Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?

Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırmaq çox mürəkkəb məsələdir.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir:

 

"Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq. Lakin gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq. Bu xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda həmin sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər".

Ə.Osmanov vurğulayıb ki, qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq: "Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.