"Mənə pis gəlir, utanıram"

Day.Az представляет новость на азербайджанском языке

Day.Az qol.az-a istinadən xəbər verir ki, "Keşlə"nin hücumçusu Bahodir Nasimov müsahibə verib. Sonuncu pillədə olduqlarına görə utandığını bildirən özbəkistanlı futbolçu qış fasiləsində komandadan göndəriləcəyinə dair yayılan xəbərlərə də aydınlıq gətirib.

- Birinci dövrədən sonra komandanız autsayderdir. Nə baş verir?

- Açığı, mənim özümə də pis gəlir. İlk dəfədir oynadığım komanda sonuncu pillədə qərarlaşır. Buna qədər harda oynamışamsa, heç vaxt axırıncı olmamışam. Düzünü desəm, autsayder olduğumuza görə utanıram. Düşünürəm ki, bunda hamımız günahkarıq. Yəqin, tək mən yox, hamımız üçün utancverici vəziyyətdir. Son pillədən yaxa qurtarmağa çalışacağıq.

- Bundan əvvəl də Azərbnaycanda oynamsınız. Qol vuran, meydanda yorulmaq bilməyən Bahodiri hələlik görmürük. Sizə nə mane olur?

- Xatırlayırsınızsa, "Neftçi"də olanda hər oyun 90 dəqiqə oynayırdım. "Keşlə"də isə meydana az çıxıram. Görünür, buna görə alınmır. Ancaq məşqlərdə əlimdən gələni edirəm. Zəif oyunçu olmadığımı göstərmək istəyirəm.

- Az oynamağınızın səbəbi nədir? Komandadakı digər hücumçular sizdən güclüdür?

- Bunu artıq deyə bilməyəcəyəm. Baş məşqçidən soruşmaq lazımdır.

- Bəs siz özünüz Mladen Milinkoviçdən bunun səbəbini soruşmusunuzmu?

- Səhv etmirəmsə, müsahibələrinin birində demişdi ki, heyəti dəyişmək istəmir.

- Adətən məşqçilər qalib heyəti dəyişmirlər. "Keşlə" isə bu mövsüm bir qələbə belə qazana bilməyib...

- Hə, düz deyirsiniz. Bəlkə də hazır deyiləm, yaxud da başqa səbəb var. Hazırda bizə bir qələbə lazımdır ki, özünəinam qayıtsın. Sonra hər şey qaydasına düşəcək.

- Bəlkə, baş məşqçi ilə aranızda hansısa problem var, ona görə sizi oynatmır?

- Xeyr, bizim çox yaxşı münasibətlərimiz var. Bu insana hörmət edirəm. Ümumiyyətlə, karyeram ərzində heç vaxt məşqçilərlə problemim olmayıb.

- Nadir hallarda meydana çıxırsınız. Siz özünüz necə, belə olan halda "Keşlə"də qalmaq istəyirsiniz?

- Mənim klubla gələn ilin mayın sonuna kimi müqaviləm var. Hələlik getmək haqda düşünməmişəm. Futbolçuyamsa, ilk növbədə məşqi və oyunu, komandaya necə xeyir verə biləcəyimi fikirləşməliyəm.

- Bu tur komandanız "Zirə" ilə qarşılaşacaq. Sizcə, mövsümdə ilk qələbənizi qazana biləcəksiniz?

- Maraqlı oyun olacaq. Bu matça çox ciddi hazırlaşırıq. Çünki qələbə bizə çox lazımdır. Bu oyunu udmaq üçün nə lazımdırsa, etməliyik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.