Cinlərə qonaqlıq verən ana və oğulun məhkəməsində - QALMAQAL

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə başlayıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən L.İbrahimova ittiham aktını almadığını deyib:

"Mən ittihamın surətini etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur". 

L.İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlər bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Zərərçəkmişlər aldadıldıqlarını biliblər və pullarını tələb ediblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Məhkəmənin hazırlıq iclası aprelin 22-də davam etdiriləcək. 

Qeyd edək ki, "Cindar Hüseyn" ləqəbi ilə tanınan, falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevanın külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib, o, "Cindar Hüseyn"ə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britaniya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.