Qurban Qurbanovun yığmadan getməsinin səbəbləri nədir?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan milli yığmasının baş məşqçiliyinə gətirilən və bir il belə tamam olmadan müqaviləsinə xitam verilən Qurban Qurbanovla AFFA-nın yolu niyə ayrıldı?

AFFA İcraiyyə Komitəsi bu addımın "qarşılıqlı razılıq əsasında" atıldığını bəyan edib.

Ötən ilin payızında "Qarabağ"ın uğurlarından sonra (komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub) milli yığmaya dəvət almış baş məşqçi Qurban Qurbanov bu qərarı "fikirlərin dəyişə, üst-üstə düşməyə bilməməsi" kimi qiymətləndirib.

Bəzi futbol şərhçiləri hesab edirlər ki, Qurban Qurbanova özünü göstərmək üçün vaxt verilməyib və milli yığmanın Millətlər Liqasındakı uğursuzluğunu birbaşa onun ayağına yazmaq da doğru deyil.

"Qarşılıqlı razılıq"

"Azərbaycan millisinin son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ" klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi", AFFA İcraiyyə Komitəsi yaydığı məlumatda bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədovsa yerli mediaya "...təcrübə göstərdi ki, baş məşqçi üçün iki yerdə çalışmaq çox çətindir" deyib.

"Əvvəla, açıqlamada "qarşılıqlı razılıq" deyirlər, ancaq söhbət qarşılıqlı razılaşmadan getmir. Baş məşqçi istefaya göndərilib, qərarda bu cür də ifadə edilməli idi. Mən bildiyim qədərilə Qurban Qurbanov növbəti seçmə mərhələyə hazırlaşırdı", - "Futbol plyus" qəzetinin baş redaktoru Mahir Rüstəmli BBC News Azərbaycana deyir.

Onun qənaətincə, AFFA-nın qərarında "incə və anlaşılmaz nüanslar" var: "Federasiya nə vaxtdan ayrıca bir klubun nəticələrinə görə narahat olmağa başlayıb? Federasiyanın əsas məsuliyyət daşıdığı məsələ ölkənin bütün yaş qrupu üzrə yığmalardır".

Mahir Rüstəmli deyir ki, Qurban Qurbanovun "xoşladığı mühit qarşılıqlı inam və hörmət mühiti"dir.

"Onun rəhbərliklə münasibətləri qarşılıqlı ehtirama, hörmətə söykənməlidir ki, nəticə versin. "Qarabağ" klubunun rəhbərliyi ilə onun arasında həmin gözəl münasibət var, yığmada bu təmin olunmadı. AFFA baş katibi Elxan Məmmədovla Qurban Qurbanovun münasibətləri təəəssüf ki, idealdan xeyli uzaq idi".

AFFA əlavə şərh vermir

Onun iddialarına AFFA-dan münasibət öyrənmək mümkün olmayıb. Qurumun sözçüsü Firuz Abdulla deyir ki, İcraiyyə Komyəsinin qərarı ilə bağlı əlavə şərh verməyə ehtiyac yoxdur.

O ki qaldı başqa suallara, Firuz Abdulla BBC News Azərbaycancaya deyir ki, İcraiyyə Komitəsinin üzvü olmadığından onların əvəzindən danışa bilməz. "Təyin olunanda da qərarı onlar vermişdi, vəzifəsindən getmək haqda qərar da qarşılıqlı razılıq əsasında verilib".

Futbol

"İki yerdə çalışmaq çətindir"

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da iki yerdə çalışmağın çətin olduğunu deyir.

Ağasəlim Cavadov vurğulayır ki, o özü də 1993-cü ildə bir müddət həm "Qarabağ" klubunda, həm də yığmada işləyib: "Alınmadı. Onda hələ belə imkanlar da yox idi. Aclıq dövrü idi. Ona görə yığmaya gəldim. "Qarabağ" həmişə üzdə olub, yaxşı oynayıb. Amma son vaxtlar zəif çıxış edirdi, xal itirirdi. Rəhbərlik belə istədi, belə qərar verdi".

"Çemodanımız yanımızda olmalıdır"

Qurban Qurbanov İcraiyyə Komitəsinin toplantısından sonra yerli jurnalistlərə deyib: "Futbolda nəticələr alına da bilər, alınmaya da. Əlbəttə, uzunmüddətli proqram əsasında çalışmaq danışığımız olmuşdu. Ancaq hər bir halda, işimiz elədir ki, nə qədər uzun müddətə müqavilə bağlasaq da, çemodanımız yanımızda olmalıdır. Çünki fikirlər dəyişə, üst-üstə düşməyə bilər".

Qurban Qurbanov da söyləyib ki, sıfırdan başlamaq lazımdır və "bu gün milli futbolun çatışmayan cəhətləri çoxdur".

"Ona şans verilməli idi"

Azərbaycandakı əksər futbol şərhçiləri hesab edirlər ki, keçmiş baş məşqçi Qurban Qurbanovla 6 illik müqavilə bağlanmışdısa, deməli, onun da növbəti müddətə milli yığmayla bağlı öz planları olub. Amma bir il sonra müqaviləyə xitam verilməsi ilə Qurban Qurbanovun özünü göstərmək imkanı əlindən alındı.

"Qol.az" saytının redaktoru Aydın Bağırovun da qənaətincə, Qurban Qurbanova şans verilməli idi.

"AFFA-da ola bilsin, fikir ayrılıqları var idi, Qurban Qurbanov istədikləri namizəd deyildi. Sonrakı gedişat da bunu göstərdi, əslində. "Uğurlu futbol nəticələri" olmayan Azərbaycan kimi ölkə yığmalarıının oynadığı Millətlər Liqasındakı uğursuzluğumuz da bu qərara təsir edib", Aydın Bağırov deyir.

Onun fikrincə, Azərbaycan yığması Millətlər Liqası çərçivəsindəki oyunlara ciddi yanaşmalı, bu imkandan yararlanaraq Avropa Çempionatının final oyunlarına düşməliydi: "Amma biz bu şansı itirdik. Məsələn, Malta komandası dünya reytinqində bizdən 100 pillə geridə olduğu halda onlarla qarşılaşmada da Azərbaycan yığmasının xal itkiləri oldu. Millətlər Liqasının finalına düşə bilmədik".

Amma Aydın Bağırova görə, bugünkü reallıqda Azərbaycan futbol yığmasının Avropa Çempionatının finalına düşməsi də sadəcə "möcüzə olardı".

Futbol şərhçisi bunu milli yığmadakı problemlərdə görür: "AFFA yüksək nəticə istəyir, amma futbolun problemləri də həll olunmamış qalır, baxmayaraq ki, bunu yoluna qoymaqdan ötrü yetərincə maliyyə var".

Futnol şərhçisinin fikrincə, kadr problemi, klubdan gələn futbolçuların hazırlıqsızlığı kimi məsələlərə görə, Azərbaycan yığmasına ən bacarıqlı baş məşqçi də gətirilsə, yaxın illərdə nəticə əldə etmək mümkün olmayacaq.

Qurban Qurbanovu AFFA-da əvəzləyəcək baş məşqçinin adı isə hələ ictimaiyyətə bəlli deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.