayıb.

"Qafqaz üçlüyü" filmi İbrahimbəyovun batinin, əsl xislətinin daha bir təzahürüdür.

Əli Kərimli, Cəmil Həsənli, Eldar Namazov nə deyəcəklər?

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılan "Demokratik Qüvvələrin Milli Şurası" adlı marionet "qurum"da Rüstəm İbrahimbəyov fəxri sədr, başabəla professor Cəmil Həsənli isə sədr seçilmişdi.

AXCP, Müsavat və ilaxır kimi zəifləyən, əslində "canlı ölü"lərə dönən partiyalar, hərəkatlar və qruplar sonradan anlamışdılar ki, ictimai-siyasi fikri dəyişmək üçün arxa planda dayanıb tamam fərqli bir insanı "öncül" elan etmək bəlkə işlərinə yaradı. Onlar aradıqları adamı Azərbaycanda yox, Rusiyada tapmışdılar və həmin fiqur Moskvada yaradılıb Bakıya qənim kəsilən "Milyarderlər İttifaqı"nın ssenarisinə uyğun olaraq Rüstəm İbrahimbəyov idi.

Eldar Namazov, İsa Qəmbər və Əli Kərimlinin  aldıqları göstəriş əsasında yaradılmış qondarma "Milli Şura"ya sədr seçmək üçün keçirdikləri ilk toplantıda həmişə olduğu kimi, qalmaqal düşdü. Yenə də bir qərara gələ bilməyib kinorejissor Rüstəm İbrahimbəyovu virtual "sədr" seçdilər. Sonra onu "virtual namizəd" də etdilər. Siyasətdən bixəbər olan R.İbrahimbəyov isə əlinə düşən bu fürsətdən yaxşıca yararlandı. Kinorejissor, sanki, özü üçün yeni süjet xətti yaratdı. Bu süjet xəttində reneqat Eldar Namazov, Müsavatın makiavellist başqanı İsa Qəmbər və AXCP-nin əbədi uğursuz sədri Əli Kərimli əsas rollarda yer aldılar. R.İbrahimbəyov filmin Azərbaycanda çəkilən bölümünə E.Namazovu baş qəhrəman seçdi. Bu siyasi riyakar isə fürsətdən yararlanaraq "Milli Şura" üçün aldığı maliyyəni sağa-sola xərclədi. AXCP və Müsavata qəpik-quruş verməklə onları özündən asılı vəziyyətə salmağa çalışdı. Bu, dağıdıcı qüvvələrin keçirdikləri mitinqlərdə aydın şəkildə hiss olundu. Hətta Rüstəm İbrahimbəyovla görüşmək üçün xarici ölkələrə səfər edənlər yol xərclərini də özləri çəkdilər. İş o yerə çatdı ki, R.İbrahimbəyov göndərdiyi maliyyə vəsaitinin miqdarını da açıqlamaq zorunda qaldı və çoxsifətli Eldar Namazov ifşa olundu. 

Eldar Namazovun bu hərəkətindən sonra heç bir zaman şəxsi ambisiyalarına görə bir araya gələ bilməyən İsa Qəmbərlə Əli Kərimli məcburiyyət qarşısında "birləşib" onu oyundan kənarlaşdırmaq qərarına gəldilər. Əlbəttə ki, siyasətdə bivec Eldar Namazov onlarla bacara bilməzdi və məcburiyyət qarşısında kənara çəkilməli oldu. Amma bu, o demək deyildi ki, aldığı maliyyə vəsaitinin hesabatını vermədən canını qurtaracaq. Rüstəm İbrahimbəyovun çətiri altında başlanan siyasi oyunlar "Milli Şura"da vəziyyəti gərginləşdirməyə başladı. Çünki bu qondarma qurumda təmsil olunan digər partiyalar anladılar ki, AXCP və Müsavat Partiyası olan yerdə onlara yer yoxdur və gec-tez hansısa səbəblər gətirilərək qurumdan kənarlaşdırılacaqlar. Ona görə də həmin qurumlar "Milli Şura"nın prezident seçkilərində "vahid namizədi"nin Rüstəm İbrahimbəyov olmasını tələb etdilər. Bu tələb onlara baha başa gəldi. Müsavat və AXCP "Milli Şura"nın mitinqinə qatılmamaqla parçalanmanın əsasını qoydu. Rüstəm İbrahimbəyov Azərbaycana gələcəyini bildirirdi. İkili vətəndaşlıq probleminin tezliklə həll olunacağını vəd verən kinorejissor prezident seçkilərinə bir neçə gün qalmış həqiqəti demək məcburiyyətində qaldı və Bakıya gələsi olmadı.

Maraqlıdır, Rüstəm İbrahimbəyovu Milli Şuranın sədri seçən, onu təmtəraqla prezidentliyə namizəd göstərən şəxslər və qüvvələr "Qafqaz üçlüyü" filminə baxıblar?

Baxıblarsa, özlərini azərbaycanlı sayırlarsa, danışsınlar, desinlər görək, bizə nifrət edən insanı nədən, nə üçün, hansı səbəbə özlərinə "lider", Azərbaycan prezidentliyinə namizəd bilmişdilər.

"Milli Şura" adlı absurd qurumun mitinqlərində Rüstəm İbrahimbəyovun şəkillərini qalıdaranlar indi xəcalət çəkirlərmi?

Axı onlar, məhz onlar ermənilərə az qala aşiq olan adamı Azərbaycanda prezident görmək istəyirdilər.

Görəsən, trivial Facebook bloqerinə çevrilmiş Əli Kərimli, siyasi isterik Cəmil Həsənli, müxalifətin mumiyalanmış fərdinə dönən Eldar Namazov indi nə deyəcəklər?!

Xainin qisas yanğısı

Sənət adamı xəyanət edə bilərmi, xain olarmı? İlk baxışdan cavabı çətindir, çünki liberal və demokrat baxışlara görə, sənətçinin milliyyəti, harada yaşaması önəmli deyil - önəmli olan onun əsərləridir.

Həyat gerçəkliyi isə budur ki, istənilən sənətçi - dahi və ya qrafoman - mənsub olduğu millətin, ölkənin, etnosun maraqlarını düşünməlidir.

Əks təqdirdə o, sənətçi deyil. Bu qədər bəsit.

Rüstəm İbrahimbəyov isə ermənilərin Bakıdan köçməsinin Azərbaycanda ziyalılıq səviyyəsinin aşağı düşməsinə səbəb olmasını daim vurğulayır, azərbaycanlıların "bir millət kimi hələ yetişmədiyini" (ifadə İbrahimbəyovundur) təkrarlayır.

"Qafqaz üçlüyü" filmi məzmun, ssenari, süjet xətti, aktyor oyunu və s. baxımdan çox zəif lent olsa da, Rüstəm İbrahimbəyovun iç üzünü göstərən, onun mahiyyətini aşkarlayan nəsnədir.

Azərbaycanın və azərbaycanlıların təhqir olunduğu, dövlətimizə, dövlətçiliyimizə meydan oxuyan, türk etnosuna düşmənçilik ruhunu aşılayan film İbrahimbəyovun xəyanətlərinə rəğmən, niyyətinə çatmamasının yanğısının da təzahürüdür.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.