Rusiyalı ekspert: "Bakı-Moskva-Ankara formatının genişlənməsi perspektivlidir"

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Moskva-Ankara regional xətti perspektivli formatdır və ehtimal olunur ki, bu xətt genişlənərsə, daha böyük əhəmiyyət kəsb edər.

Day.Az bildirir ki, bu barədə Trend-ə, Rusiyanın İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, ekspert Andrey İvanov üçtərəfli formatın perspektivlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan-Türkiyə-Rusiya regional xətti regionda sabit və təhlükəsiz vəziyyətin qorunmasına yönəlmiş vahid məqsədə xidmət edir:

"Rusiya, Azərbaycan və Türkiyənin əməkdaşlığı təkcə Cənubi Qafqazda yox, həm də Xəzər ətrafı regionda sabitlikdə maraqlı olan hər kəsə sərfəlidir. Moskva-Bakı-Ankara xətti mehriban qonşuluq münasibətlərinin inkişafı üçün vacibdir, bu xətt həm də daha geniş birləşmələrin tərkib hissəsi ola bilər".

Ekspert qeyd edib ki, postsovet məkanında MDB, Avrasiya İqtisadi İttifaqı kimi Rusiya üçün dost ölkələrə açıq olan formatlar mövcuddur:

"Siyasətçilər daha çox ünsiyyət qurmalıdır, münaqişədən uzaq durmağa imkan verən hər bir xırda məsələdə belə kompromis axtarmalıdır. Biz Azərbaycanın nə qədər düşünülmüş və balanslaşdırılmış siyasət apardığını görürük. Ölkə heç bir ittifaqa daxil olmur, amma onlarla əməkdaşlıq edir. Türkiyə kifayət qədər praqmatik siyasət yürüdür. Öz növbəsində Rusiya da bütün ölkələrlə qarşılıqlı fəaliyyət göstərməyə çalışır, bu isə beynəlxalq münasibətlər sistemində çox vacibdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.