Bədənmizdəki tüklər nəyə yarayır?

Day.Az представляет новость на азербайджанском языке

Yəqin hər kəs ömründə bir dəfə də olsa, özünə bu sualı verib - bədəndəki tüklər nəyə lazımdır axı?

Dəri insanın bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dodaq mukozası, ovuc içi və ayaq altından başqa bütün dəri tüklərlə örtülüdür. Bəlkə də inanmayacaqsınız, amma bədənimizdə beş milyon tük kökü - folikulu var. Bunun təqribən 100 mini baş dərisindədir. Başımızdan sonra tüklərin çox olduğu ikinci yer burnumuzdur.

Tükləri artıran kişilik hormonları qadınlarda yumurtalıqlarda, ya da böyrəküstü vəzidə yaranır. Cinsi yetkinlik dövründən öncə tüklər açıq-sarı rəngli və nazik olur. Bunlara vellus tüklər deyilir. Cinsi yetkinlik dövrünün sonunda hormonlar nazik tükləri qalınlaşdırır ki, bunlara terminal tüklər deyilir. Məsələn, qoltuqaltı, genital nahiyədə çıxan tüklər buna misaldır. Qadınlarda doğuşdan sonra çox az miqdarda tük folikulu yaranır, 40 yaşından sonra isə sayı azalmağa başlayır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bəs tüklərin bədənimizdə hansı funksiyası var? Tüklər insan bədənində istilik balansını qoruyur, bədənin çox isti və ya çox soyuq olmasının qarşısını alır. Hava soyuq olanda, bədən üşüdükdə tüklər dikələrək, vücudu gərginləşdirir, beləcə enerji istehsal edərək, istilik yaradır. Bu vəziyyətə el arasında "tüklərim biz-biz oldu" deyilir.

Tüklərin ikinci funksiyası bədənin su balansını qorumaqdır.

İnsanların burun və qulaqlarında da tüklər var. Bu tüklər bədənə daxil olan xarici və zərərli maddələrin qarşısını alır. Eləcə də kirpiklər gözə estetik gözəllik və ifadə verməklə yanaşı, onu tozdan, yad maddələrdən qoruyur. Kirpiklər qopduqda və ya kəsildikdə yenidən uzanır. Kirpik əvvəlki ölçüsünə çatdıqda uzanma dayanır. Uzanma prosesi 2-3 ay çəkir.

Qoltuqaltı və genital bölgədəki tüklərin yaranmasının da maraqlı bioloji səbəbləri var. Bunlardan biri sürtünmənin qarşısını almasıdır. Qollar və ayaqlar daim hərəkətdə olan nahiyələridir. Dəri nəmli və sürüşkən olmadığı üçün hərəkət zamanı qoltuqaltı və ayaqların arası daim sürtünməyə məruz qalır. Nəticədə dəri asanlıqla qıcıqlana, qızara, səpə bilir. Həmin nahiyələrdəki tüklər isə sürtünmənin təsirini azaldır və dərinin qıcıqlanmasına, zədələnməsinə mane olur. Eynilə cinsi əlaqə zamanı da genital bölgədəki tüklər partnyorlar arasında yaşanacaq sürtünməni azaldır və həmin hissədəki toxumanın zərər görməsinə imkan vermir.

Genital nahiyədəki tüklərin digər funksiyası isə qadınlarda vaginanı xarici, yad və ziyanlı təsirlərdən qorumaqdır.

Göründüyü kimi, tüklərin orqanizmdə heç bir işə yaramadığını demək olmaz. Hər nahiyədəki tükün özünə xas funksiyası var. Amma estetik baxımdan xoş olmadığı üçün xüsusilə də son illər qadınlar bədənlərindəki bütün tükləri lazer epilyasiyası vasitəsilə təmizləyirlər. Kişilər isə burunlarındakı və qulaqlarındakı tükləri təmizləməyə meyllidirlər. Mütəxəssislər burun boşluğunda əmələ gələn tüklərin alınmasını məqsədəuyğun saymırlar. Çünki tükün çıxarıldığı nahiyəyə bakteriya və ya mikrobun düşməsi ağırlaşmalar, bəzən hətta ölümə səbəb ola bilir.
Həkimlər xalların üstündəki tüklərin çıxarılmasının isə xalın bədxassəli şişə çevrilməsinə səbəb ola biləcəyini deyirlər. Bu səbəbdən də xalların üstündə əmələ gələn tükləri çıxarmaq olmaz.

Odur ki, gözəlliyinizi və xarici görünüşünüzü düşünərkən sağlamlığınızı ikinci plana atmayın. Əvvəl sağlıq, sonra gözəllik...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz