Səbirsizliklə gözlənilən "Təhminə və Zaur" serialında nələr yaşanacaq: "Romantik öpüş səhnələri..."

14 сентября 2018 22:37

Day.Az представляет новость на азербайджанском языке

"Yəqin ki, Firəngizlə evlənərdim. Mühafizəkar düşüncəli kişilər həyatlarında əlavə problemlər istəmir. Ümumiyyətlə, onlar çalışır ki, söz-söhbətdən uzaq, sakit həyat yaşasın. Macərapərəstlər Təhminə ilə yaşamağı seçərdi".

Day.Az bildirir ki, bu sözləri "Təhminə və Zaur" teleserialında Zaur rolu ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan aktyor Cövdət Şükürov publika.az-a müsahibəsində deyib.

- Teleserial "ixracı" baxımından Türkiyə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Türkiyədə gənclər arasında aktyorluq sənəti ona görə məşhurdur ki, aktyorlar kifayət qədər böyük pullar qazana bilir. Bəs Azərbaycanda necə, gəncləri aktyor olmağa həvəsləndirən tutarlı səbəblər varmı?

- Təəssüf ki, kino və seriallarımız Türkiyədəki qədər yüksək səviyyədə deyil. Bu sənətə həvəs göstərən qeyri-peşəkar aktyorlar sadəcə quru populyarlıq istəyir. Ya da bu işi çox sevməlisən ki, sənət yolunda özünü fəda etməyə hazır olasan.

- Necə oldu ki, aktyor olmağa qərar verdiniz?

- Nəsibə Zeynalovanın ailəsi ilə yaxın olmuşuq, tez-tez onlara qonaq gedirdim. Bir dəfə Nəsibə xanım "Parabüzən" adlı satirik verilişə çəkilirdi, mən də onlarda idim. Rejissorun təklifi ilə verilişdə oynadım, 11-12 yaşım olardı. O layihədə bir neçə il mütəmadi olaraq çəkildim və bu işi sevməyə başladım.

- Təsirli səhnələrin inandırıcı alınması üçün bəzən uşaqları bilərəkdən ağladırlar. Rejissor sizdən öz istədiyini ala bilirdi? Yəqin ki, maraqlı hadisələr az olmayıb...

- Çəkilişlərin birində rolum yaxşı alınmırdı, məni o qədər oynatmışdılar ki, aktyorluğa nifrət etməyə başlamışdım. Həm çox danlamışdılar, həm də çox yorulmuşdum. İndi gülərək danışdığım əhvalat 11 yaşlı uşaq üçün əsl faciə idi (gülürük). Bu işi davam etdirəcəyimi düşünməzdim.

Məktəbi bitirdikdən sonra sənədlərimi Aviasiya Akademiyasına vermişdim, Mədəniyyət və İncəsənət Universiteti haqqında düşünmürdüm. Akademiyaya qəbul ola bilmədim. Növbəti il Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsinə daxil oldum. Əslində filmlərə olan böyük sevgim sövq etdi ki, bu universiteti seçim.

- Elə film səhnəsi varmı ki, sizə dərin təsir bağışlayıb və həmin rolu oynamaq istəmisiniz?

- Klassik filmlərimizin hamısını sevirəm, xüsusilə "Babək" kinosunda ata ilə oğulun səhnəsi məndə həmişə güclü təəssüratlar oyadır.

- Kişi həmkarlarınız arasında seçilən aktyorlardan birisiniz. Sözsüz ki, yeni nəsil aktyorları nəzərdə tuturam. Seriallardan və filmlərdən istədiyiniz qazancı əldə edə bilirsiniz? Ümumiyyətlə, Cövdət Şükürovu bahalı aktyor adlandırmaq olar?

- Başqa bir peşə sahibi olsaydım, gəlirim daha az olardı. Hansısa vəzifəyə və ya pilləyə yüksəlmək üçün illərini qurban verməlisən. İnsan kimi hazırda qazancımdan razı ola bilərəm, aktyor kimi yox. Kino sənayesinin inkişaf etmiş və daha gəlirli sahələrdən biri olmasını istərdim. Kino biznesdir və onu böyük pullar idarə etməlidir.

- Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında çəkilən "Təhminə və Zaur" serialında əsas qəhrəmanı sizə həvalə ediblər. Cövdət Şükürova şanslı aktyor demək olar? Axı bu rolun həsrətində olanlar az deyil...

- Əlbəttə ki, şanslıyam, lakin bura gəlib çıxmaq üçün əziyyət çəkmişəm. Birdən-birə baş rol ifaçısı olmamışam.

- Həm də yaraşıqlısınız...

- Yaraşıq aktyor üçün köməkçi bir vasitədir, istedad olmasa, heç kim səni aktyor kimi qəbul etməyəcək. Məndən 5 qat yaraşıqlı, boy-buxunlu, enli kürək model oğlanlar var ki, kamera qarşısında oynaya bilmirlər. Əgər rolun haqqını verə bilməsən, yaraşıqlı olmağın heç bir əhəmiyyəti qalmayacaq.

- Seriala çəkilmək təklifi kimdən gəldi?

- Layihənin rejissoru Şahin Qəhrəmandan.

- Fəxrəddin Manafov bu filmdə mükəmməl obraz yaradıb. Onun ifasını üstələyə biləcəyinizə inanırsınız?

- Fəxrəddin bəy Azərbaycan kinosunun ikonasıdır, onu üstələməyi düşünmürəm. O, "Təhminə və Zaur"a 1993-cü ildə çəkilib, artıq zəmanə dəyişib. Biz bu əsəri müasir dövrün tələblərinə uyğunlaşdrmağa çalışmışıq. Ekran işində daha müasir Zaur görəcəksiniz. Rolumun öhdəsindən alnıaçıq çıxacağıma inanıram.

- Müasir Zaur əvvəlkindən nə ilə fərqlənəcək?

- Fərqli nüanslar kifayət qədərdir, detallar barədə ipucu verməyək, aradakı fərqi qoy tamaşaçılar özləri müəyyənləşdirsin.

- Köhnə layihələrin yeni versiyalarında rejissorlar adətən çalışır ki, aktyorlar rolların ilk ifaçılarına bənzəsin. "Təhminə və Zaur" dedikdə Fəxrəddin bəyin zahiri görünüşü yada düşür. Onunla zahirən bənzədiyinizi demək olmaz. Rejissorun sizi seçməsi həm cəsarətli, həm maraqlı, həm də riskli addımdır. Qorxmursunuz ki, tamaşaçı sarışın, yaşılgöz Zauru bəyənməsin...

- Fəxrəddin bəyi aktyor kimi əzəmətli edən onun yaratdığı obrazları və oyunudur. Sözümü öz işim və oyumunla deyəcəyəm. Ümumiyyətlə, tənqidlərə hazıram, tamaşaçının fikrinə hörmətlə qarşılayıram və onlara cavab vermirəm. Kiminsə fikrini dəyişdirməyə çalışmıram. Əgər sarışın "Zauru" bəyənmirlərsə, onda seriala baxmasınlar. Hər halda layihənin uğurlu alınacağına şübhə etmirəm, bunun üçün əlimdən gələni əsirgəmirəm.

- Çəkiliş prosesləri necə gedir?

- İlk vaxtlar mühitə öyrəşənə kimi bir qədər çətinlik çəkirdik. Obraza nə qədər hazırlıqlı olsan da, onu kamera arxasında tapırsan. Serialda səhvə yol vermisənsə, sabah onu düzəltmək şansın var, lakin filmdə belə bir şansın yoxdur.

- Serialdakı tərəf müqabiliniz Natavan Ələkbərova ilə enerjiniz uyğun gəlir?

- Bütün sevgi səhnələrini milli mentalitetimizi düşünərək oynayırıq. Natavan öz üzərində çalışmağa davam etsə, kifayət qədər tanınan aktrisa olacaq, istedadlı xanımdır.

- Mentaliteti düşünərək oynamaq sizi ruhən yorur?

- Realist adamam, reallıqla barışmışam. Bilirəm ki, 100 ildən sonra uçan maşınların olduğu dövrdə yaşasaq, bizdə mentalitet qanunları yaşamağa və insanların həyatına təsir etməyə davam edəcək.

- Yəni Azərbaycan mentaliteti icazə vermir ki, aktyor istənilən rolu rahatlıqla qəbul etsin və oynasın...

- Həyatda öz qanunlarım var, istədiyim kimi yaşayıram. Yad insanların fikri sizin üçün prioritet olmamalıdır. Şəxsi həyatımla bağlı başqalarının düşüncəsi mənə maraqlı deyil. Milli mentaliteti əlində bayraq edənlərin öz həyatı heç də problemsiz deyil. Hər kəs öz evinin içinə baxsa, daha yaxşı olar.

- Müasir yerli filmlərin sevgi səhnələrində sünilik nəzərə çarpır, bəzi hallarda səmimiyyət hiss olunmur. Bu, tamaşaçıların açıq səhnələrə hazır olmaması ilə bağlıdır?

- Bu iradı çoxlarından eşidirəm. Əlbəttə ki, süni alınacaq. Əgər sevgi səhnəsi çəkiriksə və orada öpüşə ehtiyac varsa, aktyor onu canlandırmalıdır. Nəticədə dostunla oturub nərd oynamırsan... İstər filmlərimiz, istərsə də seriallarımız öpüş səhnələrindən uzaqdır. Odur ki, yaradılan səhnə inandırıcı alınmır.

Bu, artıq bütün dünyada qəbul olunub. Türk və xarici filmlərdə romantik öpüş səhnələrinə oturub baxa bilirik, özümüzdə çəkiləndə isə etiraz səsini qaldırırıq. Niyə onlara olar, bizə isə yox? Hamımız eyni təbiətin övladlarıyıq.

 

- Yazıçı Anardan icazə almısınız?

- Əlbəttə, layihənin rəhbərləri Anar bəylə söhbət edib razılığını almışıq. İlk işimiz elə bu oldu.

- Yüksək reytinq qazana biləcəksiniz?

- Serialın adı onun reytinqidir. Biz də öz növbəmizdə öhdəmizə düşən vəzifəni yerinə yetiririk.

- Zaur istəsə də, istəməsə də, sevdiyi qadına xəyanət edir. Milli mentalitet, ailələrinin etirazı, mühafizəkar cəmiyyətin qınağı və s. səbəblər onları ayırır. Zaurun yerində olsaydınız, qərarınız necə olardı?

- Yəqin ki, Firəngizlə evlənərdim. Mühafizəkar düşüncəli kişilər həyatlarında əlavə problemlər istəmir. Ümumiyyətlə, onlar çalışır ki, söz-söhbətdən uzaq, sakit həyat yaşasın. Macərapərəstlər Təhminə ilə yaşamağı seçərdi.

- Sizcə, valideyn məsləhəti ilə, yoxsa sevgi üzərində qurulan ailələrin təməli sağlam və xoşbəxtdir?

- Valideynin xeyir-duası olmasa, sevdiyin qadınla xoşbəxt ola bilməyəcəksən, içindəki natamamlıq hissi səni daim narahat edəcək. Əlbəttə, bu, o demək deyil ki, ailə quracağımız insanı valideynlərimiz seçməlidir. Hər halda onların bu barədə fikirlərinə və qərarlarına hörmət etmək borcumuzdur. Valideyn xeyir-duası çox şablon səslənsə də, müdrik məsləhətinə həmişə və hər kəsin ehtiyac var.

- Sizcə, xanımlar hansı xüsusiyyətlərə sahib olmalıdır ki, kişilər onlara xəyanət etməsin?

- Çox qəliz sualdır. Bu, fərdə görə dəyişə bilər. Çoxları kişinin xanımına xəyanətini təbii hal sayır. Mentalitetimiz belə yanaşmaya haqq qazandırsa da, mən bunu qəbul etmirəm. Əgər ailə qurduğunuz insanla münasibətləriniz alınmırsa, sadəcə yolları ayırmaq lazımdır.

Ağıllı qadın kişini əldə saxlamağı və ailəsini qorumağı bacarır. Bunun üçün dava etmək və evdə hegemonluq etmək lazım deyil, qadın müdrikliyini, qayğıkeşliyini, səmimiyyətini və digər müsbət keyfiyyətləri nəzərdə tuturam.

- İki gəncin baş tutmayan böyük məhəbbətindən danışan layihədə iştirak edirsiniz. Maraqlıdır ki, həyatda böyük məhəbbət yaşamısınız?

- Sevib ailə qurmuşam, artıq beş ildir evliyəm.

- Yaraşıqlı, xarizmatik məşhurların xanım pərəstişkarları daha çoxdur. Bu, həyat yoldaşınızın qısqanclığına səbəb olur?

- Yeni ailə quranda adətən bütün cütlüklər arasında qısqanclıq üstündə xırda mübahisələr olur. Bizdə də həmçinin. Lakin iki insan bir-birini tanımağa başladıqdan sonra belə problemlər aradan qalxır. İnstaqram və ya feysbukda məktub yazanlara sadəcə ehtiyac olduğu hallarda cavab yazıram. Xanımım bilir ki, aktyoram. İmkan vermir ki, əhəmiyyətsiz mübahisələr ailəmizdə problem yaratsın.

- Bu sənətdə kimi ustadınız hesab edirsiniz?

- Təhsilimi daha çox filmlərdən alıram. Kitablar da oxuyuram, etiraf etməliyəm ki, filmlər ruhuma daha çox toxunur. Sevdiyim aktyorları təkrarlamağa çalışmadan, texnikalardan, jestlərdən, mimikalardan, adi baxışlardan bəhrələnirəm.

- Sizi bəzən Azərbaycanın Kıvanç Tatlıtuğu adlandırırlar...

- Kıvanç Tatlıtuğu aktyor kimi çox bəyənirəm. Aktyorluğundan əlavə öz üzərində işləməsinə heyranam. Onun ilk işləriylə indiki rolları və aktyorluq qabiliyyəti inanılmaz dərəcədə dəyişib. Məsələn, Kənan İmirzaloğlunun rolları arasında fərq hiss olunmur.

- Tanınmış yazıçı Qan Turalı bu yaxınlarda öz yazısında müasir filmləri tənqid etmişdi. Sizi aktyor kimi filmlərimizin hazırkı səviyyəsi, ssenarisi, rejissor işi və s. amilləri qane edir?

- Qane etdiyini edir desəm, yalan danışmış olaram. Əlbəttə ki, müəyyən nöqsanlar var. Film çəkmək dəbə düşüb, asan biznesə çevrilib, əlinə pul keçən hər kəs film çəkmək istəyir. Pul gətirdiyi üçün hər kəs komediyaya qaçır. Görülən iş keyfiyyətli olmayandan sonra hansı puldan söhbət gedə bilər? Təklif edirəm ki, bunu peşəkarların öhdəsinə buraxaq.

- Kino sənayesinin inkişafı kimdən asılıdır? Rejissordan, aktyordan, ssenari müəllifindən, yoxsa böyük büdcədən?

- Film komanda işidir, yaradıcı heyətin bütün tərkibi peşəkarlardan ibarət olmalıdır ki, məhsul mükəmməl alınsın. Danmaq olmaz ki, kino sənayesi Azərbaycanda yavaş-yavaş inkişafa doğru gedir. Bunun üçün çox yol qət etməliyik, hələ ilk addımlarımızı atırıq.

- Qazanc naminə oynamaq məcburiyyətində qaldığınız filmlər olub?

- Olub, indi çox peşmanam. Amma o pulu xərcləyəndə heç peşman deyildim.

- Teatrla aranız necədir?

- Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyoruyam. Əvvəllər Rus dram Teatrında çalışmışam.

- Oradan niyə ayrıldınız?

- Səhnədə rus dilində danışmaq məcburiyyətində idim. Rus Dram Teatrından sonra serial çəkilişlərinə gəlib Azərbaycan dilində danışmaq məni yorurdu. Bəzən improvizəyə gərək olur, sözü beynində tərcümə edənə qədər vaxt gedir...

- Cövdət Şükürov həyatda necə insandır?

- Hövsələsiz adamam, əsəbiyəm.

- Halbuki sakit və mülayim görünürsünüz.

- Gülərüz olmağa çalışsam da, tez özümdən çıxıram. Bu, işdə və həyatda mənə problem yaradır. Nə edim... Belə yaradılmışam.

- Suallarım bitdi. Yeni layihənizdə sizə bol şans diləyir və bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Çox sağ olun.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!