Mənzil sahiblərinin daha sənəd problemi olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

"Prezident İlham Əliyev tərəfindən verilmiş "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman bu sahədə illərlə yığılan problemlərin həllinə öz töhfəsini verəcək".

Milli.Az xəbər verir ki, bunu daşınmaz əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev bildirib.

Ekspert qeyd edib ki, ölkə örazisində, xüsusən də Bakı şəhərində çoxlu sayda binalar var ki, orada yaşayan mənzil mülkiyyətçiləri əmlakları üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədi ala bilmirlər. Bunun səbəbi isə həmin binaların istismara qəbulu ilə bağlı bürokratik əngəllərin olmasıdır: "Binaların sənədləşdirilməsi ilə bağlı problemlər ümumilikdə 2 qrupa bölünür: binanın keyfiyyəti ilə bağlı problemlər və ümumi sənədləşmə ilə bağlı digər ploblemlər. 

Keyfiyyət göstəriciləri dedikdə binanın yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı nəzərdə tutulur. Prezidentin imzaldığı yeni Fərmanla isə bu istiqamətdə mövcud olan obyektiv və subyektiv problemlər aradan qaldırılacaq. Yəni əgər binanın keyfiyyət göstəriciləri zəruri tələblərə cavab verirsə, bu halda həmin binalar üzrə olan bütün problemlər aradan qaldırılacaq. Əgər bir sıra keyfiyyət göstəriciləri ilə bağlı problemlər düzələn məsələdirsə, bu halda problemlərin həll edilməsi üçün əlavə olaraq 5 ay vaxt veriləcək.

Binanın keyfiyyəti ilə bağlı olmayan problemlər isə əsasən üzərində tikinti aparılmış torpaq sahələrinin statusu ilə bağlıdır. Bəzi torpaqlar üzərində binalar tikilsə də, əslində qanunvericiliklə buna icazə yox idi. Bu cür problemlərin aradan qaldırılması isə dövlət qurumlarının gücü ilə həll olunacaq".

R.Əliyev problemlərin həllinin daşınmaz əmlak bazarına ola biləcək mümkün təsirlərinə də toxunub: "Bu sahədəki problemlərin həllinin bazara hər hansısa təsirini gözləmirəm. Çünki bu mənzillər əvvəllər də alınıb satılırdı. Sadəcə olaraq onların qiyməti sənədli evlərə nisbətdə ucuz olurdu. Fərq yerdən və binadan asılı olaraq 5-20 faizə qədər ola bilirdi. Sənədləşmə problemi həll edildikdən sonra həmin mənzillərin qiyməti sənədli evlər kimi olacaq".

Onun fikrincə, burada daha mühüm olan digər məsələlər var: "Sənədləşdirmə aparılmayan binaların "reputasiyası" əksər hallarda pis olurdu. Çünki bilinmirdi ki, bunun səbəbi nədir. Yəni bu binanın keyfiyyəti ilə bağlıdır, yoxsa digər subyektiv və obyektiv səbəblərlə? Nəticədə mənzil mülkiyyətçiləri əmlakları üzərində mülkiyyət hüquqlarını əks etdirən sənədlərini ala biləcəklər. Bu isə onların narahatlığını xeyli azaldacaq. Üstəlik, onların əmlakının aktiv kimi qiyməti də artacaq. Digər vacib məsələ isə onların MTK-lardan asılılığı azalacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.