Bakının kirayə mənzil bazarında baş verənlər - Tələb artıb, amma qanunda...

16 сентября 2018 16:38

Day.Az представляет новость на азербайджанском языке

Payızın yaxınlaşması ilə bir vaxtda ənənəvi olaraq Bakıda kirayə evlərə də tələbat artır. Bu onunla əlaqədardır ki, rayonlardan minlərlə tələbə təhsil almaq üçün paytaxta üz tutur. Digər tərəfdən isə rayonlardan Bakıya payız-qış aylarında günəmuzd işlərdə işləmək üçün gələnlər artır. Belələri yaz-yay aylarında bölgələrdə əkin-biçinlə məşğul olanlardır.

Milli.Az virtualaz.org-a istinadən qeyd edir ki, son günlər kirayə mənzil bazarında qıtlıq yarandığı haqda xəbərlər artıq eşidilir. Bazarda tələb təklifi üstələdiyindən nəinki normal şəraitli mənzillərə, hətta heç bir şəraiti olmayan gecəqondulara da tələbat artıb. Ekspertlər bu səbəbdən qiymətlərin təxminən 30-40 faiz bahalaşdığını deyirlər. Belə ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 və 3 otaqlı evlər isə müvafiq olaraq 350-400 və 500 manatdan başlayan qiymətlərlə təklif olunur.

Bəs Bakının kirayə bazarına çıxarılan mənzillərin, fərdi evlərin ümumi sayı barədə hansısa hesablamalar varmı? Digər tərəfdən mənzillərin kirayə verilməsi zamanı kirayə müqavilələrinin vergiyə cəlb edilməsi nə dərəcədə geniş tətbiq edilir?

Qanunvericilik nə deyir...

Qanunvericiliyə görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından 14 faiz vergi ödəməlidir. Bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarəhaqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verirsə, onda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və VÖEN əldə etməlidir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə mğəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir. Həmin maddənin tələblərinə əsasən, vergi tutulan illik gəlirin məbləği 24000 manatadək olduqda 14 faiz, 24000 manatdan çox olduqda 3360 manat + 24000 manatdan çox olan məbləğin 30 faizi müəyyən edilir.

Vergi ödəyən kirayə mənzillərin sayı 3-10 faiz arasındadır

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, bu istiqamətdə dəqiq hesablama aparılmasa da, paytaxtdamənzil kirayə verənlərin vergi ödəməməsi halları geniş yayılıb: "Bu gün Bakı şəhərində xeyli sayda kirayə mənzilin vergiyə cəlb olunması prosesi tam olaraq tənzimlənmir. Dəqiq statistika üçün bütün kirayə verilən mənzillər vergiyə cəlb olunmalıdır. Ona görə də, burada rəqəm söyləmək mümkün deyil. Amma paytaxtın müxtəlif ərazilərində kirayə verilən xeyli sayda mənzillər var. Hətta son illərdə ayrı-ayrı şəxslər gündəlik kirayə vermək yolu ilə pul qazanmağa çalışırlar. O səbəbdən bunun reyestri barədə nəsə demək çətindir. Bakıda kommersiya məqsədilə verilən kirayə mənzillərin vergiyə cəlb olunması təxminən 3-10 faiz arasında dəyişir".

R.Osmanlı deyir ki, İstənilən kirayə münasibətləri qanunla tənzimlənməlidir, müqavilə bağlanmalıdır. Və həmin gəlirdən dövlət büdcəsinə vergi ödənməlidir. Vergilər Nazirliyinin nəzarət üçün tam resursları olmadığına görə, bundan çox hallarda sui-istifadə olunur, müqavilələr rəsmiləşdirilmir. Amma qanunvericilik birmənalı şəkildə bu məsələni tənzimləyir.

Ekspertin sözlərinə görə, mənzil kirayə verilərkən tərəflər arasında kirayə münasibətlərinin rəsmiləşdirilməsi tək vergi məsələsində deyil, həm də gələcəkdə baş verə biləcək qanun pozuntularının da qarşısını ala bilər. Bu zaman gələcəkdə baş verən problemlər də məhkəmə qaydasında öz həllini tapa bilər. Əks halda, məsələn, kirayədə qalan şəxs evdəki dəyərli bir əşyanı apararsa və ya evə xeyli miqdarda ziyan vurarsa, bunu ondan tələb etmək imkanları məhdudlaşır.

R.Osmanlının sözlərinə görə, əcnəbi şəxslər kirayə evlə bağlı müqavilə bağlayarkən yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər. Əks halda onları cərimə gözləyir. Amma rayonlardan gələn sakinlər üçün belə bir tələb yoxdur.

"2-3 ilə kirayə verənlərin sayı həddindən artıq azalacaq" - iqtisadçı

İqtisadçı Qadir İbrahimli isə hesab edir ki, bir qədər vaxt tələb edən məsələ olsa da, bu problemin həlli üçün mexanizm tapılmalıdır.

"Bu problemi həll etmək üçün mexanizm tapılmalıdır. Amma bu bir qədər vaxt tələb edən məsələdir, ona görə də, yaxın vaxtlarda işlənib hazırlanmasına o qədər də inanmıram. Yaxın vaxtlarda bu məsələ tamamilə başqa formada həllini tapa bilər. Mənzil kirayəsini vergiyə cəlb etmək üçün ola bilsin daha sadə mexanizmlər tapılacaq. Bildiyimiz kimi artıq daşınmaz əmlak bazarında başqa proseslər gedir, alıcılara uzunmüddətli kreditlər təklif olunur. Əgər belə getsə, yaxın 2-3 ilə kirayə verənlərin sayı həddindən artıq azalacaq. Çünki insanlar 350 manat verib kirayə qalmaqdansa, uzunmüddətli kreditlə olan evi əldə edə bilərlər", - ekspert belə deyir.

Vergilər Nazirliyi: Nəzarət edə bilmirik

Vergilər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, mənzilini kirayə verən vətəndaşların bu cür fəaliyyətinə nəzarəti təmin etməkdə obyektiv çətinliklər olduğuna görə, daxilolmalarla bağlı tam mənzərə aydın deyil. Mənzilini kirayə verən şəxslər ilk növbədə öz hüquqlarını qorumaq, hər hansı dələduzluq və ya aldadılma halları ilə qarşılaşmamaq, eyni zamanda, vergi sanksiyaları ilə rastlaşmamaq üçün bu fəaliyyətlərini leqallaşdırmalı, kirayə münasibətlərini rəsmiləşdirməli, yaranan vergi öhdəliklərini yerinə yetirməkdə maraqlı olmalıdırlar.

Nazirlikdən həmçinin bildirib ki, bəzi vergi ödəyiciləri kirayə müqavilələrində icarəhaqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Bu hallarda mənzilini kirayə verənlər vergidən yayındıqda onun barəsindəaşağıdakı məsuliyyət tədbirləri tətbiq oluna bilər.

Müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa və bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarəhaqlarına görə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir. Verginin hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına və vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!