Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi

Day.Az представляет новость на азербайджанском языке

Londonda həbs olunmuş Zamirə Hacıyeva faktiki olaraq əri - Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevə qarşı ifadə verib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, dünən məhkəmədə çıxış edən Zamirə Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib.

"2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb", - Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib.

Zamirə Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

"Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm", - Zamirə Hacıyeva bildirib.

Nəşr onu da qeyd edir ki, Zamirə Hacıyeva külli miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət əməlli-başlı komanda toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Vəkillərin başlıca vəzifəsi prosesin anonimliyinin təmin edilməsi idi ki, Zamirə Hacıyevanın adı xəbərlərdə hallanmasın. Lakin bunu etmək mümkün olmadı.

Zamirə Hacıyevanın ərinə qarşı verdiyi ifadələr onun vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Xatırladaq ki, Cahangir Hacıyev Bakıda uzunmüddətli həbs cəzasına məhkum olunub. İndi britaniyalı hakimlərdə ona qarşı suallar yarana bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.