Tanınmış aktrisa Yaşar Nuri üçün hönkür-hönkür ağladı: "Arada sevgi, yarımçıq məhəbbət var idi"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Lətifə Əliyevanın Milli.Az-a müsahibəsi.

- Lətifə xanım, uzun müddətdir efirlərdə görünmürsünüz. Səhhətinizdə problemlərin olduğunu bilirik. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Ayaqlarım sözümə baxmır, evdə əsa ilə gəzirəm. 52 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram. Bəzən ürəyim elə darıxır bir də görürəm ki, teatrdayam. Tamaşa oynayanda ayağıma iynə vurdurub səhnəyə çıxıram. Bu günlərdə teatrda bir obraz oynadım. Bütün tamaşaçılar oturub hönkür-hönkür ağladı. Mən də seriala, filmə çəkilmək istəyirəm. İstedad necə olar ki? Hər dəfə mənə niyə bu maneçiliyi törədirlər? Heç olmasa bütün seriala çəkmirsən, 5-10 seriyasına çək! Mənim də qohum-əqrəbam var, mən də insanam. İnsan nə qədər suallara cavab verər? Bir seriala çəkilirlər, növbəti serialda yenə də həmin kollektivi görürük. Bu paxıllıq deyil, amma hər şeyin bir həddi var.

- Elə obraz olub ki, oynamaq istəmisiz amma qarşınızı kəsiblər?

- Əlbəttə, çox olub! Əgər mənə mane olmasaydılar bundan da çox obraz oynayardım. Mənə uyğun obrazları görürdüm ki, başqa aktrisalar oynayır. Halal xoşları olsun! Mən bu münasibətdən sadəcə incik düşürdüm.

- Bu günkü gündə bir çox seriallar çəkilir. Heç birindən sizə dəvət gəlməyib?

- Keçən il "Laləli saray" serialından mənə təklif gəlmişdi, getdim, rejissorla görüşdüm amma nədənsə alınmadı. Rejissor mənə demişdi ki, sizi çağıracaqıq. Ekranda gördüm ki, mənim yerimə başqası çəkilir. Sonradan eşitdim ki, orda kimsə deyib ki, Lətifə xanımın xasiyyəti yaxşı deyil, onu çəkməyin. İnsanlar doymur bu pislikdən? Küçədə məni görən deyir ki, gözümüz səni axtarır. Deyirlər ki, nə olar ki, bir obrazı da siz oynayın da. Mən bu cür insanları görəndə mənən əzab çəkirəm. O insanlara mən minnətdaram ki, məni mənim yadıma salırlar.

- Sənət yoldaşlarınızdan kimlər sizə baş çəkir?

 

- Sağ olsunlar zəng edib, hal-əhval tuturlar. Gəlmək istəyirlər, amma mən özüm istəmirəm ki, onlara əziyyət verim. İstəmirəm ki, məni gəlib bu cür vəziyyətdə görsünlər. Bəzən Allaha yalvarıram ki, ya rəbbim, qoy qırışsın mənim üzüm. Bəlkə onda məni çəkərlər! 75 yaşındakı qadının üzü qırışmış olar da.

- Köhnə filmlərinizə baxanda nə kimi hisslər keçirirsiniz?

- Mən 20-yə yaxın filmdə çəkilmişəm. Amma ən bəyəndiyim və hələ də unuda bilmədiyim obrazım "Bəyin oğurlanması" filmində olub. Vaqif Mustafayev zamanın nəbzini tutan rejissordur. O filmdə bizim Yaşar Nuri ilə səhnəmiz var. Filmə baxanda mənə dəli kimi bir ağlamaq gəlir (ağlayır). Heyfim gəlir ki, Yaşar Nuri kimi aktyor həyatda yoxdur. Tərəf müqabili kimi Yaşar çox əzəmətli idi. Filmdə aramızda yarımçıq sevgi, nisgil vardı. Mən Yaşara o filmdə daha çox bağlandım, hörmətim daha çox oldu.

- Arzuladığınız obraz varmı?

- Zaman-zaman istəmişəm ki, arzuladığım rolları oynayım, amma həmin rolların vaxtı çoxdan keçib. Dəhşətli bir dramatik rol oynamaq istəyirəm.

- Tamaşaçılarınıza bizim vasitəmizlə nə demək istərdiniz?

- Onlara demək istəyirəm ki, çəkilməməyimdən istifadə edib məni unutmasınlar (ağlayır). Yəqin ki, mən də nə vaxtsa çəkilərəm.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.