Deputat: "Belə paradların çox da uzaq olmayan gələcəkdə işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur"

16 сентября 2018 09:49

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə idi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, 100 il bundan əvvəl Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun birlikdə keçirdikləri uğurlu əməliyyat nəticəsində Bakı şəhəri daşnak-bolşevik dəstələrindən azad edildi:

"Bununla da tarixi Azərbaycan torpağının baş şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə, hərbi əməliyyat deyildi, ümumilikdə Azərbaycan xalqının özünün müstəqillik arzusunu həyata keçirməsi idi. Bu hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir".

A.Mirzəzadə vurğulayıb ki, Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd etməyə hazırlıq çoxdan gedirdi: "Bunun kulminasiya nöqtəsi isə bu gün keçirilən hərbi parad oldu. Hərbi paradda Türkiyənin dövlət başçısı, Azərbaycanın dostu Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin hökumət üzvlərinin, türk hərbi birləşmələrinin iştirakı iki qardaş xalqın birliyindən, həmişə bir-birinə dəstək olacağından xəbər verir".

Millət vəkilinin sözlərinə görə, bugünkü paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz:

"Bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!