Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 20-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov Türkiyə tərəfinə regiondakı hərbi-siyasi, təhlükəsizlik və cəbhə xəttindəki hazırkı vəziyyət barədə məlumat verərək Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirib. O, diqqətə çatdırıb ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mümkündür.

Ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik N.Sadıkov bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Ordu generalı Yaşar Gülər də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin, görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.