Aylara yeni adlar təklif edən deputat: Bilməzdim ki, bu qədər düşmənim var

Day.Az представляет новость на азербайджанском языке

"Təqvim aylarına yeni adların verilməsi təklifinə ikili yanaşma var. Bir qisim insan var ki, sosial şəbəkələrdə tənqid edir. Maraqlıdır, irəli sürülən təklifin mahiyyəti ilə bağlı deyil, şəxsiyyətlə bağlı, konteksdən kənar mülahizələr yürüdürlər. Deyirlər, deputatların işi, sənəti yoxdur ki, bu cür təkliflər irəli sürürlər. Halbuki bunu deputat kimi deyil, vətəndaş, Vəhdət Partiyasının sədri kimi demişəm. Təkliflə demək istəmişəm ki, özümüzə oxşayaq".

Day.Az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, ad məsələsinin çox önəmli olduğunu vurğulayıb: "Övladlarımıza qoyduğumuz adlar da milli olmalıdır. Xalqımızın getdikcə özündən uzaqlaşması, digər millətlərə - özündən başqa hamıya oxşaması məni narahat edir. Bu, bütün sahələri əhatə edir. Soyad sonluqları qanunvericiliyə uyğun olaraq milliləşdirilməlidir. Yəni aylara yeni adların verilməsini də milliləşməyə görə demişəm. Bu, ictimai hərəkat kimi olmalıdır. Məqsədim odur ki, təklif etdiyim adlar məişətdə paralel olaraq istifadə edilsin, getdikcə dilimiz öyrəşsin. Nənəm deyərdi ki, zəlzələ ilinin biçin ayında doğulmuşam. Biz də bilirdik ki, zəlzələ 1902-ci ildə olub, biçin ayı da avqustdur. Yəni babalarımız bu cür sözlərdən istifadə ediblər. Təəssüflər olsun ki, bəzi saytları başlığa çıxarırlar ki, Tahir Kərimli ayların adını dəyişdirmək istəyir. Onlar başa düşmür ki, mən ayların adının dəyişdirilməsinin deyil, həmin adlarla paralel olaraq işlənilməsi üçün adlar təklif etmişəm. Türkiyədə ayların milli adlarına mahnılar da qoşublar".

Xatırladaq ki, T.Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr). Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.