Facebook: 29 milyon insanın məlumatları ələ keçirilib

13 октября 2018 22:40

Day.Az представляет новость на азербайджанском языке

Facebook sosial şəbəkəsinin sentyabr ayındakı haker hücumu nəticəsində 29 milyon istifadəçisinin məlumatı ələ keçirildiyini bildirib. Bu barədə sosial şəbəkə öz bloqunda yazıb.

Hakerlər Facebook sosial şəbəkəsinin kodunda 2017-ci ilin iyul ayından 2018-ci ilin sentyabr ayına qədər mövcud olmuş boşluqdan istifadə edərək, məlumatları toplaya biliblər. Şirkət bu boşluğun "View as" funkisyasının kodunda olduğu müəyyən etdiklərini artıq bildirmişdi. Kodda mövcud olan boşluq istifadəçilərin unikal açarlarını görmək imkanı verirdi. Token adlanan bu unikal açar istifadəçiyə hər dəfə şifrəni yazmadan hesabına daxil olmağa kömək edirdi.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu boşluğa görə hakerlər 400,000 insanın, onların dostlarının və dostlarının dostlarının tokenlərini oğurlaya biliblər. Bütövlükdə hakerlər 29 milyon insanın məlumatlarını əldə ediblər.

Hakerlər həmin istifadəçilərin 15 milyonunun hesabından onların adlarını, telefon nömrələrini və elektron poçt ünvanlarını götürə biliblər.

Digər 14 milyon istifadəçinin isə yuxarıdakı məlumatlara əlavə olaraq, hesabda qeyd edilən digər məlumatları da hakerlərin əlinə keçib. Həmin məlumatlara cins, dil, evlilik statusu, din, doğulduğun şəhər, yaşadığın şəhər, doğum tarixi, təhsil, iş yeri, istifadə edilən cihaz və s. daxildir.

Hakerlər daha 1 milyon istifadəçinin hesabına daxil ola bilsələr, onların hesabından heç heç bir məlumat əldə edə bilməyiblər.

Şirkət bildirir ki, bu haker hücumu Messenger, Messenger Kids, Instagram, WhatsApp, Oculus, Workplace, Pages, ödənişlər, digər tətbiqetməkər, reklamçıların və proqramçıların qeydlərinə toxunmayıb.

Sosial şəbəkə əlavə edib ki, haker hücumu ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBR) ilə əməkdaşlıq edilir və onlar tərəfindən hücumun arxasında kimlərin dayana biləcəyi ehtimalları haqqında heç bir qeyd edilməməsi xahiş edilib.

Facebook sentyabr ayında koddakı səhvə görə hakerlərin təxminən 50 milyona qədər istifadəçinin məlumatını ələ keçirdiyini bildirmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!