Ermənilər bəlanı seçdilər: Qarabağ münaqişəsində "varçapet" virusu yarandı

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanının baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku bazar günü ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində səslərin 70,43 faizini toplayıb.

Paşinyanın blokundan savayı, parlamentə "Çiçəklənən Ermənistan" Partiyası (8,27 faiz səs) və "İşıqlı Ermənistan" (6,37 faiz) keçiblər. Sabiq iqtidar partiyası, keçmiş prezident Serj Sarqsyanın sədr olduğu Respublikaçılar Partiyası 4,7 faiz səs yığaraq 5 faizlik barajı keçə bilməyib.

Seçkilərdə 9 partiya və 2 seçki bloku iştirak ediblər.

2,57 milyon seçicinin olduğu Ermənistanda səs vermək hüququ olanların 48,63 faizi seçkilərə qatılıb.

2017-ci ildəki parlament seçkilərində isə müvafiq rəqəm 60,86 faiz idi.

Beləliklə, Ermənistanda bu ilin mayında kütlənin "etiraz aksiyaları" adlanan ssenari ilə başlayaraq Serj Sarqsyanın devrilməsi və Nikol Paşinyanın hakimiyyətə gətirilməsi ilə startı verilmiş keçid dövrü başa çatdı.

Gözlənildiyi kimi, Paşinyanın "Mənim addımım" bloku seçkilərdə qalib gəldi.

Və Ermənistanın tarixində ilk dəfə olaraq seçkilərin əsas dilemması Rusiya ilə münasibətlərdir.

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq katibi general Xaçaturovun həbsi və sonradan azad edilməsi olayından sonra yaranmış müəmmalı durum, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılması tələblərinin artması, sabiq prezident Robert Köçəryanın həbsi - bütün bunlar seçkiqabağı vəziyyəti gərginləşdirmişdi.

Dünənsə seçkilərin ilk saatında Nikol Paşinyanın vədlərinin doğrulmadığı, bəyanatlarının isə ifrat nikbin olduğu aşkarlandı.

Ermənilər çox həvəssiz səs veriblər.

Paşinyan Facebook-dakı səhifəsində vəziyyətdən çıxmaq üçün maraqlı bəyanat verib: "Seçkilərdə seçici fəallığının az olmasının sadə və obyektiv səbəbləri var. Əvvəlki seçkilərdən fərqli olaraq vətəndaşlar seçki məntəqələrinə avtobuslarla daşınmayıblar. Əvvəlki hakimiyyətdən fərqli olaraq, biz belə vasitələrdən istifadə etmirik".

Seçkilərdə fəallığın zəif olmasının tək səbəbi vardı: ermənilər hər şeyin artıq həll olunduğunu, nəticələrin əvvəlcədən müəyyənləşdiyini düşünüblər.

Və onlar yanılmayıblar.

Parlamentə tam nəzarət etmək, hökumətin yeni heyətini formalaşdırarkən heç bir koalisiya yaratmamaq üçün N.Paşinyana deputat mandatlarının 66 faizi də bəs edərdi. Bu rəqəm Paşinyana hətta Ermənistan Konstitusiyasına dəyişikliklər etməyə də imkan verir.

Beləliklə, ermənilərin "varçapet" (baş nazir) dedikləri Nikol Paşinyan İrəvanda hakimiyyətin tam yenilənməsi ssenarisinin başa çatdırılması üçün son maneələri də aradan qaldırıb.

Oliqarx Qagik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" Partiyasına gəldikdə isə, əvvəllər Serj Sarqsyanın buyruq qulu funksiyalarını yerinə yetirmiş bu adam əslən Dağlıq Qarabağdan olan ermənilərin "Qarabağ klanı"nı tərk edib.

O, Rusiyaya yollanaraq Moskvada danışıqlar aparıb və sonucda Rusiyanın Ermənistandakı yeni təsir elementi rıçaqlarına yiyələnmək arzusunu reallaşdırıb.

2008-ci ilin martın 1-də, prezident seçkilərindən sonra küçələrə çıxmış ermənilərin etiraz aksiyalarını vəhşicəsinə dağıtmaqda suçlanan sabiq prezident Robert Köçəryan və KTMT-nin sabiq sədri Yuri Xaçaturova gəldikdə isə, Moskva bu "vurulmuş fiqur"ları Ermənistanın siyasət meydanında aktiv oyunçu olmadıqlarına işarə verib.

Halbuki son vaxtlara qədər həmin şəxslər Moskvanın himayəsinə çox güvənirdilər. Məsələn, avqustun 31-də, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya rəhbərliyi Robert Köçəryanın ad gününü təbrik etmişdi.

KTMT sədrliyi ilə bağlı məsələ də asan deyil. Yuri Xaçaturova qarşı cinayət işi açıldığından o, sözügedən təşkilatın katibi postundan kənarlaşdırılıb. Belarus prezidenti Yuri Lukaşenko ötən həftənin cümə günü bəyan etdi ki, KTMT-nin yeni sədrinin kimliyi məsələsi Rusiya, Qazaxıstan və Tacikistan rəhbərliyi ilə razılaşdırılıb. Yəni rəsmi Minsk işarə vurdu ki, KTMT-nin yeni sədri Belarusun nümayəndəsi olacaq.

Amma rəsmi İrəvan vəziyyəti daha da sərtləşdirərək Belarus prezidentinin açıqlaması ilə əsla razı olmadığını bildirdi, Moskvaya daha bir "xəbərdarlıq" etdi.

Nikol Paşiyan son açıqlamalarında Rusiyanı sakitləşdirməyə çalışır, seçkilərdən sonra rəsmi İrəvanın əsas məqsədinin xarici siyasətdə köklü dəyişikliklər etmək yox, ölkəni iqtisadi böhrandan çıxarmaq olduğunu söyləyir.

Belə olmayacaq.

Əvvəla, Nikol Paşinyan seçkidən əvvəl "parlamentin yeni heyətində iri biznesin nümayəndələri olmayacaq" açıqlaması ilə çıxış etmişdi.

Ermənistandakı oliqarxların istisnasız olaraq hamısının bu və digər şəkildə Rusiya ilə sıx əlaqələrinin mövcudluğunu nəzərə alsaq, onların parlamentdən kənar qalması Moskvanın İrəvandakı proseslərə təsir imkanlarının azaldılmasına yönəlmiş birbaşa addımdır.

Bundan başqa, Ermənistandakı oliqarxlar varidatlarını sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın dönəmlərində əldə ediblər. Yəni milyonçular və milyarderlər bilavasitə "Qarabağ klanı" ilə bağlıdır.

Nikol Paşiyan beləliklə, həm də "Qarabağ klanı"nı birmənalı şəkildə ali qanunverici hakimiyyətdən kənarlaşdırır, Köçəryan və Sarqsyanın maliyyə kapitalının siyasətdə fəallığını minimuma endirir.

Böyüklərin ayaqaltısına dönən "kiçik"

Dünən Ermənistanda keçirilmiş seçkilər Nikol Paşinyanın uğuru və qələbəsi kimi görünsə də, əslində heç belə deyil. İrəvanın problemləri bundan sonra başlanır.

Rusiyanı qıcıqlandırmamağa çalışan rəsmi İrəvan eyni zamanda ABŞ, Avropa Birliyi və İranla da rəvan münasibətlərə nail olaraq xarici siyasətdə komplimentar davranış sistemini tətbiq etmək niyyətindədir. Bu, güya "Ermənistandakı iqtisadi, maliyyə və s. problemlərin həllinə başlanılması" ilə müşayiət olunmalıdır.

Amma olacaqmı? Situasiyaya nəzər salaq:

1. ABŞ-la münasibətlər. Birmənalı olaraq Rusiyanın kreaturası sayılan Serj Sarqsyanın devrilməsi ilə başa çatan "küçə etirazları" vasitəsilə Nikol Paşinyanı hakimiyyətə gətirən Vaşinqton bu əməliyyatının dividendlərindən yararlanmaq niyyətindədir. Əsas şərtlərdən biri isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması, İranla münasibətlərə yenidən baxılmasıdır. Ermənistan bu tələbləri yerinə yetirə bilməyəcək, ABŞ-ın İrəvana "seçim etmək zərurəti" ilə bağlı təzyiqləri artacaq. Bəhs etdiyimiz məqam mütləq şəkildə İrəvanda təlaşlı isteriya yaradacaq, Paşinyan əmrləri yerinə yetirmək məcburiyyətində qalmamaq üçün ehtiyat saydığı variantlara əl atacaq. Beləcə, Vaşinqtonun Ermənistandan narazılığı artacaq.

2. Rusiya ilə münasibətlər.  Postsovet məkanının yaxın tarixi göstərir ki, ilk baxışdan aşkar Qərbyönlü olan siyasətçilər heç də Rusiyanın təsiri altından çıxmaq məcburiyyətndə deyil. Qırğızıstanda Roza Otunbayeva və Gürcüstanda Bidzina İvanişvili buna misaldır. Ermənistanın Rusiya ilə münasibətlərində yeni dönəmin başlayacağını təxminləyənlər bunun müqabilində İrəvana nəzarət uğrunda Moskvanın daha da aktivləşəcəyini görəcəklər. Robert Köçəryanla Yuri Xaçaturovun həbsləri, İrəvanın Minskə meydan oxumaq cəhdləri Rusiyanı qıcıqlandırıb. Moskva MDB, Avrasiya İqtisadi Birliyi, Avrasiya Gömrük İttifaqı və KTMT kimi rıçaqlardan istifadə edərək İrəvana təzyiqləri artıracaq.

Olaylara ABŞ, İran və Avropa Birliyinin aktiv müdaxilə etdiyini nəzərə alsaq, Rusiya Ermənistandakı mövqelərinin zəifləməsinə yönəlmiş istənilən cəhdin qarşısını aqressivliklə alacaq.

Eyni zamanda, Ermənistan rəhbərliyi də dərk edir ki, Rusiya ilə münasibətlərin pozulması ölkənin suverenitetinə, müstəqilliyinə və ümumiyyətlə, varlığına son qoya bilər.

3. İranla münasibətlər.  İran üçün Ermənistan Cənubi Qafqaz regionunda təsir altında olan ölkə yox, həm də neft və qazı Qara dənizə çıxarmaq planlarının reallaşması baxımından əlverişli məkandır. Di gəl, ABŞ, Rusiya, Avropa Birliyi bu planlara imkan verən deyil. İranın yaxın gələcəkdə Ermənistana təzyiq üçün alternativ vasitələr axtarışına başlyacağı şübhəsizdir.

Dağlıq Qarabağ məsələsi

Fransanın Azərbaycana ən müasir silah və hərbi texnika satmağa hazır olduğunu hələlik üstüörtülü şəkildə Bakının nəzərinə çatdırması regionda yeni, maraqlı proseslərin başlandığına dəlalət edir. ABŞ və Rusiya kimi, Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa aşkar ermənipərəst mövqe tutmadığını göstərməyə can atmaqla yanaşı, Ermənistanla Azərbaycana təsir vasitələrinə yiyələnmək istəyir.

Vaşinqtonla Moskva buna qarşıdır və müqavimət daha da qətiyyətli olacaq.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, dünənki seçkilər Nikol Paşinyana aqressiv ritorikadan əl çəkməyin təhlükəli olduğunu göstərib.

Ən azı ona görə ki, qarabağlı ermənilər və Ermənistandakı "Qarabağ klanı" ilə münasibətləri aşkar dühmənçilik səviyyəsinə çatdırmamaq üçün Paşiyyan zəruri "güzəşt"lər etməlidir.

Robert Köçəryan və Serj Sarqsyanın dəstələri isə qisas üçün girəvə arayırlar. Onlar hətta Ermənistanda vətəndaş müharibəsindən belə, çəkinməyəcəklər.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.