Mourinyo UEFA-nı aldatdığını etiraf etdi

Day.Az представляет новость на азербайджанском языке

Bir müddət öncə "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo "beİN Sports" telekanalına geniş müsahibəsində maraqlı fikirlər səsləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Çelsi"də işləyərkən 2004/2005 mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bayern Münhen" ilə cavab oyununda UEFA nümayındələrini aldatdığını etiraf edib.

Qeyd edək ki, qitə futbol qurumu turnirin 1/8 finalının "Barselona" ilə cavab matçında (4:2) qeyri-etik hərəkətinə görə Mourinyonu diskvalifikasiya etmişdi. Belədə təcrübəli çalışdırıcı 1/4 final mərhələsinin "Bayern Münhen" ilə hər iki oyununu buraxmalı idi. O, komanda ilə əlaqə saxlaya və paltardəyişmə otağına girə bilməzdi. Yalnız VİP-lojada əyləşməyinə icazə verilmişdi.

Londonda keçirilən oyunda Mourinyonu tribunada görən olmadı. Əvəzində isə köməkçisi Ruy Fariyanın başındakı papaq diqqət çəkmişdi. Sonradan Britaniya mətbuatı onun qulağındakı qadağan olunmuş qulaqcığı gizlətmək üçün papaqda oturduğunu iddia etmişdi. Qapıçı məşqçisi Silvinyo Louro isə tez-te şübhəli şəkildə paltardəyişmə otağına qaçır və kağız parçaları ilə geri qayıdırdı. 

"Çelsi" rəsmiləri və Mourinyo uzun müddət səylə bu məsələylə bağlı suallardan yayındılar. Nəhayət, Joze həmin gün olanları "beİN Sports"un canlı efirində açıqlayıb:

"Bəli, mən, həqiqətən, qutuda idim. Bu ideyanın ağlıma necə gəldiyini xatırlamıram. Oyunçularımla birlikdə olmalı idim və bunu etdim. Paltardəyişmə otağına təxminən gündüz saat 12-də gəldim. Oyun isə 19:00-dan tez başlamayacaqdı. Məni heç kim görmədi, paltardəyişmə otağında oturub, komandanın gəlməsini gözlədim.

Amma bir problem var idi: stadiondan necə çıxacaqdım? İnzibatçımız Stüart məni bu böyük metal qutuya qoydu. Qapağı isə bir az açıq saxladı ki, nəfəs ala bilim. Amma Stüart geyinib-soyunma otağından çıxdıqdan sonra UEFA nümayəndələri onun arxasınca getdilər. Onda o, qutunu tam bağladı. Nəfəs ala bilmirdim. Qapağı açanda isə az qala ölürdüm. Tam ciddiyəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz