Səməd Seyidov: “Bu sənəd Qarabağ məsələsinin həllinə ciddi təsir göstərəcək”

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və imzaladığı sənədlərin bir ali məqsədi var. Onlar Azərbaycanın maraqlarının müdafiəsi, dövlətimizin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya Dağlıq Qarabağ probleminin həllinə çox ciddi təsir göstərəcək.

Milli.Az bildirir ki, virtualaz.org-un yerli KİV-ə istinadən yaydığı məlumata görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov avqustun 12-də Aktau şəhərində Xəzərin hüququ statusuna dair imzalanmış konvensiya haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan beş dövlətlə dil tapıb, Xəzər dənizinin statusunu müəyyən edən konvensiyanın altına imza çəkdiyi halda, bizim torpaqlarımızı işğal edən Ermənistan iki və ya üç dövlətlə çoxtərəfli əlaqələr qura bilmir: "Ermənistanın çoxtərəfli müqavilələri yoxdur. Azərbaycan üç, dörd, beştərəfli müqavilələrə imza atır. Bu baxımdan konvensiyanın Qarabağ probleminə - həm iqtisadi, həm təhlükəsizlik nöqteyi-nəzərindən, həm də Ermənistanın dünya tərəfindən düzgün yola gətirilməsi istiqamətində ciddi təsiri olacaq".

Dünyanın çox mürəkkəb proseslər yaşadığını vurğulayan Səməd Seyidov qeyd edib ki, davalar, münaqişələr, dil tapmamaq halı genişlənib: "Vaxtilə çox sıx əlaqədə olan Avropa Birliyi dövlətləri qaçqın problemində konsensusa gələ bilmir, bir-birinə zidd qərarlar qəbul edirlər. Bir araya gəlib vahid fikir söyləməklə konvensiyaya imza atmaq həmin dövlətlərin maraqlarının əks olunması deməkdir".

Millət vəkili hesab edir ki, dünyadakı mürəkkəb proseslər fonunda bunu nadir hadisə kimi qiymətləndirmək olar: "Bu, iki və ya üçtərəfli deyil, beştərəfli konvensiyadır. Konvensiyaya ona görə imza atılıb ki, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanın milli maraqları təmin olunsun. Bəlkə də paradoksal səslənəcək, amma milli maraqları ən çox təmin edən məhz Azərbaycan tərəfidir. Ona görə ki, bu gündən sonra Azərbaycan vasitəsilə Xəzərin inkişafı təmin olunacaq. Bəlkə bir az qəribə səslənir, amma Azərbaycanın təcrübəsində bu olub. Cənab Prezident tərəfindən görülmüş işlər Xəzərin inkişafının əsasını, bünövrəsini, kökünü təşkil edib. Misal üçün, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzərin enerji və karbohidrogen ehtiyatlarının dünyaya çatdırılmasını Azərbaycan təmin edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri reallaşıb. Böyük biznes təşkilatları və dövlətlər heç vaxt qeyri-sabit yerə getmirlər. Onlar sabit, hüquqi bazanın mövcud olduğu bir yer seçib ora sərmayə qoyurlar. Bu nöqteyi-nəzərdən TAP, TANAP kimi uğurlu layihələrimiz ən yüksək səviyyədə gerçəkləşir. Məhz Azərbaycan vasitəsilə Xəzəryanı dövlətlərin milli maraqları təmin olunacaq. Heydər Əliyevin bünövrəsini qoyduğu və bu gün İlham Əliyevin həyata keçirdiyi siyasət budur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz