Ukraynada daha bir azərbaycanlı iş adamı itkin düşüb

Day.Az представляет новость на азербайджанском языке

Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində əslən Azərbaycanın Salyan rayonundan olan, 1970-ci il təvəllüdlü Şirinov Həsən Sabir oğlu adlı iş adamı itkin düşüb.

Day.Az report-a istinadən xəbər verir ki, artıq 4 gündür yoxa çıxan iş adamının oğurlandığı ehtimal edilir.

Həm Xarkov şəhərində, həm də Boqoduxov şəhərində yaşayan H.Şirinovun axrıncı dəfə sonuncu şəhərdəki evindən çıxdığı və bundan sonra onunla bütün əlaqələrin itdiyi bildirilir. O, uzun müddətdir Xarkov vilayətində yaşayır, kənd təsərrüfatı biznesi ilə məşğuldur.

Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması və ya itkin düşməsi faktı qeydə alınıb. Ötən il noyabrın 19-29 tarixlərində Kiyevdə ezamiyyətdə olan Azərbaycanın "Report" İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.