MehmanXana məzhəkəsi uzanır

Day.Az представляет новость на азербайджанском языке

"Aclıq keçirməmiş insan əsla anlaya bilməz ki, yeməkdən imtina edən adamın şüurunda hansı dəyişikliklər baş verir, o, necə təlatümlər yaşayır və iradəsi necə sınağa çəkilir. Yeməklə bağlı düşüncələr gün ərzində əsas fikrə çevrilir. Az sonra isə aclıq edən adam həbsxana divarlarının o tayındakı insanları əlçatmazlıq qədər uzaqda görür. Belə insan cəmiyyətə, sanki, "oradan" Yerə baxan ölü nəzərləri salır".

Məşhur psixiatr, alman nasistlərinin konslagerinin əsiri olmuş Viktor Frankl belə yazırdı.

Azərbaycanlı bloqer Mehman Hüseynovun da aclıq etdiyi deyilir. Hər halda onun qardaşı, Avropa ilə ABŞ arasında barraj vurub "Qardaşım ölüm ayağındadır!" ifadəsinin ən müxtəlif formada və ahəngdə təkrarlayan Emin Hüseynov belə deyir.

Son günlərdə isə o, qardaşını ukraynalı kinorejissor Oleq Sentsovla müqayisə edir.

Mehman Hüseynovun "süd məhsulları qəbul edərək aclıq aksiyası" keçirdiyini vurğulayan Emin Hüseynovun sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur.

Hər açıqlamasını senzurasız ifadələr, Azərbaycana ünvanlanmış təhqirlərlə müşayiət edən E.Hüseynov son "bəyanat"larından birində söyləyib: "Bu, Azərbaycan hakimiyyəti anlamır aclıq necə olur. Mehman aclıq edir. Süd məhsulları qəbul edir - yemək yemir! Oleq Sentsov da belə aclıq etmişdi".

O.Sentsovla qardaşını müqayisə edən E.Hüseynov ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə mükalimələrində bu bənzətməni dəfələrlə təkrarlayıb.

"Mehmanın aclıq etmədiyini deyənlər Sentsovun aclığını xatırlasınlar" söyləyən E.Hüseynov əksini düşünənləri "şərəfsiz", "ləyaqətsiz", "hakimiyyət yaltaqları" və s. adlandırmaqdan da, sanki, həzz alır.

Hüquq müdafiəçisi olduğunu iddia edən, amma son günlər bu statusunu xaricdəki "müstəqil bloqer"liklərini vurğulayan və küçə lüğətini seçmiş marginalları, siyasət lümpenlərini, Sorosun uşaqlarını təkrarlayan Emin Hüseynov iddialarında haqlı deyil və onun bənzətməsi də elə Mehman Hüseynovun "aclıq aksiyası" təki qüsurludur.

Əslən Ukraynanın Simferopol şəhərindən olan 43 yaşlı rejissor Oleq Sentsov "Avtomaydan" aksiyası zamanı Krımdakı aksiya iştirakçılarına ərzaq daşıyırdı.

2015-ci ildə  Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində 3 nəfərlə birlikdə saxlanan O.Sentsov Simferopol, Yalta və Sevastopol şəhərlərində terror aktları hazırlamaqda suçlandı. O, 20 il müddətinə azadlıqdan məhrum olundu.

Rusiyanın Yamal yarımadasındakı Labıtnanqi qəsəbəsində yerləşən islah-əmək düşərgəsində cəza çəkən Oleq Sentsov ötən ilin mayın 14-də müddətsiz aclıq aksiyasına başladı. O, özü ilə bahəm, Rusiyada həbs olunmuş 64 ukraynalının təcili azad olunmasını tələb edirdi.

Mayın 28-də Sentsov aclıq aksiyasının formatını dəyişdi, iyulun 19-da isə gündə iki qaşıq qida qarışığı qəbul etməklə aclığı davam etdirdi.

Aclığa başlayandan sonra o, 15 kq arıqlamışdı.

Oktyabrın 5-də, saat 17.23-də O.Sentsov aclıq aksiyasını dayandırdı.

Sentsovun dediyinə görə, "Marçenkonun əməli"ni təkrarlamaq istəyib.

Məşhur sovet dissidenti Anatoli Marçenko tam 117 gün aclıq etmişdi. Sonucda o, məcburi qaydada qida qəbul etdi.

Marçenkodan fərqli olaraq, Oleq Sentsov "Nutridrink" adlı qida qarışığı qəbul edirdi. Bu qarışığın 16 faizi zülallar, 35 faizi yağlar, 49 faizi karbohidratlardan ibarətdir. Yəni tam normal, balanslaşdırılmış qidadır.

Həkimlər bilir ki, sadəcə, "Nutridrink"lə qidalanan insan aylarla yaşaya bilər.

Mehman Hüseynova gəldikdə isə, o, Oleq Sentsov deyil və qida qarışığı yox, süd məhsulları qəbul edir. Yəni süd, yoqurt, qatıq, kefir və s.

Bu isə heç bir halda aclıq aksiyası sayıla bilməz - Sevinc Osmanqızı və Emin Hüseynovun iddialarına, sosial şəbəkələrdə "virtual mübarizə-matəm"ə qatılıb "Mehman Hüseynova azadlıq!" heşteqi ilə fotolar və statuslar paylaşanların qətiyyətli izharlarına rəğmən, aclıq aksiyası sayıla bilməz.

Ölənədək aclıq edən irlandlar

1981-ci ildə Şimali İrlandiyanın paytaxtı Belfastddan 11 km aralıdakı "Meys" həbsxanasında aclıq aksiyası başlanmışdı.

Şimali İrlandiyanın azadlığını tələb edən yarıterrorçu "İrlandiya Respublika Ordusu"nun mənsubu olan Bobbi Sends münaqişə zamanı həbs olunmuş şəxslərə verilən "Special Category Status"un bərpasını tələb edirdi. Britaniya qanunvericiliyi bu statuslu şəxsləri siyasi, yarıhərbi məhbus sayırdı.

1981-ci ilin martın 1-də Senlsin başladığı aksiyaya martın 15-də daha bir nəfər, martın 22-də isə iki nəfər qatıldı.

Onlar həbsxanada məhbus paltarını geyinməmək, işləməmək, başqa məhbuslarla azad ünsiyyət saxlamaq, həftədə bir məktub, bir görüb və bir baratın alınmasını, bəraət üçün tam hüquq tələb edirdilər.

Həmin dönəmdə Britaniyanın baş naziri olmuş Marqaret Tetçer aclıq aksiyasının iştirakçılarının şərtlərin qəbul etmədi. Aksiya İRA-nın 10 üzvünün ölümü ilə nəticələndi.

Aksiya 1981-ci ilin oktyabrın 3-də başa çatmışdı.

Dünyaya səs salmış "İrland aclığı" aksiyasının iştirakçılarının siyahısı belədir:

1. Bobbi Sends - 66 gün aclıq

2. Frensis Hyuz - 59 gün

3. Reymond MakKriş - 61 gün

4. Petsi O-Hara - 61 gün

5. Co MakDonnell  - 61 gün

6. Martin Hörson - 46 gün

7. Kevin Linç - 71 gün

8. Kiran Doherti - 73 gün

9. Tomas MakElvi - 62 gün

10. Maykl Devayn - 60 gün

....  Tələblər uğrunda həyatlarını qurban vermiş bu 10 nəfər nəyə nail oldular? Faktiki olaraq, heç nəyə. Şimali İrlandiya yenə də Britaniyanın tərkinbədir və irlandlar arasında bu vəziyyətdən narazı qalanların sayı çox deyil.

Aksiyaya ciddi reaksiya, sadəcə, İranda olmuşdu. Tehrandakı Uinston Çörçil küçəsinin adını dəyişərək Bobbi Sends xiyabanı etmişdilər.

Britaniyanın səfirliyi bu küçədə yerləşirdi və Dumanlı Albionun diplomatları da binanın əsas giriş qapısını hördülər, yan küçəyə qapı açdılar.

"İrland aclığı" edənlər siyasi aksiya qismində aclıq aksiyasının çox yüksək həddini bəlirlədilər. "Ya öl, ya tələblərinin icrasına nail ol!" şərti ultimatumdur. Əksər hallarda da nəticəsiz qalır.

Mehman Hüseynovun aclığı, gerçəkdən də, etiraz aksiyasıdırsa, onda "İrland aclığı" nə idi? Sual ritorik təsir bağışlaya bilər, amma cavabı məlumdur.

2011-ci ildə belaruslu bloqer və "Azadlıq Radiosu"nun jurnalisti Dmitri Qalko da siyasi tələblərlə aclığa başlamışdı. Aksiya 20 gün davam etdi, ona daha bir neçə jurnalist də qatıldı. Amma heç bir nəticə olmadı.

2010-cu ildə kubalı dissident Gilfermo Farinyas da 134 gün davam edən aclıq aksiyası keçirmişdi. O, Kuba həbsxanalarındakı 52 siyasi məhbusun azad olunmasını tələb edirdi.

Aclıq toxluq kimi

Əslinə baxsaq, 1991-ci ildən bəri Azərbaycanda çox aclıq aksiyası olub. Məsələn, hələ sovetlər dönəmində professor Tofiq Qasımov sabiq Dövlət Təhlükəsizliyi  Komitəsinin həbsxanasında aclıq aksiyası keçirmişdi.

Sonralar ən müxtəlif şəxslər fərqli, bəzən tragikomik səbəblərdən aclıq aksiyasına əl atmışdılar. Lakin onların total əksəriyyəti siyasi mübarizənin bir növü olan aclıq aksiyasını, ümumiyyətlə, gözdən saldılar.

Çünki bəziləri "Öldü var, döndü yoxdur!" desə də, gizlincə yemək yeyirdi, bəziləri bir-iki gün yataqda uzanıb fotolar çəkdirəndən sonra "ailə üzvlərinin və dostların təkidi ilə" bəhanəsini səsləndirdi, bəziləri isə aclıq aksiyasının fayda verməyəcəyini anlayıb siyasi alverin başqa üsuluna əl atmağı düşündü.

İllər əvvəl "Bu hakimiyyət getməldir!" şüarını hayqıranlardan bir neçəsi "Azadlıq" qəzeti və AXCP-nin qərargahının müştərək binasının birinci mərtəbəsindəki otaqda "aclıq aksiyası yapmaq" qərarına gəlmişdilər.

Müvafiq anturaj da vardı. Divarlarda "X.-a azadlıq!", "U. dərhal azad olunsun!", "Z, T və B - sizinləyik!" şüarları, fotolar. Otağın mərkəzində çarpayılarda, yerdə döşəklər, o döşəklərdə balışlara dirsəklənmiş adamlar və jurnalistlər.

Müsahibələr, şüarlar, qətiyyətli və iradəli görkəmdə fotolar.

Gecənin bir aləmində, əl-ayaq çəkiləndən sonra isə həmin "aclıq qəhrəman"larından ikisi binanın çayxanasının sağındakı kiçik otağa çəkilərək yeyirdilər.

Sonra daha iki nəfər.

Bu əllaməçiliyin üstü açılanda qalmaqal qopmasın deyə "ictimaiyyətin, dostların və xaricdəki siyasətçilərin çoxsaylı xahişləri" ilə aksiya dayandırılmışdı.

Həmin fırıldaqçılardan biri günlər sonra söyləmişdi: "Mübarizə aparmaq üçün sağ qalmalıyıq. Ölən adamı 40-cı gün unudurlar. Problemlər elə həll olunmur. Aclıq aksiyasına başlayan hakimiyyətin tələbləri qəbul etməyəcəyi təqdirdə nə edəcəyini özü üçün əvvəlcədən müəyyənləşdirməlidi. Yəni adam özünə bu sualı verməlidi - "Sənin ölümün kiməsə gərəkdirmi?" Əgər ailən varsa, aclıq aksiyası çox təhlükəli məsələdir. Üstəlik, bu aksiya tələblərin icrasını təmin etmir.

Dünya miqyasında isə aclıq aksiyası siyasi tələblərin yerinə yetirilməsi vasitəsi sayılmır artıq. Düzən, şüur və anlam dəyişsə də, Azərbaycan müxalifətinin reallığı dərk formatı hələ də 1990-cu illərin əvvələrindəki dönəmdən üzübəri çıxa bilmir.

Mehman Hüseynov indi istəsə belə, aksiyasını özbaşına dayandıra bilməz. Səbəblər çox bəsitdir.

Əvvəla, Mehman Hüseynovun "aclıq aksiyası"na başlamazdan əvvəl yayılmış bəyanatına fikir verin. Bu gənc bloqerə xas ifadələrdən, stildən tam fərqli cümlələr.

Fərqi hiss edənlər ciddi yanlışlığa yol verdiklərini anlayanda tələsik "Bu uşaq nə tez böyüdü belə!" yazaraq sosial şəbəkələrdə belə rəy yaratmağa çalışdılar ki, Mehman Hüseynov çox dəyişib və bu səbəbdən də bəyanatdakı cümlələr, ifadələr və söz birləşmələri yad təsir bağışlamamalıdır.

Aksiyanın ilk günündən prosesin ABŞ-dakı "Milli Demokratiya Fondu"nun (The National Endowment for Democracy, NED) tam nəzarətində olması da təsadüf deyil.

Vaşinqtonda mətbuat konfransının keçirilməsi, orada Emin Hüseynovla Sevinc Osmanqızının "benefis" təşkil etmələri, daha sonra prosesə "Beynəlxalq Amnistiya"nın qatılması - bütün bunlar əvvəlcədən hazırlanmış incə gedişli ssenarinin tərkib hissələri idi.

Və ən nəhayət, "Mehman Hüseynov azadllıq" çağırışlı heşteqlərin sosial şəbəkələrdə "trend" statusuna malik olması üçün şəbəkələşmiş təşkilatların pullu reklamlardan da istifadə etməsi baş verənlərin Bakıya aşkar təzyiq vasitəsi olduğunu göstərir.

Mehman Hüseynov gəncdir, siyasi prosesləri əsla anlamayan, özü ilə bağlı ölkədəki "əsl demokrat"larla ölkə xaricindəki bəlli təşkilatların birgə intriqasının incəliklərinə vaqif olmayan şəxsdir.

Onun azadlığa çıxmasını istəyirik, amma Mehman onun azadlığını siyasi alver və maliyyə mənbəyinə çevirənlərdən azad olacaqmı?

Öz əlindədir.

Elçin Alıoğlu
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.