Əməliyyat zamanı xəstənin bədənində qalan alət və tamponlara kim cavabdehdir?

Mətbuatda və sosial şəbəkələrdə cərrahi əməliyyatdan sonra xəstənin bədənində dəmir alətlərin və ya tamponun qalmasının xəbərlərinə dəfələrlə rast gəlmişik.

Hətta bir neçə gün bundan əvvəl də qeysəriyyə əməliyyatı olan qadının bədənində yad cismin qalması xəbəri yayılmışdı.
 
Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizmə mənfi təsir göstərdiyi bildirilib və təcili yenidən əməliyyat olunması tövsiyə edilib.

Bəs görəsən əməliyyat zamanı xəstənin bədənində qalan yad cisimlər üçün kim məsuliyyət daşıyır? Cərrah, yoxsa tibb bacısı? Alətlər, pambıq və tənzif parçaları əməliyyatdan əvvəl və sonra sayılırmı?

 

Milli.Az medicina.az-a istinadən bildirir ki, cərrah, uroloq-androloq Zaur Ağayevin dediyinə görə, bu işdə məsuliyyəti əməliyyatı həyata keçirən cərrah daşıyır.

"Əməliyyatdan əvvəl alətlər və tamponlar tibb bacısı tərəfindən sayılır və bu haqda cərraha məlumat verilir. Əməliyyat bitdikdən sonra isə yenidən alətlər, kiçik və böyük tamponlar sayıldıqdan sonra cərraha yenidən məlumat verilməlidir. Yalnız bundan sonra cərrah yaranı tikə bilər. Düzdür, sözügedən yad cisimlərin sayına tibb bacısı nəzarət etsə də, əsas məsuliyyət cərrahın üzərinə düşür. Buna görə də o, tibb bacısının da iştirakı ilə alətlərin və tamponların sayını dəqiqləşdirməlidir."