Səfilin “28 Mall”da bomba həyəcanı və...

Day.Az представляет новость на азербайджанском языке

Ağdaşdan paytaxta iş axtarmağa gələn Rəvan Fətəliyev gündüzlər "28 Mall" ticarət mərkəzindəki kafelərdə müştərilərin qablarından artıq qalan yeməklərlə dolanıb, gecələr isə Səməd Vurğun bağındakı oturacaqlarda yatıb.

Amma bir neçə günə bu yaşayış onu bezdirib, taksofondan DİN-in 102 xidmətinə zəng vuraraq "28 Mall"a dostu tərəfindən bomba qoyulduğunu, partlayış olacağını deyib. Əməliyyat-istintaq qrupu yaradılıb, polis əməkdaşları Rəvanı elə "28 Mall"un çıxışında yaxalaylblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan xəbər verməkdə ittiham olunan Ağdaş rayon sakini, 34 yaşlı Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, R.Fətəliyev 4 aprel 2016-cı ildə DİN-in 102 xidmətinə zəng vuraraq Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Araşdırmalar nəticəsində məlumatın yalan olması müəyyən olunub.

Nizami rayon məhkəməsi tərəfindən R.Fətəliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

R.Fətəliyevin valideynləri bir neçə il əvvəl vəfat edib, qardaşı Rüstəmlə birgə rayonda yaşayıb, iki il öncə Novruz bayramı ərəfəsində işləmək üçün Bakıya gəlib. İkinci qrup əlil olduğunu deyən R.Fətəliyev heç yerdə iş tapa bilməyib, mənzil kirayələməyə maddi imkanı olmadığından, gecələri parklardakı oturacaqlarda yatıb. Gündüzlər isə "28 Mall" ticarət mərkəzindəki kafelərdə müştərilərin masasından artıq qalan yeməkləri yeməklə dolanıb. Özünə münasib iş tapa bilməyən R.Fətəliyev sonda özü-özünü "işə salıb". O, DİN-in 102 xidmətinə zəng vuraraq Faiq adlı dostunun "28 Mall" ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirdiyini, bombanın 18 dəqiqədən sonra partlayacağını deyib.

Polis əməkdaşları R.Fətəliyevi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. Ertəsi gün R.Fətəliyev barəsində Nizami rayon məhkəməsi həbs-qətimkan tədbiri seçilib. İstintaq təcridxanasında saxlanıldığı müddətdə onda psixoloji pozuntuların olması müşahidə edilib. Məhkəmə-psixatrik ekspertizasının rəyindən məlum olub ki, R.Fətəliyev öz əməlini dərk etmək iqtidarında deyil. Bu səbəbdən də R.Fətəliyev 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib. Uzun müddət müalicə olunduqdan sonra cinayət işi üzrə icraat təzələnib və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib, iki il sonra yenidən məhkəmə önünə çıxarılıb.

Məhkəmədə dindirilərkən R.Fətəliyev ona elan olunan ittihamla özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmünə əsasən, R.Fətəliyev 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu və psixiatriya stasionarında məcburi müalicə aldığı müddətlər əsas cəzaya daxil edildiyindən cəzası çəkilmiş hesab edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz