"Şrek", "Ağ Pele", həm də "Ayı balası": oyunçu kimi başladı, əfsanə kimi tərk etdi

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə yığmasının forvardı Ueyn Runi dünən ölkə millisinin heyətində 120-ci, sonuncu matçını keçirib.

"Üç şir"in ABŞ yığmasına qarşı Londondakı "Uembli" stadionunda oynadığı yoldaşlıq matçında ev sahibləri 3:0 hesabla qalib gəlib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qolları Cessi Linqard, Trent Aleksander-Arnold və Kallum Uilson vurublar.

33 yaşlı Ueyn Runi İngiltərə yığmasının heyətində ilk dəfə meydana 2003-cü ilin fevralın 12-də çıxıb. 120 matçda 53 qol vurmuş Runi ölkə millisinin tarixində ən yaxşı bombardir sayılır.

Məşhur forvard indi ABŞ-ın paytaxtı Vaşinqtonun "DC Yunayted" klubunun heyətində oynayır.

"Uembli" stadionunda Runinin vida matçı ilə bağlı giriş qapılarının üzərinə vurulmuş plakatlarda yazılmışdı: "Burada oyunçu kimi başlayır, əfsanə kimi tərk edirlər".

Vida mərasimində Ueyn Runinin ailəsi - 32 yaşlı xanımı Kolin və 4 oğlu - 9 yaşlı Kay, 5 yaşlı Klay, 2 yaşlı Kit və 9 aylıq Kess də iştirak ediblər.

Ueyn Runi "Şrek", "Ağ Pele" və "Ayı balası" ləqəbləri ilə tanınırdı.

Matçda Cessi Linqardın yerinə meydana çıxan kimi "Uembli" canlanıb. Tribunalardakı fanatlar "Ağ Pele" haqqında çantlar oxumağa başlayıblar, fanatdan biri isə Runi ilə vidalaşmaq üçün qaçaraq meydana girib.

Runinin karyerası uzunömürlü olmayıb. O, elə gənc yaşda peşəkar futbolçu karyerasına başlamışdı ki, 25 yaşında artıq veteran təsiri bağışlayırdı. 30 yaşında isə Runi zəiflədi.

O, "Mançester Yunayted"dəki yüksək tələblərə dözmədi, hətta doğma və sadə "Everton"da belə, oynamağa çətinlik çəkdi.

Liverpullu "Ağ Pele" tələsik ABŞ-a, MLS-dəki "DC Yunayted"ə yollananda da, sanki, narazı idi.

Ueyn yığmanı tərk etdi, halbuki 33 yaşda məşhur futbolçularda, sanki, "ikinci nəfəs" açılır. Onlar sürət və fizika baxımından çatışmazlıqları təcrübə ilə əvəzləyirlər.

Runi isə malik olduğu potensialın heç yarısını da nümayiş etdirməmişdi.

Fəqət, nə də olsa, Ueyn Runi dünya futbolunun canlı əfsanələrindən biridir.

"Mançester Yunayted"i Kriştianu Ronaldu ilə birlikdə "dartırdı", fantastik qollar vururdu, bərbad oyun göstərən İngiltərə yığmasının heyətində şir kimi vuruşurdu.

Yığmada o, İngiltərə futbolunun "qızıl nəsli"nin uğursuzluqlarının simvoluna çevrildi.

Çünki komandada Lempard Cerrarda mane olurdu, Skoulzla Harqrivz öz mövqelərində oynamırdılar, gənc Runinin isə bəxti gətirmirdi.

Zədələr, qırmızı vərəqələr, təəssüf və qəzəblə dolu baxışlar - bu, Ueynin yığmadakı karyerasının qısa xülasəsidir.

Ueyn indi əyalət komandası olan "DC Yunayted"də də şövqlə, hirslə oynayır, mübarizə aparır.

Vida matçında qolunda kapitan sarğısı ilə çıxan Ueyn Runi dəyişmədiyini göstərdi.

Driblinq və ya sürətli keçidlər etməyən, yanlış ötürmələr edən, ən bəsit vəziyyətlərdə çaşıb səhv edən Runi hər dəfə səhvdən nəticə çıxarır, ya komanda yoldaşını zərbə mövqeyinə çıxarır, ya da cərimə meydançasına doğru özü şütüyürdü.

Sanki indi 2004-cü ildir və "Ayı balası"nın da vur-tut 19 yaşı var...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.