“Şahdağ” kurortuna dəmir yolu çəkilişi üçün layihə sənədləri hazırlanır

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Day.Az bildirir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirıb.

Kollegiya iclasında qeyd edilib ki, 2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib.

Ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace-2" ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2000 km magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ" kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Kollegiya iclasında İqtisadiyyat Nazirliyi tərəfindən bu vəzifələrin icrası istiqamətində görüləcək işlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - "SOCAR karbamid" zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb.

Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir.

Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln. manat investisiya yatırılacaq və 20-ə yaxın iş yeri yaradılacaq.

2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və "Open End" üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün dəyəri 82 mln. ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.

Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcəkdir. Müəssisədə 50 yeni iş yeri açılacaq.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.

2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.

Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 mln. manat özəl investisiya yatırılacaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.

Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcəkdir.

5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam etdirilir və 2019-cu ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazimi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və s. təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib.

2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.

2018-ci ildə ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb. Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alinib.

Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər,islahatlar davam etdirilib.

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən il martında "Lisenziyalar və icazələr" portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

2018-ci ildə "Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41%-i kənd təsərrüfatı, 59%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Ötən 2018-ci ildə isə, sahibkarlara investisiya dəyəri 801 mln. manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.

 

"Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 46-sı 2018-ci ildə olmaqla, indiyədək 379 sahibkar və menecer Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçib. Kollegiya iclasında qeyd edilib ki, Proqram çərçivəsində gənc sahibkar və menecerlər 2019-ci ildə də Almaniyada ixtisasartırma kurslarına göndəriləcək. 16 sahibkar və menecerdən ibarət birinci qrup martın sonunda Almaniyaya yola düşəçək.

2018-ci ildə Yevlaxda yerləşən Aran Regional İnkişaf Mərkəzində 21 gənc biznes sahəsində biliklərini artırıb. İndiyədək 65 gənc bu imkanlardan yararlanıb.

Ötən il Bakıda və ölkə regionlarında 2,5 mindən çox dinləyicinin iştirakı ilə biznes planların və investisiya layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və s. mövzularda 88 tədbir keçirilib, məsləhət xidmətləri göstərilib.

İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara 54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin böyük əksəriyyəti artıq "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin "E-hökumət" portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.

Kollegiya iclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 600-dən çox sahibkarın iştirakı ilə 21 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 mln. manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Verilmiş kreditlərin 64,3%-i respublikanın regionlarının, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

Son illər Fond tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir.

Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 mlrd. manatdan çox olan 36 mınə yaxın sahibkara 2,3 mlrd. manatadək güzəştli kredit verilib.

Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcuq arqroparklatrın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. 2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur.

İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmı artıq öz nəticələrini verir. Bu mexanizm çərçivəsində 97 sahibkara indiyədək 8,5 mln. manat, 2018-ci ildə isə 80 sahibkara 5 mln. manatadək vəsait geri ödənilib.

2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways" təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələrində stendlər yerləşdirilib.

2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi" açılıb. Bu ilin yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

Bu il Rusiyada, BƏƏ-nin Abu-Dabi şəhərində və Qazaxıstanda "Azərbaycan Ticarət Evi"nin açılması nəzərdə tutulur.

2018-ci ildə Çində 2 "Azərbaycan Şərab Evi" açılıb. Xarici ölkələrdə Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdiriləcəkdir.

Bundan başqa, Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 2018-ci ildə 23 iclası keçirilib, süd və süd məhsulları, zeytun, çay, xurma, mebel, maşın və avadanlıq istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, 200-dən çox şirkətə ixraca dair xidmətlər göstərilib.

Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8%, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8%, sənaye məhsullarının ixracı 6,2%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2% artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.

Kollegiya iclasında ixrac missiyalarının, işgüzar görüşlərin səmərəliliyinin daha da artırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ardıcıl tədbirlər görülür.

2018-ci ildə səhiyyə obyektlərinin, yeni məktəb binalarının, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidənqurulması işləri davam etdirilib, modul tipli məktəblər inşa olunub. Ötən il 183 məktəb, 31 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 idman obyekti tikilib və ya yenidən qurulub.

Dövlət başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, işsizliyin aşağı səviyyədə saxlanılması, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək.

Ş.Mustafayev vurğulayıb ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın həyat şəraitinin yaxşılaşması üçün yeni imkanlar açır. Heydər Əliyev Fondunun digər layihələri kimi, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının uğurlu icrası sosial sahənin inkişafına mühüm töhfədir.

Şahin Mustafayev ölkə rəhbərinin göstərişinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması işlərinin qısa müddətdə başa çatdırılmasının zəruriliyini vurğulayb.

2018-ci il ərzində "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməsi, habelə dayanıqlı inkişaf üzrə milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi ilə bağlı tədbirlər davam etdirilib. BMT-nin "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi"nin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə 2-ci Respublika İnnovasiya Müsabiqəsi təşkil edilib. Ötən ilin oktyabrında Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi" mövzusunda Dayanıqlı İnkişafa dair Bakı Forumu təşkil edilib.

Sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədi ilə ötən il Bakıda və regionlarda 7 konfrans və dəyirmi masa təşkil edilib, ticarət qaydalarına əməl olunması ilə bağlı 8 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilib, istehlakçı hüquqlarına dair 10 adda 13 mindən artıq buklet və yaddaş kitabçası paylanılıb.

Kollegiya iclasında qeyd edilib ki, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib. Görülən işlərin nəticəsi olaraq, 2018-ci il ərzində çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb.

Ümumilikdə isə, indiyədək Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda 103 MMMC yaradılıb.

Sonra kollegiyanın gündəliyinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin hesabatı dinlənilib. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib ki, 2018-ci ildə kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, KOB sektorunda yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib.

Artıq 8 rayonda - Masallı, Siyəzən-Şabran, Xaçmaz, Gəncə, Yevlax, Quba və Qusarda "KOB Dostu" fəaliyyət göstərir. Fevral ayında Sumqayıt, Abşeron və Qəbələdə KOB dostları fəaliyyətə başlayacaq. İndiyədək KOB dostları tərəfindən sahibkarlıq subyektləri ilə 120-ə yaxın görüş keçirilib, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Hazırda Agentliyin digər layihəsi olan KOB evlərinin yaradılması üzrə işlər aparılır. KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Ümumilikdə KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumunun 110-a yaxın xidməti göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB Evi" portalının yaradılması istiqamətində işlər davam etdirilir.

Kollegiyanın sədri Ş.Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. İclasda İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il üçün İş Planı təsdiq olunub, cari məsələlər müzakirə edilib.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Nazirlik əməkdaşlarına medallar təqdim edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.