FHN rəsmisi: "İlkin məlumata görə, yanğın gül dükanından başlayıb"

Day.Az представляет новость на азербайджанском языке

"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, binadakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir:

"Yanğın saat 08:12 radələrində baş verib. 8 dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işimizə mane olub. Artıq 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir".

FHN rəsmisi deyib ki, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib:

"Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alanın olub-olmaması barədə bizdə məlumat yoxdur".

Qərargah rəisi bildirib ki, ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur:

"Yanğın söndürmək üçün suyu 2 kilometrdən gətiririk. Bu da bizim işimizi çətinləşdirir. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz