"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO

15 сентября 2018 13:07

Day.Az представляет новость на азербайджанском языке

2016-cı ilin aprel ayında təmas xəttində gedən döyüşlərdə canlarından keçən şəhidlərin bir neçəsinin övladları bu il məktəbə ilk qədəmlərini qoyacaq.

Şəhid kiçik gizir Seymur Baxışovun yeganə yadigarı, oğlu Amin də builki birincilər arasındadır.

Övladı Xətai Rayon Zəkalar Liseyində təhsil alacaq S.Baxışovun xanımı Aynur Baxışova Trend-ə deyib:

"Bir müddət əvvəl Amin birinci sinfə getmək üçün imtahan verdi. O, heç bir problem yaşamadan imtahandan keçdi".

A.Baxışova övladının tez-tez atasını yadına saldığını da vurğulayıb:

"Baş verənlərin hamısı Aminin yadındadır, o, tez-tez olanları yada salır, atasını soruşur. Amini məktəbə yola salmaq üçün bütün yaxın qohumlar gələcək, amma onların heç biri Aminə atasının yerini verə bilməz".

Aprel döyüşlərinin daha bir şəhidi, kapitan Mühid Orucovun əkiz övladları Anar və Vüqar isə bu il ikinci sinfə gedəcək. Mühidin həyat yoldaşı Qumru xanım Trend-ə övladlarının Sumqayıtda yerləşən Nizami Gəncəvi adına liseydə təhsil adıqlarını bildirib:

"Anar və Vüqarın hazırda 7 yaşı var. Onlar bu il ikinci sinfə gedəcək, hər ikisi ağıllı uşaqlardır, təhsillə bağlı heç bir çətinlikləri yoxdur. Mühidin yaxınları və qohumları tez-tez onların təhsili ilə maraqlanır. Sağ olsunlar, heç vaxt unutmurlar".

Qeyd edək ki, kapitan Mühid Orucov və kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 2-də baş verən döyüşlər zamanı şəhid olublar. M.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə, kiçik gizir S.Baxışov isə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!