Qərb bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda 20 Yanvar faciəsi qurbanlarının ildönümü ehtiramla yad edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.

Mərasim iştirakçıları Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüblər.

Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya təqdim edilib.

Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət bayrağı endirilib, saat 12:00-da rayonun ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Sonra anım mərasimi rayonun Şəhidlər xiyabanında davam etdirilib.

Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 20 Yanvar faciəsi barədə danışaraq şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib.

Bildirilib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

X X X

Naftalan şəhərində Azərbaycan tarixinin ən faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə iştirak edən şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri Xatirə kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Şəhidlik zirvəsinə yüksəlmiş insanlarin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin xatirəsinə dualar oxunub.

X X X

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Samux rayonundakı Bayraq meydanından başlayaraq Şəhidlər kompleksinədək yürüş təşkil edilib.

Sonra rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhid məzarlarının və xatirə abidələrinin önünə gül dəstələri düzülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.